İlham Əliyev: “Mənim anam əsl alim idi”. – FOTO

Prezident İlham Əliyev Zərifə xanım Əliyeva haqqında:
“Mənim anam əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir.”
Tanrının dünyaya göndərdiyi seçilmiş və xoşbəxt insanlardan olan akademik Zərifə Əziz qızı Əliyeva haqqında oğlu, Prezident İlham Əliyevin kövrək hisslərlə dilə gətirdiyi fikirlərində olduğu kimi, bu zərif xüsusiyyətli qadın əsl alim ömrü yaşamış, həyatını peşəsinin sirlərini dərindən öyrənməyə həsr etmişdi, amma onun yaşam fəlsəfəsinin əsasını, heç şübhəsiz, yurduna, torpağına bağlılıq, vətəndaşlıq mövqeyi təşkil edirdi.
Humanizmi, mərhəməti, şəfqəti daim həyat bələdçisi sayan, usanmadan insanlara kömək əli uzadan, zülmət dünyalara nur bəxş edən Zərifə xanım heyrətamiz əzmlə bu qədər çətin və məsuliyyətli işlərin öhdəsindən mükəmməl şəkildə gəlirdi. Zərif çiyinlərində bir qadın, həyat yoldaşı, həkim, alim, ictimai xadim məsuliyyətini şərəflə daşımağı bacaran bu nəcib azərbaycanlı xanım həm də qayğıkeş ana idi. Zərifə xanım əsilzadə bir ailənin üzvü olmasından, karyerasında fəth etdiyi zirvələrdən, ən ümdəsi dövlətə rəhbərlik edən Heydər Əliyev kimi bir şəxsiyyətin həyat yoldaşı, yəni ölkənin birinci xanımı olmaq kimi yüksək statusundan asılı olmayaraq, evində sadəcə uşaqlarının qayğıkeş və tələbkar anası idi. Həm də bu kübar qadın təkcə övladlarına qayğı göstərməklə kifayətlənmir, onlara əsl vətənpərvərlik hisslərini aşılayır, Azərbaycanın layiqli övladları kimi tərbiyə edirdi. Hər zaman xalqının xoşbəxtliyini tükənməz sərvəti sanan Zərifə xanım bir vətəndaş kimi bu xalqa ən böyük töhfəsinin də məhz gələcəkdə vətəninə can-başla xidmət edəcək övladlar yetişdirmək olduğunu bilirdi. Necə ki Zərifə xanımın özünü ailəsi vaxtikən belə vətənpərvər yetişdirmişdi.
Azərbaycanda olduğu kimi, onun hüdudlarından kənarda da tanınmış ziyalı nəslin layiqli davamçısı, sədaqətli ömür-gün yoldaşı, qayğıkeş ana, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş görkəmli oftalmoloq alim və xeyirxah insan kimi şərəfli bir ömür yaşamış Zərifə xanımın hayatının hər bir anı mənəvi kamillik və müdriklik məktəbidir: “Geniş dünyagörüşü, fitri istedadı və intellekti ilə seçilmiş bu böyük insan ömrünü zərrə-zərrə ailəsinin, övladlarının və xalqının gələcəyi üçün şam kimi əritmiş, insanlara sevgisi, geniş dünyagörüşü və dərin bilikləri sayəsində böyük uğurlara imza atmışdır. Oftalmologiya elminin korifeyinin zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, əldə etdiyi mühüm nailiyyətlər, bunların əsasında yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir. Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Z.Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilib. Akademik Z.Əliyeva ömrü boyu böyük ictimai iş aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olub. O, həm də “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü idi. Z.Əliyeva bir sıra orden və medallara layiq görülmüş, Azərbaycanın Əməkdar elm xadimi fəxri adını alıb”.
elmi fəaliyyəti ilə yanaşı, Zərifə xanım eyni zamanda qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olub: “Bu ocaqda iki övlad böyüyüb. Onlar ata-anasına layiq, qəlblərində daim Azərbaycan sevgisi yaşadan, vətənimizin qüruru sayılan övladlardır. Zərifə xanım Əliyevanın adı Azərbaycanda fəxrlə, sonsuz qürur hissi ilə çəkilir. Ölkəmizdə ana adının ucalığı, ömür-gün yoldaşının sədaqəti, həkimliyin müqəddəsliyi onun adı ilə əbədiləşir. Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm ramzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq və qəlblərdə yaşayacaqdır. Cənab Prezident İlham Əliyev Zərifə xanım Əliyeva haqqında xatirələrini bölüşərkən deyib: “Mənim anam əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir.” Zərifə xanım Əliyevanın Azərbaycan elminin, təbabətinin inkişafı üçün göstərdiyi misilsiz xidmətlər, ömür-gün yoldaşı Ulu Öndər Heydər Əliyevə sədaqəti, ana adının ucalığının müqəddəsliyi onu Azərbaycan xalqının qəlbində və yaddaşında əbədiləşdirib”.
Ana kimi övladlarını Vətənə məhəbbət ruhunda böyütmüş, Azərbaycan xalqını dünyada tanıdan, adı məşhur liderlərlə qoşa çəkilən Prezident İlham Əliyev kimi lideri xalqımıza bəxş edən Zərifə xanım ən səmimi sözlərə, hörmətə layiq Azərbaycan qadını kimi ölkəmizdən kənarlarda belə ad–san qazanıb. Məsul vəzifələrdə çalışan Ulu Öndər Heydər Əliyevə layiq həyat yoldaşı olmaq, onunla çiyin-çiyinə addımlamaq üçün ən azı onun yüksəldiyi zirvənin yarısını qət etmək bacarığına malik olmaq lazım idi. Zərifə xanım davranışı, səmimiyyəti, qayğıkeşliyi ilə bu zirvəni də fəth etdi. Zərifə xanım dəyanəti ilə Şərq qadınlarına məxsus keyfiyyətləri şəxsində birləşdirən ömür-gün yoldaşı olduğunu sədaqətilə bildirib. Bu cür qiymətləndirmə bir ana, həyat yoldaşı kimi Zərifə xanıma verilən dəyərdir.

Niyaməddin Əsgərov

Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini.