KÖNÜL SƏSSİZ: MƏNİ SEVİN…

“MƏNİ SEVİN”
(Gercək həyatdan götürülüb…)

…Gece saat ikinin yarısı idi…Hər kəs yatmışdı, Leyla isə yatağında dizlərini qucaqlayıb oturmuşdu. Ağlamaqdan şişmiş gözləri bir nöqtəyə zillənmişdi…Artıq heç nə düşünə bilmirdi..çox yorulmuşdu…
Bir zamanlar sevərək ailə qurduğu, birgə gözəl günlər keçirəcəyini düşündüyü insan ona həyatının ən böyük zərbəsini vurmuşdu.
….Ata-anasını vaxtsız itirmişdi Leyla. Həyat yoldaşı Əli qarşısına çıxanda bütün acılarını unutmuşdu. Çətin, acı xatirələrlə doli günlər geridə qaldı sanırdı…Hər şey çox gözəl idi….Ailənin istəkli gəlini…ətrafda yaxşı dostlar…
İlk dəfə ana olacağını biləndə nə qədər sevinmişdi. Həyat yoldaşı ata olacağı xəbərini alanda brilliant üzük hədiyyə etmişdi ona. ” Oğlum” olsa sənə qızıldan tac alacam deyib, qucağına alıb fırlanmışdı otaqda. Gülüş səslərinə valideynləri gəlmişdi, onlara qoşulub gülmüşdülər….sevinc dolu qəhqəhə səsləri pəncərədən ətrafa yayılmışdı.

Oğlunun dünyaya gəlməsinə hələ bir ay qalmışdı…qəfil sancı Leylanı yuxudan ayıltdı. Balaca Akif tələsirdi deyəsən anasına qovuşmağa. Leylanı həkimə apardılar…erkən doğum başlamışdı…Və Leyla ilk övladını, ilk göz ağrısını qucağına aldı. Hər şey çox gözəldi…Ta ki,…İki yaşına az qalmış Akifdə bəzi qəribəliklər hiss edənə qədər!..
“Bu uşaq niyə danışmır”, “yaxşı ana deyilsən”, “tərbiyəsizdir”, “yaramazdır”, “danışmır, ağılı kəmdir”, “bu nə uşaqdır doğmusan”, mənim uşağıma yaxın gəlmə”, “qızım onunla oynama”, ” anam deyir sən dəlisən, bizə gəlmə”, “anası nədir ki, balası nə olsun”… İllər keçdikcə bu sözlərin sayı çoxalmağa başladı. Səbəb…səbəb isə oğlunun autizm sindromlu uşaq olması idi. Heç kim onu anlamırdı. Artıq heç bir toya, məclisə getmirdi. Çoxdan idi qapısını “əziz dost”ları da açmırdı…

Bu sözlərdən dolub daşan Leyla üçün Əlinin söylədiyi sözlər son damla oldu…”anam düz deyir, sən yaxşı ana olsaydın öğlun xəstə olmazdı!” Bu sözləri deyib bir zamanlar başına qızıldan tac qoyan sevdiyi insan, onu öğlu ilə tək, baş-başa qoyub tərk etdi…

…Leyla yanında yatan oğlunun başını sığallayıb alnından öpdü, göz yaşları oğlunun üzünə yağış damcıları kimi damladı. Leyla düşündüyü işi görmək uçun fikrində qəti idi. Pıçıltıyla “Mən yaxşı ana deyiləm…öğlumun belə olmağının səbəbkarı mənəm…mənim yaşamağa haqqım yoxdur! Bağışla məni, oğlum!”…deyib, göz yaşları icində oğlundan ayrılıb ayağa qalxdı. Bayaqdan dolabın üstünə qoyduğu dərman qutusunu götürüb mətbəxə getmək istərkən öğlunun səsini eşidib durdu!…ayaqları yerə yapışdı sanki…ilk dəfə oğlu onu çağırdı…”An-na…an-na qor-xuram, get-mə! Səni çox se-vi-rəm!”…
…Ağlayarkən üzünə damlayan göz yaşlarından oyanan Akif anasının onu tərk edəcəyindən çox qorxmuşdu. Axı bu həyatda onu olduğu kimi sevən, qəbul edən yeganə insan O idi…
Leyla oğluna tərəf qaçıb onu bağrına basdı…Bu an onun həyatında yeni başlanğıc oldu!.. O yaşayacaqdı…oğlu üçün…balaca Akifi üçün…bu həyatda birgə addımlayacaqdılar və birgə mücadilə edəcəkdilər….Həyat çox gözəldir…başqalarının nə düşündüyü artıq onu maraqlandırmırdı…Leyla oğlunu çox sevirdi…
Oğlunu sevməyi ona heç kim qadağa edə bilməz və o mücadilə edəcəkdi onu sevməyənlərlə. Axı Akif də sevilmək istəyir… sevmək istəyir….məsum baxışları məni sevin deyir….və inanır…inanır ki, bir gün anası kimi başqaları da onu sevəcək…Əsl sevgi əngəl tanımır!…

 

Xusisi qayğıya ehtiyacı olan uşaqları sevək və bu gül balaların analarına dəstək olaq… Həyat paylaşdıqca gözəldir! – Könül Səssiz

 

Pressaz.az