İsmayıl Yunuszadə: “Vətən oğullarının el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü bariz şəkildə göstərdi” – FOTO
27 sentyabr – Anım Günüdür!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə hər il 27 sentyabr Anım Günü kimi qeyd ediləcək və gələcək bütün tariximizdə daim yaşayacaq. 44 günlük müharibə nəticəsində Azərbaycan dövləti niyyətinə nail oldu. Qəhrəman Azərbaycan əsgərlərinin, gizir və zabitlərinin şücaəti sayəsində düşmən yenildi. Vətən torpağı heç bir zaman ölməyəcək. Millətimiz və dövlətimiz əbədi mövcud olduqca yaşayacaq. Azərbaycan Respublikası, ordusu və xalqı bu müharibədən qalib çıxdı. Ermənistan hərb meydanında rüsvayçı məğlub edildi. Dünyanın 50 qabaqcıl ölkəsinin orduları cərgəsində yer tutan Azərbaycan Ordusu “yenilməz Ermənistan ordusu” mifini darmadağın etdi. Bu gün Ermənistan ordusu artıq demək olar ki, yoxdur. Gəbərənləri döyüş meydanında qaldı, 10 mindən yuxarı əsgər və zabit isə fərarilik edərək qaçıb getdi. Azərbaycan Ordusu düşmənin külli miqdarda döyüş texnikası və sursatını qənimət olaraq ələ keçirməklə təkcə İrəvanı deyil, illər boyu Ermənistanı silahlandıranların da ümidlərini darmadağın etdi.
44 günlük Vətən müharibəsi dövründə ölkə başçımız bütün siyasi təzyiqlərə və təhdidlərə də sinə gərməyi bacardı. Prezident İlham Əliyev prinsipiallıq, yenilməz iradə nümayiş etdirərək Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə etdi, məqsədyönlü, ardıcıl siyasət apardı və bütün bunların nəticəsi olaraq tarixi qələbə qazanıldı.
44 günlük müharibə Azərbaycan torpaqlarının 30 il davam edən və bir milyondan çox azərbaycanlının iztirabına, şəhər və kəndlərimizin tamamilə dağıdılmasına gətirib çıxaran işğalına son qoydu.
Minilliklər tariximizdə Prezident İlham Əliyev bir çox ilklərə imza atdığı kimi, bu savaşda da bir ilk yaratdı. Son bir neçə yüzilliklər tariximizdə ilk dəfə olaraq işğal altında olan torpaqlar güclü ordu sayəsində azad edildi. Qazandığı qələbə ilə Prezident İlham Əliyev Azərbaycan xalqını məğlub xalqdan qalib xalqa çevirdi. Milli-mənəvi birliyimiz, Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi. Bu oğullar öz xalqının əsrlərin sınağından çıxmış milli xüsusiyyətlərinin mahir daşıyıcılarıdır, onların igidlik nümunələrində xalqın, millətin köklü duyğuları yaşayır. Milli mentalitetimiz, milli ləyaqətimiz məhz xalqın qiymətli potensialı olan belə oğulların çiyinlərində yüksəlir.
Bu gün torpaqlarımızı erməni tapdağından azad edərkən şəhid olmuş igid oğullarımızı hörmətlə anır, onlara Allahdan rəhmət diləyirik!
İsmayıl Yunuszadə
Gədəbəy rayon Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Üzvü
Pressaz.az