Leyla Əliyeva Tovuz şəhidlərinə şeir yazdı
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva düşmənin Tovuz istiqamətində törətdiyi hərbi təxribat nəticəsində şəhid olan hərbiçilərə şeir yazıb.
Pressaz.az xəbər verir ki, L.Əliyeva bunla bağlı İnstaqram səhifəsində paylaşım edib.
Şeiri təqdim edirik:
Bomba partlayışı, avtomat səsi
Qan axır çay kimi iyul günləri
Güllələr önündə sipər olublar
Ana torpağımın mərd əsgərləri.
Döyüşə hazırdır hamı əzmlə
Bu günlər əbədi xatirə olar
Bircə kiçik oğlan gözündə yaşla
Atasın gözləyib, kədərlə ağlar.
Günəşi örtərək o inildəyər,
Çox şey unudular, tarixə dönər,
Fəqət ata artıq qayıdan deyil
Körpənin dərdini başqa kim bilər?
Analar ovcunda ürəyin sıxıb,
Oğlum haradadır deyib, ah çəkər!
Axı hələ dünən o bir körpəydi
Artıq o da yoxdur! Ah! Müharibə!
Düşməni susdurmaq çox uzun çəkməz
Vətəni uğrunda əsgər can verər!
Bircə körpə oğlan səbrin dəfn edib
Atanın gəlişin artıq gözləməz.
O dərdli uşağın göz yaşı üçün…
Bombalar səs-səsə veriblər yenə,
Vətənin bağrından qan axır indi.
Düşmən gülləsinə tuş olan əsgər,
Yaran qəlbin qədər dərin, dərindi.
Ağlayır bir ata itirmiş uşaq,
Ağlayır göylərdə Günəş də bu gün.
Ellikcə savaşa hazırıq, Vətən,
O dərdli uşağın göz yaşı üçün.
Bir gün qayıdacaq yerinə hər şey,
Bir gün sevinəcək bu yurd, bu ocaq…
Ancaq o atanın isti qucağı
Bir də o uşağa açılmayacaq.
Elimiz qələbə sorağı gözlər:
Gözləri yoldadı, qulağı səsdə.
Analar əlini qoyub and içir
Oğul itkisinin ağrısı üstə.
Gün gələr, o zəfər xəbəri gələr,
Öpər igidlərin başdaşlarını.
Ata nisgiliylə qovrulan uşaq
Dəfn eylər gözündə göz yaşlarını.
Pressaz.az