KÖNÜL SƏSSİZ & AYNUR YASƏMƏN QARABAĞLI : EL QIZI
KÖNÜL SƏSSİZ
Gözlərin bir başqa baxır, qürurla
Duruşun vüqarlı bir dağ kimidir.
Səndə Natəvanın bir zərrəsi var
Əsl Qarabağlısan, sən, ay el qızı!
Yazdığın şeirlər qəlbinin səsi
Duyurur bizlərə həsrət nəğməsi.
Elindən uzaqda olsan da yenə
Torpağına bağlısan, sən, ay el qızı!
Həcər qeyrətlisən, əhdinə sadiq
Övladıyçün yanan fədakar ana.
Elə sevirsən ki, sevgindən inan
Mənə ilham gəlir yazım, el qızı!
Bu səssiz dünyama qonaq gələndən
İşığa bürünüb qaranlıq dünyam.
Könülün bu qərib dünyasına sən
Yasəmən qoxusu səpdin, el qızı!
AYNUR YASƏMƏN QARABAĞLI
Sübhün gözlərindən doğan günəştək,
Dostluğa bürüdün sən səmamızı.
Gəlişin təsadüf olsa da, bil ki,
Daim ürəyimdə yerin, el qızı.
Sevincin sevincim, kədərin dərdim,
Gəldiyin yollara ruhumu sərdim.
Ay bacı, elimdə ərəndim, ərdim,
Yamanca gödəlib dilim, el qızı.
Bir köçkün qızıyam, dərd yedi, bitdim,
Çox yollar addadım, cığirda itdim.
Kəndimdən başımı götürüb getdim,
İndidə çatmayır əlim, el qızı.
Bir cansız daş olub, qalmadım orda,
Get-gedə soyuyur, kül olur qor da.
Əsir ölülər də alışır gorda,
Bu dərddən bükülür belim, el qızı.
Yasəmən istər ki, gedə elinə,
Dərə çiçəklərdən, düzə telinə.
Düşmüşük amansız dərdin selinə,
O gündən yamandı halım, el qızı.
Pressaz.az