Insanların ayrılmaz dostu olan həkimlər daim bəşərin keşiyində dayanmışlar
Həkimlik sənəti dövri-qədimdən şərəfli sənət olmuşdur, hörmətli sənət olmuşdur. Həkimlik sənəti indi də ən şərəfli, ən hörmətli sənətlərdən biridir. Mən hesab edirəm ki, dünyada heç bir sənət tapa bilməzsən ki, o, həkimlik kimi hər bir insana lazım olsun. Insanların ayrılmaz dostu olan həkimlər daim bəşərin keşiyində dayanmışlar. Öz sənətini sevən, ona dərindən yiyələnən təcrübəli həkimlərimiz xalq arasında həmişə nüfuz, hörmət sahibi olublar, Belə həkimlərimizin fədakarlılığı ilə hər gün neçə-neçə insan həyata qayıdır.
Əhalinin sağlamlığının keşiyində daim vicdanla, şərəflə duran, onlara canla-başla xidmət edən bacarıqlı həkimlər çoxdur. Belə həkimlərdən biri də Azərbaycan Respublikası Mir Qasımov adına Klinik xəstəxananın Allerqologiya şöbəsinin müdiri həkim allerqoloq Reyhan Paşayevadır.
Reyhan həkim öz işini sevir,daim öz üzərində çalışır. Çoxlu mütaliə edir, müasir tibbi biliklərə yiyələnir.Yeni müalicə üsullarını bacarıqla tətbiq etməyə çalışır. Həmişə də narahatdır, harasa tələsir. Tələsir ki, xəstələrin imdadına tez çatsın, insanların itirilmiş sağlamlığını, həyat ritmini daha tez bərpa etsin. Onun kabinetinin qarşısında xəstələr həddindən artıq çox olur. Çünki bu xəstələr təkcə Bakıdan yox, Azərbaycanın bütün bölgələrindən gələn xəstələrdir. Onların hamısı Reyhan həkimi deyib gəlirlər. Çünki bu insan öz işinin yüksək mütəxəsisi olmaqla, çox mehriban, diqqətcil həkimdir. Onun apardığı müalicə və müayinənin dəqiq olduğu üçün ona müraciət edirlər.
Reyhan həkim öz davranışı, təfəkkürü, dünyagörüşü ilə başqalarından fərqlənir, özünə inam yaratmağı bacarır. Onun xoş sözü, mehribanlığı, qayğıkeşliyi xəstələrin vəziyyətinə, bir qayda olaraq, müsbət təsir göstərir. Həkimə inam hissi olmadıqda xəstənin müalicəsi də bəzən səmərəsiz olur. Xəstəlırini müayinə və müalicə edərkən bu prinsipi həmişə rəhbər tutan Reyhan həkim hər kəsə xüsusi qayğı ilə yanaşır, onlarla səmimi söhbət edir. Elə ünsiyyət yaradır ki, xəstələr özlərini sərbəst hiss edirlər və narahatlıqlarını onunla bölüşürlər. Reyhan həkimin qayğısı, səmimiyyəti də bir müalicə vasitəsidir.
Hamımızın gələcək sağlamlığımızın qeydinə qalmağı özünə vəzifə edən, bu şərəfli peşə sahibi barəsində nə qədər xoş sözlər, gözəl ifadələr işlətsəm yenə də az olar. Çünki Reyhan həkim həyatdakı ən vacib, ən dəyərli nemət olan can sağlığı kimi gözəl hədiyyəni bizlərə bəxş edir. Bir sözlə dünyada ən nəcib ürəkli, ən saf duyğulu insandır. Əsil həkim allahın xeyir duasını almış mələkdir, xilaskardır.
Könül Səssiz
Pressaz.az