“MƏDƏNİYYƏT BEŞİYİ – ŞUŞAMIZ!” – Cahid Əliyev

MƏDƏNİYYƏT BEŞİYİ – ŞUŞAMIZ!

1752-ci ildə Qarabağ hökmdarı Pənahəli xanın səyi nəticəsində Şuşamızın əsası qoyulmuşdur. Azərbaycanın dilbər güşələrindən biri olan Şuşa haqqında çox yazılıb, Xan Şuşinskinin səsini qoynunda saxlayan vüqarlı dağlarının əzəmətindən söz açılıb. Şərq ölkələrinin mədəniyyət mərkəzlərindən olan, milli memarlıq uslubu ilə seçilən, orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi adlandırılan mədəniyyətimizə , ədəbiyyatımıza , incənəsətimizə bəxş etdiyi tarixi şəxsiyyətləri ilə seçilən, muğanımızın beşiyi sayılan, Azərbaycan tarixinə Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Firudin bəy Köçərli, kimi şəxsiyyətlərimizi yetirən, Qarabağımızın mirvarisi olan Şuşa , şərqlilərə məxsus arxitekturası ilə də fərqlənir. Azərbaycanın alınmaz qalası, mədəniyyət məbədi olan bu qədim şəhər Pənahəli xandan bizə mirasdır. “Qarabağnamə” müəlliflərinin yazdıqları kimi tarixin müxtəlif dönəmlərində şahlara təslim olmayan Şuşa qalası aylarla mühasirədə saxlanılsa da bu diyarı fəth etmək heç kimə nəsib olmamışdır.Bu hissədə Qarabağ xanının vəziri,şairimiz Molla Pənah Vaqifi yad etmək istərdim: “Əgər məni qoruyan mənim tanıdığımdırsa, şüşəni daş içərisində də salamat saxlar”.

…Çar Rusiyası dövründə də bütün Qarabağın inzibati, iqtisadi mərkəzi olmuş, inkişaf etmiş bu şəhərin mənəvi pasportu olan Daşaltı dərəsi, Cıdır düzü, memarlıq inciləri Şuşanı qədim mədəniyyət mərkəzlərindən biri kimi tanıtmışdır. Hər biri əvəzsiz sənət nümunəsi olan Şuşa qalası Xurşudbanu Natəvanın, artilleriya generalı Mehmandarovun, şair -rəssam Mir Möhsün Nəvvabın ev muzeyləri, İbrahim xanın və onun qızı Qara Böyükxanımın qəsrləri, Gövhər ağa məscidi, əsas ticarət mərkəzi olan “Rastabazar”, memarlıq uslubu ilə inşa olunan digər tikililər şəhərə gələn qonaqları valeh etmişdir. “Şərqin konservatoriyası” adlanan bu şəhər Üzeyir Hacıbəyov, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Niyazi, Fikrət Əmirov kimi incəsənət xadimlərinin vətəni olmuşdur. Turşsu-mədən suyu ilə də məşhur olmuş, kurort kimi qonaqların ən çox dincəldiyi məkana çevrilmişdir. Xarı bülbülün vətəni sayılan Şuşa bütün gözəlliyi ilə fərqləndiyindən həmişə kimlərinsə göz dikdiyi məkana çevrilib.
1992-ci ilin mayında dövründəki Azərbaycan rəhbərliyinin qətiyyətsizliyi və hakimiyyət uğrunda mübarizə aparan AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa işğal edilib. AXC o vaxtkı hakim komandanı yıxıb hakimiyyətə gəlmək üçün Şuşa kimi alınmaz qalanı heç bir əməliyyat keçirmədən boşaldaraq düşmənə təslim edib.
Səriştəsiz kadrlardan formalaşmış AXC hakmiyyəti talançılığı dövlət siyasətinə çevirib, rüşvətxorluğu öz ideoloji prinsipi elan edib, satqınlığı, fərariliyi Azərbaycan xalqının tarixinə bir ləkə kimi yapışdırmışdır.

Bu gün dəfələrlə səslənən “Şuşa xəyanətin qurbanı oldu” sözləri təsadüfən deyilməyib. Yerli əhalinin dediklərindən aydın olur ki, mayın əvvəllərində şəhər sakinlərinin əhval-ruhiyyəsi də yaxşı olub. Belə ki Şuşanı tərk etmək barədə fikir belə yox idi.

Əsas problem silah çatışmazlığından ibarət idi. Yəni qeyri – bərabər döyüşdə könüllü batalyonlar şəhəri mətanətlə qoruyurdular. O günlərdə bütün Azərbaycan xalqı Şuşanın taleyi üçün narahatlıq keçirirdi. Hamı Şuşanın müdafiəsinə qalxmışdı. Belə ki, bəzi təxribat xarakterli “torpaqları qoyub qaçdılar, döyüşmədilər” sözlərin heç bir əsası yox idi. Ermənilərin, havadarları rus ordusunun artilleriyasının hücumlarının qarşısını alan könüllülər, yerli əhali düşmənə qarşı mərdliklə vuruşurdu. Səhvlər üzündən pərakəndə aparılan döyüşlər, yaranan hərc- mərclik Şuşanın müdafiəsini çətinləşdirirdi. Geniş auditoriya qarşısında çox əminliklə “Şuşa işğal olunsa tapança ilə özümü vuraram” deyən, o dövrdə layiq olmasa belə Azərbaycanın müdafiə naziri vəzifəsini icra edən şəxs zabit mətanətinə xilaf çıxaraq verdiyi vədini yerinə yetirməyə cəsarəti çatmadı.

Artıq 30 il idi ki, dağlarının başı qara buludlu, meşələri dumanlı olan Şuşada qürbətdə qalan, səsi kəsilən sarı bülbül kimi sirdaşı xarı bülbülün də böynu bükük idi. Şuşa şuşalılarsız qalmışdır. Cıdır düzü namərdlərin tapdağı altında idi. Erməni vandalizminin qurbanı olan, düşmən gülləsindən “yaralanan”, paytaxtda saxlanılan Bülbülün, Üzeyirin, Natəvanın heykəlləri doğma vətəninə qaydacağı günü gözləyirdi.

Nəhayət,möhtərəhəm Ali Baş Komandanımız və müzəffər ordumuzun qəhramanlığı,milli ruhu nəticəsində 2020-ci il noyabr ayının 8-i “Bülbüllər” diyarımız Şuşamıza qovuşduq.
Prezident cənab İlham Əliyev və ailəsi 2021-ci il yanvar ayının 14-ü qədim Şuşa şəhərinə səfər etdi. Səfər zamanı ziyarət edilən obyektlərin hamısı – Şuşa Realnı məktəbi, Gövhərağa, Saatlı məscidləri, Qazançı kilsəsi, Bülbülün ev muzeyi, Vaqifin türbəsi, Cıdır tarixi dəyər daşıyır, şəhərin tarixin bütün mərhələlərində Azərbaycan xalqına məxsusluğunu simvolizə edir. Milli ruhumuzun təcəssümü olan şəxsiyyətlərin, xüsusən Üzeyir bəyin büstünün Qafqazın incisi, mədəniyyətimizin beşiyi olan Şuşaya qaytarılması yeni milli mədəni intibahımızın rəmzi olacaq.

Yenə qonaqlı- qaralı Cıdır düzü igidlərin məskəninə çevriləcək. Doğmalarının nəfəsinə həsrət qalan xarı bülbül əsrarəngiz gözəlliyi ilə hamını valeh edəcək. Bu, dünya azərbaycanlılarının arzusu idi. Sözlərimi cənab prezident İlham Əliyevin sözləri ilə bitirmək istəyirəm:

“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!
Şuşa ayaqdadır, Şuşa sınmayıb, Şuşa əyilməyib! Mənfur düşmən nə qədər çalışsa da, Şuşanın simasını dəyişdirə bilməyib.”

– Bakı Dövlət Universiteti Tarix fakültəsinin I kurs tələbəsi Cahid Əliyev

Pressaz.az