Keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün irimiqyaslı infrastruktur layihələr icra olunur.

2003-cü ilin oktyabr ayı tarixi seçim zamanı idi. Xalqın xilaskar lideri Ulu Öndər Heydər Əliyevin səhhətində yaranan problem ona uğurlu missiyasını davam etdirməyə imkan vermirdi. Bu səbəbdən də oktyabrın 1-də Ümummilli Lider onu sevən, yürütdüyü siyəsətə hər zaman dəstək verən xalqa müraciət edərək öz namizədliyini siyasi varisi cənab İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirdi.
Ulu Öndər xalqı layiqli varisi İlham Əliyevi dəstəkləməyə çağıraraq dedi ki, o, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir: “Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Əlbəttə ki, xalq ölkədə və dünyada baş verən prosesləri aydın görür və yaxşı bilirdi ki, Heydər Əliyev yolu nicat yoludur və bu siyasəti yalnız onun layiqli varisi davam etdirə bilər.
2003-cü il oktyabrın 15-də keçirilmiş seçkilərdə xalq öz seçimini etdi və seçicilərin 76 faizdən çoxu cənab İlham Əliyevə səs verərək onu özünə yeni rəhbər seçdi. Bununla da Azərbaycan xalqı Heydər Əliyevin siyasi kursuna səs verdi. Bu, siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımızın Ümummilli Liderə sevgisinin və inamının göstəricisi idi. Xalq bir daha sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır.
Bu, Böyük qayıdış olmaqla təkcə azərbaycanlıların Qarabağa deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlarına dönüşünü əhatə edəcək. İndi Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan bayrağını daha uca etməyə hədəflənib. Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq Qarabağ və Şərqi Zəngəzurun bərpası və inkişafını nəzərdə tutan Böyük qayıdış strategiyasının tükənməz aktuallığını təmin edir. Sözügedən strategiya yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin, ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Belə ki, layihələndirmə işlərində tətbiq olunan yeniliklərin bir çox dövlət üçün nümunəvi model kimi qəbul olunması və məsələ ilə bağlı səslənən beynəlxalq etiraflar qayıdış strategiyasının effektivliyi və perspektivliyi haqqında xəbər verir.
İkinci Qarabağ müharibəsi başa çatdıqdan bu günədək bərpa işlərinə Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il üçün planlaşdırılan minimum büdcə 2,4 milyard dollardır. Onu da xüsusi vurğulamaq yerinə düşər ki, bütün bu layihələri reallaşdırmaq üçün Azərbaycan heç bir maliyyə dəstəyi və ya maliyyə yardımı almır. Qüdrətli dövlət kimi yalnız öz iqtisadi imkanları hesabına işğaldan azad edilmiş torpaqlarımızda xariqələr yaradır.
Bu gün keçmiş məcburi köçkünlər öz yurdlarına qayıdırlar. Şuşada, Zəngilanda, Talışda, Füzulidə həyat yenidən qaynamağa başlayıb. İşğaldan azad edilmiş şəhər və rayonlarımızda, kəndlərimizdə bütün lazımi infrastrukturlar yaradılır, tarixi, mədəni-dini abidələrimiz bərpa edilir. Uzun illər düşmən tapdağında xarabalığa çevrilmiş torpaqlarımızda, məscidlərimizdə susdurulan müqəddəs azan səsi qalib Sərkərdənin rəhbərliyi sayəsində yenidən qurulan ibadət məbədlərində eşidilir. Əlbəttə ki, bütün bu proseslərin reallaşmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əvəzsiz xidmətləri var. Torpaqlarımız işğaldan azad edildikdən sonra erməni barbarlarının darmadağın etdikləri, tarixdən silmək istədikləri bütün abidələrimiz bu fond tərəfindən yenidən bərpa edilir. İndiyədək Şuşada, Ağdamda, Zəngilanda və digər işğaldan azad edilmiş ərazilərimizdə məscidlərimiz, tarixi-dini və mədəni abidələrimiz yenidən tam bərpa edilir.
Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzura hər səfərində tikintisi başa çatan abidələrimizi ziyarət edir, bərpa-quruculuq işləri davam edən tarixi-memarlıq, mədəni-dini abidələrimizdə görülən işlərlə tanış olub öz tapşırıq və tövsiyələrini verir.
Bir sözlə, Qarabağ və Şərqi Zəngəzuru “Dəmir yumruq”la azad edən Müzəffər Ali Baş Komandan bu gün tarixi şəhər və rayonlarımızı, kəndlərimizi “dəmir iradə” ilə yenidən qurur, keçmiş məcburi köçkünlərimizin tezliklə doğma yurdlarına tam qayıtmaları üçün qətiyyətli addımlar atır.

Niyaməddin Əsgərov

Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini.