Məlahət İsmayılqızı: “MƏNİM SÜSƏNBƏR ANAM – MƏNİM XANIM ANAM”… 

       MƏNİM SÜSƏNBƏR ANAM – MƏNİM XANIM ANAM

               Bu soyuq fevral günlərini heç sevmədim…
Anamın xatirəsinə 

                               Bax necə pozulub ömrüm gülşəni
Həyat Sənsiz Mənə zindandır Ana !
S. Vurğun

   Bütün həyatını zəhmətlə- şərəflə yaşayan bir Ana-  Analar Anası, Xanımlar Xanımı- Mənim Süsənbər Anam !
Göyçədə yaşamış, bütün həyatını, ömrünü qeyrət və namusla, zəhmətlə başa vurmuş Göyçə tarixinin, eləcə də minillik Türk yurdlarını göz yaşları , həsrət- nisgillə başa vurmuş , eləcə də Vətən- Göyçə nisgili ilə də, Ocaq- Yurd sevgisi ilə də, həsrətlə tərk etsələr də yaşanan ömür şərəfli idi. Ulu Göyçənin dəyərlərindən bəhərlənən böyüklərə məhəbbət, kökünə minbir sevda ilə vurğun olan bu İlahi Yurdun İlahi İnsanları – Sizlər həyatınızı namus və qeyrətlə başa vurdunuz, Xatiriniz dünya durduqca daim yaddaşlarda, yazılan hər bir yeni kitablarda dönə- dönə xatirlabacaq.
CƏNNƏTİN QAPILARINI biz Ulu GÖYÇƏ-nin timsalında gördük yox, yaşadıq. Dünyanın İsveçrəsi idi bizim Mavigözlü Vətən!
İnsanlığınmı, yoxsa İnsanlarınmı ən gözəlini, ən şərəflisini  və həyatımın ən Böyük sevgisini itirdim 17 il öncə… 08. 02. 2007- həyatımızın ən acı günü.
Müqəddəs adınla, zəhmətkeş həyatınla , zəhmət dolu cəfalı Ana adınla , ən gözəl, ən təmiz, ən ülvi məhəbbətlə tərbiyə etdiniz bizləri. Adına ən gözəl şeirləri desəm belə, ən gözəl sözləri söyləsəm belə, ən ilahi duyğulardan çıxış etsəm belə, yenə də Sənin varlığınla, sənin ülviliyini, böyüklüyünü , bir elin- obanın Xanım Anası adınla ansam belə , səni tərənnümə çox azlıq edər. Lakin, Səni kim və nə əvəz edə bilər ?!. Mən Sənin ölməz adınla Sənin Eşqinə yazılar  yazdım, Mən Sənin Eşqinə şeirlər yazdım, mən hara, şeir hara… ama yazdım. ANA sən məni həm şair, həm də şeir etdin … Ən ülvi sevgim, həyatımın mənası elə bu gündə sizsiniz Mənim MaviGöz Əzizlərim, Mənim Mavi Vətənim, Mənim Ata- Anam !
Vaxtı ilə R. Rzanın bu şeir parçası necə də xoşuma gəlmişdi, məni necə də kövrəltmişdi :

                Mən Anamı tanıyıram,
min- min Ana içindən…
Ayaq basdığı torpağın qoxusundan,
Və qəlbimə hər an dolub- boşalan…
Onu itirmək qorxusundan…

 Vaxtılə, o zamanlar bu sadəcə Ana haqqında yazılan ən gözəl şerdi, həm də həqiqət, Əzizini itirmək qorxusu.
Sinədəftər idi Mənim Xanım Anam, mənim bənövşəli Anam, təkcə sinədəftərmi, yox, ürəyi böyük, qəlbi geniş, səxavətli,  mərdi- mərdanə.Haqqın, ədalətin tərəzisi idi mənim Anam, cəfakeş idi, fədakar idi, dünyanın özü ağırlığında  yükünü çiyinlərində daşıdı Mənim Süsənbər Anam ! Dözərdi, uzun ömür yaşaya bilərdi, ən əvvəl yurd- torpaq həsrəti qoymadı, sonra isə qardaşı Şükür Abbas oğlu Əhmədovun vaxtsız itkisinə dözmədi , qardaş itkisindən cəmi 18 gün sonra bu vəfasız, qeyllü- qallar dünyasına O Gözəl Mavi Gözlərini həmişəlik yumdu, yumdu ki, özündən sonrakı dünyanın çirkinliklərini görməsin. Yumdu ki, doğmalar arasındakı ögeylikləri , balıq cildinə girən ilanların meydan sulamalarını görməsin, şahid olmasın…
Gözəlim Ana, gedişinlə dəngil- divanlarımız pozuldu, başımız vuruldu, hönkürmək üçün çiyinlər axtardıq, nə gizlədim belə ağrılardan ağır itkini qaldırmaq iqtidarında deyildik. Ana itkisini, özü də Sənin kimi bir Ana itkisini qaldırmaq asan deyildi.
Barışmadıq bu gedişatla, sadəcə olaraq ayaqlaşmağa çalışdıq, sadəcə olaraq alışmağa çalışdıq, sadəcə olaraq yaşamağa çalışdıq.
Dədə Qorqud məzarlığına isə yollar uzanır- uzanır…Və hər dəfəsində Papamın məğrur baxışları ilə rastalaşıram, “ Mən yaşamaqdan heç bir zaman yorulmadım! Yaşamaq həmişə gözəldir, qızım”.deyən ağıllı və müdrik səsini eşidirəm. Mamam, ah mənim fədakar Anam , üzündən heç bir zaman əksilməyən bir təbəssümlə baxır:”Heç vecinə də alma qızım,  bu dünyanı”…  xırda adamların böyük kölgələri əmələ gəldi Ana.
Bu nahaqq dünyasını tərk etməyindən 17 il ötür artıq, 17 qocaman il… Və bu yollarda biz,  Sənin qızın, mənim ŞƏFƏQ bacımı da itirdik. Əvvəli şirin dünyanın axırı zəhrmar imiş- Məsmə Mamamın deyimlərindən. Səni, Papamı, Şəfəqi- Sizləri doğrudan-  doğruya “Kərəm kimi yana- yana” vəsf etdim…
Əziz Anam, Xan Anam, Şah Anam, Mənim Mavigöz Əzizlərim, Sizlər bizim üçün hər zaman altında istidən və soyuqdan qoruna bildiyimiz böyük və əzəmətli, ancaq yamyaşıl ağacsınız, o ağac ki, həmişə yamyaşıl qalacaq, həyat və yaşamın- gözəlliyin simvolu olacaq. Çünki, O Ağacın yaşıl çətirlərini Sən açmısan öz doğmalarını qorumaq üçün Ana. :

               Nəyimizə lazım ev- eşik bizim,
O yaşıl ağacın altı bizimdir – Z. Yaqub

   Mənim Mavigöz Əzizlərim, istər Atam İsmayıl Əliyev, istərsə Anam Süsənbər Xanım, Əzizim Şəfəq son günümədək mənimləsiniz. Və nə vaxtsa mən bu dünyanı tərk edəndə mənimlə bərabər Göyçəli dünyanı tərk edəcəksiniz. Ancaq səpdiyiniz ədalət və xeyirxahlıq toxumları hər zaman öz bəhrəsini verəcəkdir. Adlarınız yaxşılıq və xeyirxahlıq siyahısının ən uca yerlərindən birini fəth etmişdir. Çünki, Hörmüzlər hər zaman Əhrimənlərə qalib gəlmişdir. Mənim Süsənbər Anam deməli “Şər atdanıb, yerimiyib. Sadəcə geci- tezi var “…çünki, “bu elə bir tüstüdür ki, hamının bacasından çıxacaq “.  “GÖYDƏN NƏ YAĞMAYIB Kİ, YER QƏBUL ETMƏSİN- SÜSƏNBƏR XANIMIN məzar daşından “
Qeyd etdiyim kimi istər Süsənbər Xanım, istərsə də anası  Məsmə Mamam Göyçənin sinədəftərləri , Göyçə folklorunun daşıyıcıları idilər. Süsənbər Xanımın özünə aid olan şeir parçaları, bayatılar, hekayətlər, və zəngin el deyimləri vardı və O neçə illər idi ki, maraqlı bir aforizm, sözlər eşitdikdə tez qeyd edərdi. Əlbəttə ki, özü hər zaman arzu edərdi ki, Onun bu yaradıcı dünyası nəşr olunsun. Və biz bu Gözəl Anamızı itirdikdən sonra bu yazılar ilkin halında 2008- ci ildə “SÜSƏNBƏR ƏTRİ” adı ilə dərc olundu. Sonrakı illərdə, yəni  həm 2015-ci ildə “İTİRİLMİŞ CƏNNƏT, yaxud GÖYÇƏ RƏMZLƏRİ” və “GÖYÇƏNİN RƏMZİ GÖYÇƏ GÖLÜDÜR”  adlı kitablarda yenidən işlənmiş variantda təqdim olundu. Mamamın topladığı, bir çoxu özünəməxsus şeir parçaları, bayatılar, xüsusən Göyçəyə aid kitablarda yenidən işlənmiş halda geniş oxucu kütləsinə təqdim olundu. İgid ölər adı qalar deyimi nahaqqdan deyilməyib. Anamızın  nisgill- həsrət, Ata- Ana yanğılı bu yaradıcı dünyası  həm hörmətə layiqdir, həm də Göyçə ruhunun, öz nəsib soy- kökünün bu Xanım Anaya verdiyi böyük daşıyıcılıq çox təqdirəlayiqdir.
Bu günlər hər birimizin ruhlarının dolaşdığı, kökümüzün- kötüyümüzün qopmaz tellərlə bağlı olduğu O MaviGöz Vətən Süsənbər Xanımın dillər əzbəri idi, hərdən ruhumun Göyçədənmi, yoxsa gen daşıyıcısı kimi düşünərkən dərk etdim ki, həm Göyçə, həm Ata, həm də Süsənbər Xanım kimi bir Ananın övladı məhz belə də olmalı idi. Halal et Məni Göyçəm, Halal edin Ata- Ana, Mənə verdiyiniz Vətən adlı dəyər üçün!

          Bilmirəm o yerlərə necə gedim,
Heyifimi ermənidən necə alım ?..

           Bu sözlərim deyildir yalan,

Məndən Göyçəyə yetirin Salam… Süsənbər Xanım

  Onu da qeyd edim ki, “MƏNDƏN GÖYÇƏYƏ YETİRİN SALAM” adlı kitabımın adını  məhz Anamın deyimi ilə adlandırdım. RUHLARI  ŞAD OLSUN !

         Göyçənin meyvə bağları,
Yetişib alma- armudları,
Səni yığır erməni dığaları ,
Gəl ölmə innən belə… – Süsənbər xanım

Bu gün artıq bir nağıla, bir əfsanəyə dönən bir yurdun – bir diyarın neçə minilliklərdən boylanan Ulu Göyçənin folklor dünyası, baməzə, lətifəli, şivəli, arxaik deyimləri, atalar sözü, məsəllər, aşıq sənəti- şeirləri… Dədəm Qorquddan başlamış Ozan Heydər, Ozan Cəlil, Ozan İbrahim, Miskin Abdal, Ağ Açıq, Aşıq Alı- Dədə Ələsgər, sadalandıqca sadalanacaq , bitib – tükənməyəcək müəqəddəs bir yurdun İlahidən gələn Övliya ruhu, bini- bərəkəti.
Sən nələrə qadir deyildin Tanrı nurundan yaranan, müqəddəs sulardan Şəfəqlənən Gökcə dəngiz! Tanrı bu torpağı bizlərə bir ərmağan olaraq bəxş etmişdi. Tanrının, Allahın, Yaradanın bir bəxşişi, bir lütfü olaraq vermişdi , nədən qədrini bilmədin İnsan…
Mənim üçün ilkin mərhələdə Göyçə folkloru dedikdə üç- dörd yaşlarında olarkən Ana nənəmdən-Məsmə Mamamdan eşitdiyim, uzaq mnilliklərdən xəbər verən şeir parçaları, xırda nümunələr yaddaşıma əbədi həkk olunub. Mənim aləmimdə folkloru bizə ilkin olaraq ailəmiz və yaşadığımız Göyçə mühiti öyrətmişdir:

          Ədə a balam,
Mən qurbanam astananızın daşına,
Çevir məni Allahın başına,
Rəhm elə gözdən axan qanlı yaşıma,
Çevir məni mürvətdi başına !

 

 Yaxud Məsmə Mamamın mənim ona maraqla qulaq asdığımı görüb davam etdirdiyi daha bir nümunə də çox maraqlıdır : 

             Akoşkadan baxan yar,
Səndən başqa kimim var ?!.
Akoşkanın milləri,
Yerə düşüb gülləri…
Səndən gözəl yarmı var,
Ay aman, aman…

Bax bunlar idi bizlərin ilkin folklor dünyası. İncə bir məsələni də unutmayaq, məhz Göyçə folkloru elə Azərbaycan folkloru deməkdir. Bu yerlərin ilk folklor toplayıcısı kimi Anam SÜSƏNBƏR Xanımdan söz açmaq lazım,  Onun topladığı folklor nümunələridir atalar sözü, bayatılar, arxaik sözlər, zərb- məsəllər, nəsihətlər, bayatılar, mahnılar və s Göyçə folkloru olaraq ilkin toplanıb nizama salınmışdır. Yanılmıramsa, Göyçə mühitində sadə adamlar arasında ilk folklor toplayıcısı kimi bu Xanım Ananın əməyi, zəhməti əvəzsizdir. Orta məktəbi yüksək göstəricilərlə başa vursa da, böyük bir ailənin yükünü çəkərək ali təhsil almasa da, bu günkü çox ali təhsillilərdən daha üstün səviyyəyə,  dünyagörüşünə, böyük mənəviyyat aləminə malik idi Süsənbər Xanım. İnsanlığı, xeyirxahlığı aşıb- daşan səliqə- səhmanı, təmizkarlığı çox Ana- bacılara örnək olan bu Xanım Ananın qəlbi çox geniş idi. Göyçə mahalının sayılıb—seçilən, mərd, qoçaq bir kişinin, qeyrət sahibi, uzun illər Qərbi Azərbaycanda məsul vəzifələrdə çalışan Abbas Yusif oğlu Əhmədovun və Məsmə xanımın övladı olmuşdur.
Ziyalı mühitdə böyüyən bu Ana sonralar öz Ata- Anasına, öz Gözəllər Gözəli Göyçəsinə şeirlər yazacaq, folklor nümunələrini tolayacaqdı. : 

          İşim- işim iş olsun,
Göydə uçan quş olsun,
Məleykələr yoldaşım,
Hurilər bacım olsun !

  Əziz oxucu, məlum Süsənbər Xanımın yaradıcı dünyası belə folklordan- özü də Göyçə folklorundan qaynaqlanırdı. Onun öz şeirlərində Ata- Ana Ocağına məhəbbət, erməni gədalarına nifrət, doğma yurda bağlılıq , torpaq və yurd həsrəti yatır.
MƏNDƏN GÖYÇƏYƏ YETİRİN SALAM deyən SÜSƏNBƏR Xanımın  salamlarını bizlər yetirməliyik Vətənə !Təkcə salamınımı, yox dizlər üstə çökməli, hönkür- hönkür ağlamalıyıq… Bağışla bizləri Vətən deyə bilmək üçün !
Göyçə folklorunda adət- ənənələrlə bağlı insanların həyat və yaşamları , baməzə lətifələr , xalq ruhundan, yaddaşından qaynaqlanan hadisələr, hekayətlər bir qədər zarafatyana şəkilə salınaraq təkrar xalqa qaytarılmışdır. Məs. Məsmə Mamama xas bir zarafatyana deyim, “Ağa, günahına da Nərədüzdən bəri”… maraqlıdır deyilmi, əslində burada adlanan Nərədüz sözü Göyçə dəngiz ilə üzbəüz o biri toy, yəni yer adı nəzərdə tutulur. Adətən Nərədüzdən Göyçəyə dəvələrlə qonaq- qara çox gələrmiş, belə söyləyirlər.
Hər şey gözəl idi, dünya öz axarında, öz baxarındaydı, lakin günün birində məkrli, alçaq niyyətli düşmən bu gözəl obaları, dəngil- divanları pərən- pərən saldı, yerindən- yurdundan  perikdi Göyçə. Yağıya fürsət veridi. Elə bu yerdə Kərkük bayatısını xatırlamaya bilmirəm :

        Namərdi mərd edibsən,
Namərddən alçax fələk …

   Və zaman bu zamandır… Süsənbər Xanımın anası Məsmə xanım özü də müdrik bir El Anası Göyçə camaatı arasında qeyrətinə, mərdliyinə cəsurluğuna görə Ona Göyçənin Ərəbzəngisi adını vermişdilər. Bu xanımların heç birisinin həndəvərində haqsız, cahil, ədalətsiz bir hala, qəbahətə yol verilə bilməzdi. Nənəm Məsmə xanımın, bu müdrik el Anasının qəlbi, könlü bütün yaşamı folklorla, deyimlərlə bağlı idi. Günü bu günəcən Göyçə camaatı arasında onun işlətdiyi ifadələrdən, el deyimlərindən, baməzə əhvalatlardan insanlar istifadə edir. Məsmə Mamamın işlətdiyi bir ifadə çoxlarının yadındadır, “Ədə, a bala bəri gəl, sənə kişmiş verəcəyəm”Mənasını anladınız yəqin, əgər biri öz yerini bilməzdisə, işlətdiyi söz yerində deyidisə , deməli Məsmə xanım bu sözü işlətmişdi. Vəssalam, bu da Göyçək Göyçənin bir folklor ənənəsi idi. Elə bu yerdə bu hadisə ilə bağlı balaca bir haşiyə danışsam yerinə düşər… O vaxtlar dünyanın düz vaxtlarında , Göyçənin kefinin kök çağlarında , Ustad şairimiz Z. Yaqubun yönü Göyçəyə düşür, təsadüfən bizim Sədanağac- Güney kəndində Məsmə Mamamla rastlaşırlar. Məhz həmin vaxt Z. Yaquba dünya böyüklüyündə folklor aləmi bəxş edən bu Göyçə Ərəbzəngisinə şair heyran qalır. Deyimlər, sözlər və s. öz yerində , “Gəl sənə kişmiş verim”deyimi uzun illər şairin yaddaşından çıxmamış və Göyçə itkisini “GÖYÇƏ DƏRDİ” poemasında ürək yanğısı ilə vəsf etmişdir: 

         Məclislərin sirdaşı “İrəvan Çuxuru”ydu,
“Göyçəgülü “havası baxışların nuruydu!- Z. Yaqub 

   … Qabaqdadır hələ Göyçə səfəri- deyən böyük şairimiz

            Hanı Şah İsmayıl, hanı Qızılbaş,
Savaş istəyirəm, dəli bir savaş !- Z. Yaqub

  Və gözəl günlərin birində Müzəffər Sərkərdəmiz, Əbədi Prezidentimiz İlham Əliyev Cənablarının göstərişi ilə Azərbaycanın Qalib Ordusunun Kəlbəcərdən üzüaşağı Göyçəyə enəcəyi gün uzaqda deyil !
İndi hanı o Nənələr, hanı o Xanım Analar … Sizlərin yatdığı o torpaqlar nə yetirəcək…
Pis nəfəsdən, bəd nəzərdən yaman gözdən qorunmaq üçün Göyçə xanımlarının, həm nənəmin, həm də Süsənbər Xanımın üzərrik yandırmağı, dediyi sözlər yəqin ki, yadınızdadır :

       Üzərriksən həvasan, yaman dərdə dəvasan,
Üzərriyim çırtlasın, yaman gözlər pırtlasın…

       Çıxdım Ağrı dağına, dedim Səttar ağa,
Dedi nədi biçarə…
Dedim dərdimə bir çarə ?!.

Dedi qapının, qonşunun özündə
Bəd gözü olanın bu odda yansın çırta- çırta,
On iki İmamın Gül camalına –       Salavat

 Göyçə mahalında, məişətdə- insanlar arasında o cümlədən Məsmə Mamam, Süsənbər Xanım, Sehran xala, Qəndab Mamam, Fatma xala, Tellər xala, Tamaşa xala, Ofelya xala Qələm xala, Suğra xala, Nazlı xala, Şəhla xanım, Sayalı xala, Güllü xala, Nazxanım xala, Gülbahar xala və s. s. kimi xanımlar içərisində, ümumən isə camaatımız içərisində işlənən arxaik- qədimi sözlər vardı. Bu sözlər, deyimlər qədim Göyçə mahalının əski türk inanclı insanlarının etnoqrafiyasını, folklorunu, hətta tarixi məqam və məkanlarını ifadə etmək baxımından əvəzsiz nümunələrdir. Xanım Analarımız, Nənələrimiz minillərdir yol gələn, məişətdə – gündəlik həyatımızda işlənən bu deyimlər Əziz Vətənsevərlərə kitab halında təqdim olunsa da, yenidən və yenidən işləmək istəyi insanı tərk etmir. Çünki, Göyçə elə bir zənginlik ki, çözüldükcə çözülür, işlətdikcə, tükənmir, daha da durulur, daha da şəffaflaşır…
Toplanan bu qiymətli, əvəzsiz mənəvi sərvət – folklora məxsus deyimlərin sayı iki minədək, o cümlədən əlavə arxaik sözlər də geniş miqyasda əks olunmuşdur. : “Yağım yaxşı yağdır, hayıf ki, it dərisindədir”, “Çaqqal var gödən yırtır, qurdun adı beddamdır”, “Gözünü kim tökdü… Özümünkü”. Qeyd etdiyim kimi toplanan, qeydə alınan bu folklor, danışıq tərzi  deyimləri, baməzələr və bunlar hamısı Süsənbər Xanıma, Məsmə Mamama, bu və ya digər dərəcədə Göyçə- Qərbi Azərbaycana məxsus danışıq tərzi, məişətdə işlənən məsəllər, lətifələr və s. bu xanım tərəfindən toplanaraq ilkin variant kimi “SÜSƏNBƏR ƏTRİ”(2008) kitabında nəşr edilmişdir. Və bu kitab Əziz Anamızın itkisindən sonra ildönümündə nəşr edilmişdir.
Sinədəftər idi mənim Xanım Anam, mənim bənövşəli Anam ! Təkcə sinədəftərmi, yox ürəyi böyük, qəlbi geniş, səxavətli, mərdi- mərdanə. Haqqın, ədalətin, doğrunun tərəzisi idi mənim Xanım Anam, cəfakeş idi, fədakar idi, dünyanın özü ağırlığında yükünü çiyinlərində daşıdı. Dözərdi, uzun ömür yaşıya bilərdi, ama yaşamadı, ən əvvəl torpaq- yurd həsrəti qoymadı, sonra isə qardaş itkisinə dözə bilmədi. Cəmi 18 gün sonra bu qeyli- qallar dünyasına gözlərini həmişəlik yumdu, yumdu ki, get- gedə çirkinləşən dünyanın alver, alqı- satqı üzərində qurulan insan münasibətlərinə şahid olmasın.
Canım Ana, gedişinlə dəngil- divanlarımız dağıldı, hər çətinliyimiz olanda sənə qaçardıq, sənə söykənərdik… Qaldıra bilmək çətindir Əziz birisinin itkisini, barışmadıq bu ədalətsizliklə, sadəcə yaşamağa çalışdıq. Sadəcə… “Ədalət nədir, ağacları sulamaq, zülüm nədir- tikana su vermək- M. C. Rumi, təəssüflər ki, indi zaman gedişatı belə axır, tikanlara su verən zaman bu, bəlkə də bilərəkdən…
“Göydən nə yağmayıb ki, yer qəbul etməsin”- Süsənbər xanıma məxsus deyimlərdən, təbii yer yaxşını da, pisi də qəbul edri, lakin insan var evdən gedir, insan da var ELDƏN gedir.
Süsənbər Xanımın topladığı folklor nümunələrindən əlavə özünəməxsus şeirləri, bayatıları da yer almışdır bu nümunələrdə. Göyçə evlərində, lap elə Dərə kəndində, bizim Güney kəndində danışıq tərzinə arxaik sözlər, deyimlər, təbii bunlardan bir neçəsini təqdim yerinə düşər :

1.    Döşəmə əski siləndən atlaz olmaz.
2.    Anam bilsə mənə soğan lazımdı, tumanını satıb alar(diş çıxaran uşağın dilindən ).
3.    Axşam- sabah yalan deyil, Yeri- Göyü Yaradan Allah bvar.
4.    Acımış eşşək atdan yeyin gedər.
5.    Cəzdəyməcəliyi danışdır ki, sənə sədəmə toxunmasın.
6.    Pis iş görən gedir təp- təzə, görənə verirlər cəza.
7.    Mənə dəymiyən qurd min il yaşasın.
8.    Nə də pis burnu var, elə bil qılıncda canavar oturub.
9.    İtə umud olub hürümədim.
Eyni bu halda arxaik sözlərdən də misal gətirmək olar, Göyçə mühitində işlənən arxaik- əski sözlər eynən sırf türk köklü- köməclidir. Bəzən hətta bizdə işlədilən bu sözlərin indiki Türkiyədə – yəni türk kökənli xalqlarda görmək mümükündür. Məs. mustuq, hajat, balatı, Alaosmannı, Herqudu, ismarış, yığval, ityosunnu, çalası, yelin, xaral, peşxun, tənə, külfə, küt, mıx, oda, öy, soyuxlux, mayıf, eyilik, tasalanmaq, və s.
Əlbəttə bu sözləri, deyimləri toplayan Süsənbər Xanımın nəcib işi göz qabağındadır. Lakin Önun öz Ata- Anasına, kökünə- soyuna olan məhəbbəti, hörməti bu yeni nəsillər üçün örnək ola bilər Bu Gözəl Ananın öz Ata- Anasına həsr etdiyi şeir çox yəqin ki, çoxlarını düşündürməyə qabildir. Bu gözəl şeir parçasını verməklə həm Anaların ruhunu şad etmiş olarıq, həm də bir daha böyüklərimiz qarşısında börcumuz nəymiş deyə düşünməli. Yaşananlar mühakimə olunmur, ondan dərslər çıxarılır…

 

         HƏYATDA ATADAN- ANADAN şirin nə var…

          Həyəti Cənnətə bənzər,
Bağında bülbüllər gəzər,
Dörd oğlu olan Ana oğulsuz gəzər…
Atadan- Anadan şirin nə var ?!.

         Anam yoxdur, ora gedə bilmirəm,
Getsəm də, görməsəm də dözə bilmirəm…
Onlar gedəli Mən də xəstəyəm,
Atadan- Anadan şirin nə var ?!.

         Ata, Anamı bilirdim incə,
Onlarla gün keçirirdim həmişə,
Onlarsız o qapıya gedim nə işə ?!.
Ata- Anadan şirin nə var ?!.

         Dedim gedim qəbir üstə,
Gül qoyum dəstə- dəstə ,
Mən onlarsız olmuşam yaman xəstə,
Atadan – Anadan şirin nə var ?!.

        Anam mənə can deyərdi,
Atam həmişə dərman verərdi,
Hər gedəndə üzümə gülərdi…
Atadan- Anadan şirin nə var ?!

  Mənim müdrik Anam, doğurdan da Ata- Anadan gözəli olmur, yaxşısı olmur. Ata- Anasının, o yerlərin həsrətini çəkirdi, onların məzarlarının erməni tapdağında qalmasını qəbul edə bilmirdi. Torpaq, yurd həsrəti sonda səni də Atamız İsmayıl Əliyev kimi ermənilərə qənim olan Şəxsiyyəti də öz ağuşuna aldı. Ruhunuz Şad olsun.
Böyük zəhmət tələb edən, mənəviyyat aləmindən xəbər verən folklor dünyasının biliciləri kimi Göyçə Xanımları adlarınız şərəf və ləyaqətin , zəhmətin fədakarlığın simvolu kimi Azərbaycan- Göyçə tarixində yaşayacaqdır. Mənim Xanım Anam baxmayaraq ki, heç bir insititut qurtarmamışdı, ali təhsil almamışdı, ancaq çox- çox ali təhsillilərə örnək idi, istər ev- eşiyində, istərsə səliqə səhmanında, təmizkarlığında, istərsə də cəmiyyətə, həyata baxışda. Cahilliyin, cəhalətin düşməni idi, isində, mənəviyyatında dünyaya minbir maraqla baxan , ömür- gün yoldaşı İsmayıl Əliyev kimi həyatı, yaşamağı sevən, dünyaya nikbin baxışlarla baxan bir Ana idi mənim Mavigözlü Süsənbər Anam ! Sinəsi, qəlbi, folklorla, rəvayətlərlə, bayatılarla dolu bir Göyçə Xanımı. Xatiriniz dünyalar durduqca yaşayacaq Mənim Mavigöz Əzizlərim …

            Dərdini söylə dərd bilənlərə,
Dərd başına gələnlərə,
Hər sözü bizar eyləmə,
Hər üzünə gülənlərə…   Süsənbər Xanım

  Və yenə də üç nöqtə.  Lakin nə Mənim Atalı- Analı dünyam, nə də Ulu Göyçəm nöqtələrə tabe olan deyil, çünki bu elə bir sərvət ki, yazdıqca yazılacaq, bitib- tükənməyəcək. Çünki Ruhunu qutsal Göyçə torpağından və Halallıqdan alanlar tükənməz sərvətə bənzərlər.  

  Gəlin buna Tanrı hikməti deyək !

  Məlahət İsmayılqızı 14. 01. 2024 Bakı

 

 Bu da bir Göyçə hikməti, Bakıda ilk qar, lap elə Göyçəyə bənzər hal. Axı dedim,” bir şəm ki, həqdən yana əbədən sönməz” Ruzi- bərəkət, bu da bir hikmət !

  P. S.   Və 2007- 8 fevral, fevralın 8- i…

           Bu fevral günlərini heç sevmədim,
Həm soyuğa tabım yox,
Həm də ki…
Səni Məndən soyuq günlər aldı…
Səni məndən fevral aldı…

Axşam qaranlığı və Mənim Mavi Günəşim qüruba endi. Və “itib ləli- cəvahiri ömrümün”…
Tanrı Dağındakı Ruhlarınıza Selam Olsun !       

                                                                     

          MƏLAHƏT  İSMAYILQIZI

        Tədqiqatçı, publisist- yazar

        Yanvar, 2024.