Hüquqşünas, şair Ədalət Əroğlu:” Xocalı Faciəsi”… FOTO


              XOCALI FACİƏSİ
(Xocalı rayonunun Meşəli kəndində valideyinləri və iki qardaşı Şəhid olmuş Quliyev İbrahim Qənimət oğluna ithaf edirəm.)

Meşəli kəndinin meşəsi yandı,
Meşəli kəndində neçəsi yandı,
Meşəli kəndinin çeşməsi qandı,
Halına dözməyir şair ürəyi.

İbrahim, necə də qəmli baxırsan?
Yandırıb özünü oda yaxırsan,
Acı göz yaşıma dönüb axırsan,
Halına dözməyir şair ürəyi.

Xocalı atəşi yanır içimdə,
Neçə arzularım donur içimdə,
Şuşam od içində, alov içində,
Halına dözməyir şair ürəyi.

Vətənin yolunda igidlər getdi,
Gör neçə insanın taleyi bitdi,
Elimi, Obamı, tar-mar etdi,
Halına dözməyir şair ürəyi.

Ay Haray, Qarabağ yanır, amandır,
Bağlıdır yollarım xeyli zamandır,
Düşməni əzməyin vaxtı tamamdır,
Halına dözməyir şair ürəyi.

ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN, MƏKANI CƏNNƏT OLSUN.

                Ə S İ R L Ə R Ə
(Vətənimizin ərazi bütövlüyü uğrunda itgin düşmüş və əsirlikdə qalan əsirlərimizə itihaf edirəm)

Qollarım qoynumda qalıbdı bağlı,
Bu ürək yaralı, sinəm də dağlı.
Əsirlər zülmətdə, yolları bağlı,
Səsinə səs verək biz əsirlərin.

Yağı düşmən torpağıma göz dikdi,
Vətənimə Araz çayla səd çəkdi.
Bu sənədə imzasını yad çəkdi.
Səsinə səs verək biz əsirlərin.

Günlər keçir, illər gedir ömürdən,
Əsirlərim qolu bağlı dəmirdən,
Ürəyim qısılır bu səs-səmirdən,
Səsinə səs verək biz əsirlərin.

Qara yaylıq bağladılar analar,
Başsız qalıb görün neçə balalr.
Dağılıbdı Qarababağda qalalar.
Səsinə səs verək biz əsirlərin.

Mənim ürəyimdə asılıbdı daş,
Çəkməyir ürəyim, ağırdır bu daş,
Əsirlikdə qalan axıtmasın yaş,
Səsinə səs verək biz əsirlərin.

Dözəmmirəm, bu ocağa, bu oda,
Kül olmuşam, sovruluram havada.
Ordumuz da qalib gəlsin davada,
Səsinə səs verək biz əsirlərin.

Göz yaşını axıtmadım de harda?
Solub gözüm, ağarıbdı qara da.
Ədalətin gözləri intizarda,
Səsinə səs verək biz əsirlərin.


Hüquqşünas, şair Ədalət Qafarov (Əroğlu) – Pressaz.az