Kəlbəcərin işğalından 26 il ötür
Bu gün, aprelin 2-də Kəlbəcər rayonunun işğalından 26 il keçir. Kəlbəcər rayonunu 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri işğal edib.
Həmin hadisələr zamanı 511 dinc sakinin öldürüldüyü, 321 nəfərin isə əsir götürülüb və ya itkin düşdüyü açıqlanıb. Ümumilikdə 60 minə yaxın rayon sakini didərgin salınıb.
BMT Təhlükəsizlik Şurası Kəlbəcərin işğalı ilə bağlı 822 saylı qətnamə qəbul edib. Qətnamədə işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın son dövrlərdə işğal olunmuş başqa ərazilərindən dərhal çıxarılması tələb olunub. Ancaq bu və sonradan Azərbaycanın əlavə ərazilərinin işğalı ilə bağlı qəbul edilən başqa qətnamələr indiyə kimi yerinə yetirilməyib.
Ermənistanın Azərbaycana ərazi iddiaları ilə bağlı 1988-ci ildə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.
İşğal altında qalmış Kəlbəcər rayonunun təbii sərvətləri 26 ildir ki, talan edilir. Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları ermənilər tərəfindən qanunsuz şəkildə istismar edilir;
Kəlbəcərə dünya şöhrəti qazandırmış Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları da işğal ərazisində yerləşir.
Kəlbəcər rayonunun qiymətli ağac növləri 26 ildir ermənilər tərəfindən qırılaraq Ermənistana aparılır.
Pressaz.az