İdris Babayev:”GÖZLƏMƏ YOLUMU, GÖZLƏMƏ ANA”… – VİDEO

GÖZLƏMƏ YOLUMU, GÖZLƏMƏ ANA

Bəxtimə düşəcək təpə, ya dərə,
Taleyim bir tükdən qalıb astana,
Mən gələ bilmədim sən gedən yerə,
Yay günü düşmüşəm sisə, dumana,
Gözləmə yolumu, gözləmə , ana.

Sən görən dünyadan qalmayıb əsər,
Pis gündə yaşayır gördüyün bəşər.
Burda vaxtım azdır, bu gün ya səhər,
Özüm də bilmirəm yolum hayana,
Gözləmə yolumu, gözləmə ana.

Daha ölənlərə qəbir qazılmır,
Başdaşı düzəlmir, adı yazılmır,
Sahibsiz can verən indi az olmur,
Kimsə yox başımın üstə dayana,
Gözləmə yolumu, gözləmə, ana.

Surunu itirib , çalmır İsrafil,
Dünyanı idarə etmir Mikayıl,
Çoxdandı can almır yazıq Əzrayıl,
Milyon cana qıyır hər gün karona,
Gözləmə yolumu gözləmə, ana.

Nə sidr lazımdı, nə də ki kafur,
Dəfndə nə qohum, nə qardaş olur,
İdris də səbrinə basıb daş, durur,
Gen- geniş dünyası dönüb zindana,
Gözləmə yolumu, gözləmə, ana.

 

https://youtu.be/OaVQG9QnnAw

 

Pressaz.az