Hüquqşünas -şair Ədalət Əroğlu – Yeni şeirlər….
PAXILLIQ
Şər-şeytandan gələn səsdi paxıllıq.
Ortalıqda gəzən nəhsdi, paxılıq.
Fırtına, tozanaq, pisdi paxıllıq.
Tanrım, uzaq eylə, belələrindən.
***
Dünyanın malında olmadı gözüm.
Paxıl adamlara yetmədi sözüm,
Paxıllıq hissinə mən necə dözüm?
Tanrım, uzaq eylə, belələrindən.
***
Nə qədər, əyri söz yazılacaqdır?
Qanunlar heç nədən pozulacaqdır,
Hərəsi bir cürə yozulacaqdır,
Tanrım, uzaq eylə, belələrindən.
***
Nə pislər, nə düzlər yanaşı getməz,
Heyif ki, paxıla söz təsir etməz,
Ədalət, çəkdiyin zəhmətin itməz,
Tanrım, uzaq eylə, belələrindən.
TORPAQ OĞLUYAM
Axtarıb, halımı soruşan dostum,
Sorma gəl, hardasan, qərib ruhluyam;
Nə yaşıl ağacam, nə də yarpağı,
Torpağa səcdə et, torpaq oğluyam.
***
Axtarsan sən məni, küləklərdə gəz,
Torpağın aşiqi, ürəklərdə gəz,
Şəhidi yada sal, çəkəndə nəfəs,
Torpağa səcdə et, torpaq oğluyam.
***
Axtarsan göylərdə mən Əroğlunu,
Ulduzlar mənlədir, unutma bunu!
Anlasan həyatın puç olduğunu,
Torpağa səcdə et, torpaq oğluyam.
HÜQUQŞÜNAS-ŞAİR ƏDALƏT ƏROĞLU