İDRİS BABAYEV: “BUMERANQ KİMİ”

 

         BUMERANQ KİMİ
Üzündə bərq vurur billur göz yaşın.
Jalə gül üstündə bərq vuran kimi.
Bu həyat belədir, atdığın daşın,
Qayıdır üstünə bumeranq kimi.

Sevgiyə xəyanət eylədin özün.
Yəqin gülməyəcək bir daha üzün.
Nə qədər yalvarsan bil, sənin sözün,
Gəlir qulağıma danq- qaranq kimi.

İdrisəm dönmərəm dediyim sözdən.
Bir doğrum güclüdür yalançı yüzdən,
İnsanlar tez ”ölür” düşəndə gözdən.
Ölümü görünür təmtaraq kimi…

 

        YOLUNU AZAR

Məni tərk eyləyən boş xəyallarım,
Bir anda yüz ölkə sərhəddin pozar.
Qırılıb yanıma düşər qollarım,
Qalar saatlarla qəlbim intizar.

Bəzən xoş ovqatla gələr üstümə,
Bəzən alov qatar qatı tüstümə,
Bəzən də düşməntək durar qəsdimə,
Biryolluq qətlimə sərəncam yazar.

Nə vaxtdır canıma salıb vəlvələ,
Həyat davam edir dözürəm hələ.
İdrisəm, qoparram sonda zəlzələ,
Əcəl qorxusundan yolunu azar.

 

      QOY SƏNDƏN YAZIM.
Ömrüm sona catır, az qalıb, lap az.
Qəm, kədər başıma çox vurub qapaz.
Nə olar xoşbəxtlik, yaxın gəl bir az.
Bu son nəfəsimdə, qoy səndən yazım.

Dayanıbsan sən zirvənın başında,
Yurd salıbsan, qayasında, daşında,
Qonaq ol gözümdə, sel ol yaşında,
Bu son nəfəsimdə qoy səndən yazım.

Kövrəlmişəm çağa kimiyəm indi.
Qırılmış kamanın simiyəm indi.
Səni qəlbdən sevən dəliyəm indi.
Bu son nəfəsimdə qoy səndən yazım.

 

                   ALASAN
Baxasan, gözündən qığılcım çıxa,
Mərd görəndə qadasını alasan.
Çəkib namərdləri tarım, çarmıxa,
Oxxay deyib qisasını alasan.

Basasan bağrına “məhbus” dağları,
Göz yaşın suvara susuz bağları.
Öpüb oxşayasan buz bulaqları.
Damla- damla şəfasını alasan.

Bu nə xəyal ola, nə də ki yuxu,
Tökülə gözündən qəzəb, kin, qorxu,
Düşmənin bağrına saplayıb oxu,
Xalqın , elin duasını alasan.

Gəzəsən at üstə təpəni, dağı.
Sancasan Qalanın üstə bayrağı,
Azad eyləyəsən can Qarabağı,
Sonda gedib Şuşasını alasan.

Xəbər çata Yardımlıya, Lerikə.
Şəhidlərin ruhu gələ təbrikə.
Ay İdris, çox gözəl yola göz dikə.
Sən qayıdıb Sonasını alasan.

 

Pressaz.az