Heydər Əliyev Mərkəzində Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının bağlanış konserti keçiriləcək
Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının bağlanış konserti 26 sentyabr saat 19.00-da Heydər Əliyev Mərkəzində baş tutacaqdır.
Konsertdə Əməkdar artist, dirijor Əyyub Quliyevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Rusiyanın Xalq artisti, məşhur violonçel ifaçısı Sergey Roldugin və P.İ.Çaykovski adına beynəlxalq müsabiqənin laureatı, skripkaçı Pavel Milyukov çıxış edəcəklər.
Tanınmış violonçelist Sergey Roldugin 1951-ci ildə Rusiyada anadan olmuşdur. İlk musiqi təhsilini Riqa şəhərində almışdır. 1975-ci ildə Leninqrad Konservatoriyasını fərqlənmə diplomu ilə bitirmişdir. S.Roldugin Rusiyanın Əməkdar kollektivi Sankt-Peterburq Filarmoniyasının Akademik Simfonik Orkestrinin (1974-1984) və Mariinski Teatrının (1984-2003) solisti kimi fəaliyyət göstərmişdir. 2003-2004-cü illərdə Rimski Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının rektoru vəzifəsində çalışmışdır. 2006-cı ildən onun təşəbbüsü ilə yaradılan Sankt-Peterburq Musiqi Evinin prezidentidir. 2011-ci ildə müstəsna xidmətlərini nəzərə alaraq fəxri ordenlə təltif olunmuşdur. Solist qismində Moskva, Novosibirsk, Sankt-Peterburq, Samara Filarmoniyaları, dirijorlar – V.Gergiyev, Y.Temirkanov, A.Yansons, Y.Simonov və başqaları ilə əməkdaşlıq edir.
İstedadlı violin ifaçısı Pavel Milyukov 1984-cü ildə Rusiyada anadan olmuşdur. İlk musiqi təhsilini Moskva Dövlət Konservatoriyası nəzdində Akademik Musiqi Kollecində almışdır. 2012-ci ildə Moskva Dövlət Konservatoriyasını aspirantura pilləsi üzrə bitirmişdir. Hazırda Vyana Konservatoriyasının tələbəsidir. Rusiya, Almaniya, Avstriya, Çin, Yunanıstan, Macarıstan, Fransa, Astana, Koreya və digər ölkələrdə keçirilən beynəlxalq müsabiqələrdə birinci yerlərə layiq görülmüşdür. Skripkaçı dünyanın nüfuzlu konsert zallarında çıxış edərək V.Gergiyev, V.Fedoseyev, M.Fedotov, Y.Simonov kimi tanınmış dirijorlarla əməkdaşlıq edir. İki dəfə Sankt-Peterburq Musiqi Evinin təqaüdünə layiq görülmüşdür.