Könül Səssiz : “Son on manat”…
SON ON MANAT…
Qızmar yay günəşi həmişəki kimi hər yeri yandırıb yaxırdı. Artıq bir saatdan çox idi ki, yaşlı,nurani bir qoca yolun kənarındakı səkinin üstündə oturub gözlərini bir nöqtəyə zilləyib baxırdı. Küçədəki insanlar sürətlə onun yanından keçib gedirdilər. Bəziləri görməzdən gələrək ötüb keçir, bəziləri isə dilənçi hesab edərək əlində tutduğu papağa pul atırdılar.
Kazım baba iki oğlunu bir maşın qəzasında itirmişdi. Kəndə qonaq gedən zaman avtomobil qəzasına düşmüşdülər. İki oğlu da vəfat etmişdi. Həyat yoldaşı Solmazla tək-tənha yaşayırdı Kazım baba. Bu illər ərzində bir-birinin yeganə təsəllisi olmuşdular. Uzun illər tarix müəllimi işləyən Kazım baba indi təqaüdçü idi. Kiçik, ikiotaqlı kasıb komasında ömür-gün yoldaşı ilə səssiz -səmirsiz bir həyat yaşayırdı. Son bir neçə ayda onun da əhvalı dəyişmiş, bir təşviş içərisində idi. Hər gün televizorda, küçədə eşitdiyi xəbərlər onu sarsıdırdı.”Korona” adlı bu görünməz düşmən onun da ürəyinə qorxu salmışdı…Yox-yox! Səhv başa düşməyin!…O, ölümdən yox…sevdiyi, dünyada yeganə həmdəmi, Solmazını itirməkdən qorxurdu. Həyat yoldaşı oğulları qəzaya düşəndən sonra şəkər xəstəliyinə tutulmuşdu. Vücudu çox zəif idi. Bu xəstəliyə dözə bilməzdi…
Kazım babanın qorxduğu başına gəldi. İki gündür ki, Solmaz nənənin qızdırması düşmür, arabir öskürür, şəkəri qalxırdı. Kazım baba nə qədər yalvar-yaxar etsə də Solmazını xəstəxanaya getməyə razı sala bilmirdi. “Heç nəyim yoxdur, ay kişi. Qorxma, “korona” deyiləm” deyib Solmaz nənə zarafata salıb onu fikrindən daşındırırdı. Əslində o da ürəyində çox qorxurdu, ancaq həyat yoldaşını incitmək istəmirdi. Üzdə danışıb gülsə də, Kazım babanın da içi qan ağlayırdı. Bir çətinə düşəndə həmişə qonşular köməyə gələr, lazım olsa onun üçün dükan-bazara, aptekə gedər, istədiyini alıb gətirirdilər. İndi vəziyyət tam başqa idi. Kazım baba kimsəyə bir söz deyə bilmirdi. Qorxurdu…əgər yoldaşı bu xəstəliyə tutulmuşdusa kiminsə yoluxmasını istəmirdi. Həm də bu gün bazar günü idi. Hər yerdə karantin elan olunmuşdu. Çölə çıxa bilməzdi. Gecə səhərə qədər yoldaşının başı üzərində dayanıb ona qulluq etdi. Sirkəli su ilə islanmış yaş dəsmalı alnına qoyub qızdırmasını salmağa çalışdı. Səhər açılar-açılmaz ayağa qalxdı. Pencəyinin cibindəki aldığı pensiyadan qalan son on manatı götürüb yaxındakı aptekə yollandı. İçəri girib asta səslə əczaçıdan soruşdu:
– Salam, qızım. Sizdə qrip üçün nə dərman var? Yoldaşım xəstədir. Qızdırması düşmür.
Satıcı qız qorxmuş kimi geri çəkilib salamı da almayıb acıqlı səslə dedi:
-Get təcili yardım cığır ay dayı, çıx çölə!
İçəridə olanlar çönüb ona baxdılar.
Kazım baba pərt halda çölə çıxıb iti addımlarla ordan uzaqlaşdı. Qızın sözləri ürəyini güllə kimi dəlib keçmişdi. Qayıdıb nə isə demək istədi. Amma yenə “lənət şeytana” deyib başqa aptekə yollandı. Evə tez qayıtmalı idi. Axı Solmazı evdə tək idi. Kazım baba özünü toplayıb başqa bir aptekə daxil oldu. Əczaçıya yaxınlaşıb dedi:
– Ay oğul, mənə məsləhətli bir qrip dərmanı ver. Həm qızdırmanı salsın, həm də soyuqdəyməni götürsün.
Oğlan : Baş üstə, əmican, bir dəqiqə gözləyin – deyib dərmanı gətirdi.
-Buyurun, bu ən yaxşı antibiotikdir. İndi hamı bundan alır, əmi.
Kazım baba sevincək dedi:
-Ay yaşa, mənim balam. Allah razı olsun. Nə qədər edir bu?
– 9 manat 60 qəpik.
Kazım baba əllərini cibinə saldı. Cibindəki son on manatı çıxarıb oğlana verdi. “40 qəpik qaldı…avtobusla getsəm çörək pulum qalmaz. Ayaqla da gec olaram. Əşşi, Solmazımın canı sağ olsun. Bir həftəyə pensiyamı alacam. O vaxta qədər çörəyi məhəllədəki Cabbar kişinin dükanından götürərəm.Təki Solmazım tez sağlasın.” Bu fikirlə üzündə təbəssüm dərmanı alıb oğlana dua edə-edə aptekdən çıxıb evə tələsdi.
Məhəlləyə çatanda ürəyi nədənsə narahatlıqla döyünməyə başladı. Görən Solmazı necə oldu?… Avtobusdan düşəndə həyəcandan qalıq 10 qəpiyi almağı belə unutdu. Əlindəki dərmanı bərk-bərk tutaraq evə tələsdi. Kazım babanın evi elə məhəllənin başında yolun kənarındakı ilk ev idi. Evə girib ayaqqabısını belə soyunmadan yoldaşına səsləndi : Solmaz, Solmazım mən gəldim. Sənə dərman aldım. Axşama sağalıb cavan qız kimi olacaqsan. Darıxma, hələ mən ölməmişəm ki, sənə bir şey olsun. Mənə söz vermisən məndən əvvəl ölə bilməzsən. Qız!… Niyə hay vermirsən? Yatmısan? Kazım baba həmişəki kimi zarafatla Solmazının kefini açmaq istədi. Otağa girəndə gülüşü dodağında, sözü boğazında qaldı…Solmaz gözlərində iki damla yaş, donuq baxışlarla divanda uzanıb ona baxırdı. Ömür – gün yoldaşı, bu həyatdakı tək sirdaşı, Solmazı onu əbədilik tərk etmişdi…
Kazım baba qışqırmaq istədi səsi çıxmadı…ağlamaq istədi…sanki göz yaşları qurumuşdu…içində bir fırtınalar qopdu ki…Əlindəki dərman yerə düşdü.
Ayaqlarından sanki daş asılmışdı. Yerindən tərpənə bilmirdi. Ayaqlarını sürüyə-sürüyə həyətə çıxdı. Məhəllədə heç kim yox idi. Kimisə köməyə çağırmağa gücü belə qalmamışdı Kazım babanın. Sanki qolları qırılıb yanına düşmüşdü. Asta addımlarla gedib küçədə səkinin kənarında oturdu…
…Həyatı bir kino lenti kimi gözünün önündən keçib getməyə başladı…
Könül Səssiz
Pressaz.az.