İqtidar partiyasının hakimiyyətdə olduğu son 20 ildə ölkənin sosial-iqtisadi sahəsində əldə edilən nailiyyətlər.

İqtidar partiyasının hakimiyyətdə olduğu son 20 ildə ölkənin sosial-iqtisadi sahəsində əldə edilən nailiyyətlər.

Cənubi Qafqazın ən boyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının təsis olunmasından otuz bir il ötür. 31 il öncə yaradılmış Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin siyasi irsinin institusional təcəssümüdür. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirib, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəldib. Xalqın istəyini nəzərə alaraq Ulu Öndərə müraciət edən məşhur “91-lər”in müraciətinə cavabında Ulu Öndər Heydər Əliyev deyib: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”. Ümummilli Liderimizin hələ 31 il öncə Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında oyanayacağı rolu böyük uzaq görənliklə qiymətləndirib. YAP-ın Azərbaycanın davamlı, dinamik inkişafındakı mühüm yeri və rolu Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. 2003-cü ildən bu inkişaf Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə ləyaqətlə davam etdirilərək Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilmişdir.
Hər kəsə məlumdur ki, Heydər Əliyevin respublikamızda siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan vətəndaş müharibəsindən xilas oldu, atəşkəs haqqında saziş imzalandı, əks halda, həmin vaxtlarda Azərbaycana sərmayə gətirmək, investorları sərmayə qoymaq üçün həvəsləndirmək, onları inandırmaq həddindən artıq çətin, demək olar ki, mümkünsüz bir məsələ olardı. Ancaq bütün bunlara baxmayaraq, ulu öndər 1994-cü ilin sentyabr ayında Azərbaycanın müstəqillik tarixində mühüm əhəmiyyəti olan “Əsrin müqaviləsi” kimi bir müqavilənin imzalanmasına nail oldu. Azərbaycan neftinin dünya bazarlarına çıxmasında gərgin əməyi olan Heydər Əliyev Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlini də öz əlləri ilə qoymuşdur. Bundan sonra, Azərbaycanı dünyada böyük qaz potensialına malik olan bir dövlət kimi tanıdan “Şahdəniz” layihəsinin reallaşması da bu dahi şəxsiyyətin xidməti idi.
Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş fundamental iqtisadi islahatlar sayəsində sürətlə qüdrətlənən Azərbaycanda paralel olaraq digər sahələrdə, o cümlədən hüquq sahəsində də əsaslı islahatların aparılmasına zəmin yarandı.
Tarixi proseslərin təhlili və müxtəlif dövrlərin təcrübəsi belə qənaətə gəlməyə əsas verir ki, varislik prinsipinə riayət edilmədən xalqın rifahına xidmət edən ideyalar məcmusunun reallaşmasının və dinamik inkişafının davamlı xarakter alması mümkün deyil. Belə ki, bu halda mövcud olan mütərəqqi ideyalar aşınmalara məruz qalaraq məhvə məhkum ola bilər. Buna görə də, müdrik və uzaqgörən, xalqa, cəmiyyətə xidmət edən ideyaların sivil qaydada, demokratik prinsiplər əsasında ötürülməsi cəmiyyətin inkişafı üçün çox vacib amildir.
Bu gün YAP beynəlxalq tendensiyaları nəzərə alan adekvat inkişafı təcəssüm etdirir. Güc faktoru beynəlxalq münasibətlər sistemində öz aktuallığını qoruyub saxladığı üçün YAP hakim partiya olaraq öz siyasətini adekvat olaraq qurur. Dövlətin siyasi prioritetləri və beynəlxalq əməkdaşlıq vektoru milli maraqlar əsasında müəyyən olunur. Beynəlxalq müstəvidə fəal mövqe və qlobal təşəbbüslər Azərbaycana çoxlu sayda tərəfdaş qazandırıb.
Cənubi Qafqazın ən böyük və nüfuzlu siyasi partiyası səviyyəsinə qədər inkişaf etmiş YAP-ın olması dövlətimizin və xalqımızın uğurudur. Prezident İlham Əliyevin YAP-ın VII qurultayında çıxışında səsləndirdiyi kimi, “Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq”.
Bu gün əminliklə deyə bilərik ki, YAP cəmiyyətin aparıcı qüvvəsinə çevrilib. Bəli, Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi.

Niyaməddin Əsgərov

Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini.