Könül Səssiz: “AĞ XALATLI MƏLƏK”- həkim, şair Solmaz Qəribelə həsr olunub -FOTOLAR
Bu gün gözəl insan, gözəl ana, vətənpərvər xanım, həkim- şair Solmaz Qəribelin ad günüdür. Pressaz.az kollektivi adından Solmaz xanımı təbrik edir, ona həyat və yaradıcılığında uğurlar arzulayırıq. Ad gününüz mübarək, Solmaz xanım!
Şair-publisist Könül Səssizin Solmaz Qəribelə həsr etdiyi “Ağ xalatlı mələk” adlı şeirini oxucularımıza təqdim edirik.
AĞ XALATLI MƏLƏK
Saf qəlbində vətən eşqi
Gözlərində yurd həsrəti
Dodağında can kəlməsi
Vətənlə alır nəfəsi.
Əyilməzdir o düşmənə
Qanında Həcər qeyrəti
Nigar kimi qürurludur.
Ürəyi çox mərhəmətli
Sədaqətli, səxavətli.
Uzaq düşmüş Vətənindən
Öz elindən…qərib eldə
Yaralı bir quş kimidir.
Qarabağın haqq səsidir!…
Harda olsa o, fəxr edər
Öz elini təmsil edər.
O Anadır!
Tomris kimi
Övladıyçün candan keçər.
Qartal kimi vuqarlıdır
Zirvələri o fəth edər.
Başı qarlı dağa bənzər!
Baxışları lal bulaqdır
Dərdini içində gizlər.
Natəvantək yazdıqları,
Şeirləri ruhu bəzər.
Bəzən axar çaya bənzər,
O görərsə haqsızlığı
Sel olub, yuyub aparar
Yola çıxan kolu -kosu.
Bir xeyirxah insan kimi
O əl tutar.
Ona uzanan əlləri
Bərk-bərk sıxar…
Heç buraxmaz.
O, həkimdir
Ağ xalatlı bir mələkdir!
Ona pənah gətirənlər
Şəfa tapar.
Üzündəki ilahi nur
Günəş kimi işıq saçar.
İnsanlığa bir yol açar!…
Pressaz.az