İmtahan nəticəsini ad günündə öyrənən ölkə birincisi: İki universitet arasında qalmışam
89 saylı tam orta məktəbin məzunu Eldar Mansurov 2-ci qrup üzrə qəbul imtahanında 388.3 bal toplamaqla qrupu üzrə ən yüksək nəticəni göstərib.
Onun ümumi imtahan balı 667 olub.
Ölkə birincisi imtahan haqda təəssüratlarını Teleqraf-la bölüşüb.
Onun sözlərinə görə, imtahan nəticəsini doğum günündə öyrənib və birincilik ona sürpriz olub: “Yüksək bal toplayacağıma əmin idim, sadəcə qrup üzrə ölkə birincisi olmaq mənə sürpriz oldu. Nəticələr doğum günümdə çıxdı, bu da mənim üçün əsl hədiyədir”.
E.Mansurov itirdiyi balları texniki səhvlərlə əlaqələndirdi: “Qəbul imtahanında itirdiyim ballar coğrafiya və riyaziyyatdan oldu. Texniki səhvlər etmişəm. Tarix fənnindən isə bütün sualları düzgün cavablandırmışam, maksimal bal toplamışam”.
Ölkə birincisi imtahanın asan olmadığını, amma sualların proqrama uyğun olduğunu qeyd etdi. Onun sözlərinə görə, test sualları açıq suallardan düşündürücü olub.
Eldar Mansurov deyir ki, seçim üçün iki universitet arasında qalıb: “Hazırda BANM və ADA universitetləri arasında seçim qarşısında qalmışam. İxtisas olaraq maaliyyəni seçmək fikrindəyəm”