Könül Səssiz:”YUXU”… (Hekayə)

                       YUXU
                      ( hekayə)
Hər yeri duman bürümüşdü. Sanki göydəki bütün buludlar yerə enmişdilər… Ata! Ata! – oğlu Səddamın səsi lap yaxınlıqdan eşidilirdi. Ələddin kişi nə qədər ətrafa boylansa da oğlunu görə bilmirdi. “Ata, mən buradayam. Yaxın gəl”…Ələddin kişi səsə doğru getdi. “Ata, anam sənə əmanət! Ata!”… Ələddin kişi arxaya çevrildi. Səddam anasının əllərindən tutub dayanmışdı. O, anasının əllərini atasının əlləri ilə birləşdirərək səssizcə uzaqlaşdı. Ələddin kişi nə qədər əlini uzatsa da əli oğluna çatmırdı. Səddam dodağında xəfif gülüş, üzündə təbəssüm atasına baxırdı. Ələddin kişi oğluna toxunmaq ….”Oğlum hara gedirsən?”- demək istəyirdi. Ancaq nə yerindən tərpənə bilir, nə də səsi çıxırdı. Səddam onun bir addımlığında dayanmışdı. Ələddin kişi oğluna yaxınlaşdıqca, sanki ağ buludlar Səddamı ondan uzaquzaqlaşdırırdı… Əlini uzatsa da oğluna toxuna bilmirdi….Ürəyi parlayırdı az qalsın…”Allahım, Bu bir yuxudursa oyat məni! ” – deyə Ələddin kişi ürəyində Allaha yalvarırdı….
Qan-tər içində yuxudan ayılan Ələddin kişi – “Çox şükür, yuxu imiş ” desə də, ürəyinə bir xal düşdü. Oğlu Səddam Qarabağa döyüşə gedəndən yata bilmirdi. Qəribədir Səddam gedəndən ilk dəfə idi ki, belə bərk yuxuya getmişdi….”Yoxsa, bu yuxu bir işarədir!?… Yoxsa, Səddamım Şəhid olub!”… Ürəyinə sanki bir xəncər saplanmışdı. Acı bir ağrı sinəsini yandırır, qəhər onu boğurdu.
Ələddin kişi kimsəyə bir şey demədən evdən çıxdı. Oğluna zəng etmək, halını soruşmaq istəsə də əli gəlmirdi. Çox narahat idi. Gördüyü yuxu onsuzda qəlbi narahat atanın bütün hüzurunu qaçırmışdı. Axır özünü toplayıb əlləri əsə-əsə nömrəni yığdı. Səddamın telefonuna zəng çatmırdı…Yenə də Ələddin kişi ümidini itirmədi – “döyüş gedir, əlbət ona görə telefonu söndürüb”- fikirləşərək özünü sakitləşdirdi.

….Artıq iki gün idi ki, Səddamdan xəbər yox idi…Günlər keçir, oğlundan xəbər ala bilməyən atanın gəzmədiyi yer, döymədiyi qapı qalmamışdı…Hər səhər oğlunun sağ olduğunu eşitmək ümidi ilə gedir, lakin hələ heç bir xəbər ala bilməmişdi. Gözləməkdən yorulan Ələddin kişi axır dözməyib ön cəbhəyə getmək üçün oğlunun komandirinə yalvardı: Xahiş edirəm, icazə verin, özün gedim irəli, oğlumu axtarıb tapım!
Gözləri dolan zabit çarəsiz qalan atanı qucaqlayıb bağrına basıb dedi : “Atacan, söz verirəm ki, sabah sənə oğlundan bir xəbər gətirəcəyik. Bir dəstə əsgərlə Səddamın axtarışına əmr verilib.”
O gecə Ələddin kişinin gözünə yuxu getmədi. “Gərək mən də onlarla gedərdim! Birdən bu qədər əsgər oğlumu axtararkən onlar da şəhid olsa… Birdən onlara da bir şey olsa…Gərək özüm gedərdim! Oğlumu tək axtarardım!”…Ələddin kişi vicdan əzabından yanıb qovrulurdu. Bilmirdi oğlunun fikrini çəksin , yoxsa oğlunu axtarmağa gedən əsgər yoldaşlarının… Səhərə qədər özünü qınayıb danladı: “Allahım əgər bu əsgərlərə oğlumu axtaranda bir şey olsa nə edərəm! Bu ağır yükün altından necə qalxaram!Allahım Sən özün bu balaları qoru, ya Rəbbim! Ahh, Oğlum! Ahh, Səddamım!…Hardasan, igid balam?! Səni harada axtarım!? Haradan tapım!?”….

….Artıq bir ay idi ki, Səddamdan bir xəbər yox idi. Hər “Şəhid var, gəlin baxın” xəbərin alanda ürəyi titrəyə-titrəyə gedər baxar, oğlu olmadığını görəndə içində bir ümid işığı yanırdı Ələddin kişinin….”Bəlkə də Səddamım sağdır” – deyə düşünür, ancaq sevinə bilmirdi. Şəhidlər üçün qəlbi yanırdı. Hamısı gənc, igid oğullar! Hərəsi bir evin çırağı idi.
Səhəri dirigözlü açan Ələddin kişi hava işıqlanar – işıqlanmaz yola çıxdı. Qəti qərara gəlmişdi. O da oğlunu axtarmağa gedəcəkdi. Yolda ona zəng gəldi. Ələddin kişi telefonu açdı:
– Alo, eşidirəm, oğlum.
Zəng edən Səddamın zabit yoldaşı idi:
– Ələddin əmi, Cənab Ali Baş Komandanımız ” Atəşkəs” əmri verdi. Rahat ol, Sənə Səddamı gətirəcəyik!
Qəhərdən boğulan Ələddin kişi telefonda susub qaldı, göz yaşları ixtiyarsız axıb yaxasını isladırdı. Sükanın arxasında donub qalmışdı. Bilmirdi ağlasın, yoxsa sevinsin bu xəbərə. ” Allahım, Sən çox böyüksən, Sən duaları eşidənsən. Çox şükür, Allahım! Bu əsgər balaları heç nə olmayacaq! Səddamıma qovuşacam”…

      Payızın soyuq nəfəsi artıq insanı üşüdürdü. Sanki təbiət də Şəhidlərə yas saxlayır, göyün üzünü qara buludlar örtmüşdü.
Noyabr ayının 22-si Səddamın Şəhidlik zirvəsinə yüksəldiyi xəbəri gəldi. Şəhid Səddam oktyabrın 16-da Suqovuşan uğrunda gedən döyüşlərdə 30-dan çox erməni məhv edib. Yaralı əsgər yoldaşlarını və komandirini döyüş bölgəsindən çıxararkən şəhid olmuşdu.

…Bu xəbəri eşidən atanın sanki ayaqları yerdən üzüldü. Düzü üstdə yerə çökdü. Dünənə qədər içində oğlunun sağ olması ümidi yaşasa da, əslində onun Şəhid olduğunu çoxdan bilirdi…o yuxunu görən gündən…Yenə də ata ürəyi, oğlunun ölümünə inanmaq istəməmişdi…
Həyatın çox acı qanunları var! Bir zaman “Oğlum sağ-salamat gəlsin, qurban kəsəcəm!” – deyə niyyət edən ata, “Allahım, çox şükür oğlum tapıldı ” – deyib oğlu üçün niyyət etdiyi qurbanı kəsdi…

ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ETSİN! AMİN!

Şəhid Bayramov Səddam Ələddin oğlu 2002-ci ildə Beyləqan rayonunun Təzəkənd kəndində anadan olub. Cəbhəyə ailəsindən xəbərsiz gedib. Son 1 ayda itkin düşüb, valideynləri ondan xəbər ala bilməyib. Noyabrın 22-də isə şəhidlik zirvəsinə yüksəlmə xəbəri gəlib.
18 yaşlı Səddam oktyabrın 16-da Suqovuşan uğrunda gedən döyüşlərdə 30-dan çox erməni məhv edib. Yaralı əsgər yoldaşlarını və komandirini döyüş bölgəsindən çıxararkən şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bayramov Səddam Ələddin oğlu ölümündən sonra “Vətən uğrunda” medalı və “Cəsur döyüşçü” medalı ilə təltif edilib.

 

 Könül Səssiz- Pressaz.az