Hüquqşünas şair Ədalət Əroğlu: “Yaddan çıxmaz Şəhidlərim, Asimim ” – FOTO

           

                 ŞƏHİD ASİMƏ
(( “Vətən uğrunda” medalı ilə təltif olunmuş (Ölümündən sonra) Hovuslu kəndimdən olan qohumum, sinif yoldaşımın övladı Şəhid əsgər Quliyev Asim Bəkir oğluna ithafən))

 

Bilmirəm, necə başlayım sözümü,
Bu bəd xəbər kor eylədi gözümü,
Kimsə söndürəmməz yanan közümü,
Yaddan çıxmaz Şəhidlərim, Asimim.

Düşmən düşünməsin sındırdı məni,
Pis xəbər ürəkdən yandırdı məni,
Şaxtalı gecələr dondurdu məni,
Yaddan çıxmaz Şəhidlərim, Asimim.

İgid əsgərləri aldı yanına,
Şəhid oldu, qıydı şirin canına,
Belə qəhrəmanlar gərək tanına,
Yaddan çıxmaz Şəhidlərim, Asimim.

Qırx dörd günə bitdi sənin bu davan,
İndi fəxr eyləyir sənlə el, oban
Yenə evinizdə yanacaq soban,
Yaddan çıxmaz Şəhidlərim, Asimim.

Qalib gəldi əfi gürzəyə, Ordum,
Ucaltdı bayrağı zirvəyə, Ordum,
Döyüşü çatdırdı ərsəyə, Ordum,
Yaddan çıxmaz Şəhidlərim, Asimim.

Torpaq coşdu ona ruh qovuşanda.
Müzəffər Ordumuz Suqovuşanda,
Ədalət, de bu şeirini qoşanda:
Yaddan çıxmaz Şəhidlərim, Asimim.

 Hüquqşünas, Şair  QAFAROV ƏDALƏT İZZƏTOĞLU (ƏROĞLU)