Könül Səssiz:”Haqqını halal et, Ata”!
HAQQINI HALAL ET, ATA!
Səsin qulağımda qalıb
Ürəyimi həsrət sarıb.
Ümidim sabaha qalıb
Yaman darıxıram, Ata.
Son zəngində gəl söylədin
Xəstəyəm, yatıram dedin.
Utandım, mən deyəmmədim
Ölürəm mən axı, Ata…
Ayrı saldı bizi zaman
Heç bizə vermədi aman.
Ayrılıq olurmuş yaman
Qəlbim qan ağlayır, Ata.
Bilirəm gözün yoldadır
Ürəyin intizardadır.
Bilsəydin qızın dardadır
Məndən inciməzdin, Ata.
Bilsən, necə darıxıram!?…
Həsrətlə yola baxıram.
Yuxumda yola çıxıram
Səni gözləyirəm, Ata….
Yəqin məndən incimisən
Məni unudub -demisən.
Axı sən hardan biləsən
Qızın dərddən xəstə, Ata…
Bu yataqdan qalxa bilsəm
Qaça-qaça sənə gəlsəm.
Boynuna sarılıb desəm
“Məni gəl, bağışla”-Ata!…
Səni görmədən mən ölsəm
Həsrətlə məzara girsəm
Əgər yanına gəlməsəm
Haqqını halal et, Ata!…
Könül Səssiz -Pressaz.az