KÖNÜL SƏSSİZ: ANALAR AĞLAMASIN
Analar ağlamasın
Ey insanlar, siz biganə qalmayın
O, dünyaya bir də gələr sanmayın.
Nə qədər ki, varsız onu atmayın
Aman deyim, analar ağlamasın.
Çarəsizdir, küçədə yol süpürür
Onu görcək bağrım başı sökülür.
Nankor övlad nəyə baxıb öyünür
Aman deyim, analar ağlamasın.
Utanaraq ağac altda dayanır
Hər gəlib keçənin əlinə baxır.
Böyütdüyü oğlu villada yatır
Aman deyim, analar ağlamasın.
Dayanıb kədərlə yollara baxır
Pəncərəyə yağış yağır, qar yağır.
Bir gün qızım gələr deyə, inanır
Aman deyim , analar ağlamasın.
Qocalar evində tənha yaşayır
Həyat yoldaşını sevgiylə anır.
Keçmişi düşünüb xəyala dalır
Aman deyim, analar ağlamasın.
Tənha bir otaqda o, xəstə yatır
Açılan qapıya ümidlə baxır.
Gələn hər insanı övladı sanır
Aman deyim, analar ağlamasın
Cənnət onun ayaqları altdadır
Onun duaları bizi yaşadır.
Anaların sevgisi bir dəryadır
Aman deyim, analar ağlamasın
Öz ömrünü bizlərə fəda edən
Bizim üçün hətta canından keçən
Hər bir kəlməmizə ay can, söyləyən
Aman deyim, analar ağlamasın.