Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir.

“Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Biz sıfırdan yeni şəhərlər və kəndlər inşa edirik”. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 24-də Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Zirvə görüşündə çıxışında deyib.
Dövlətimizin başçısı ilkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən doqquz şəhər və səkkiz qəsəbənin bərpasının nəzərdə tutulduğunu qeyd edib.
“Keçmiş məcburi köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq”, – deyə Azərbaycan Prezidenti bildirib.
İşğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması, lazımi infrastrukturun yaradılması, öz doğma yurdlarına qayıtmaq istəyən vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi dövlət siyasətinin prioritetidir. Bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-yenidənqurma işlərinin möhtəşəm vüsəti və əhatəliliyi bütün dünyanı heyran qoymaqdadır. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu XXI əsrdə ilk dəfə olaraq müasir texnologiyaların tətbiqi ilə genişmiqyaslı hərbi əməliyyatlar aparmaqla Vətən torpaqlarını işğaldan azad etdiyi kimi, bu gün də Azərbaycan xalqı öz Prezidentinin rəhbərliyi ilə həmin torpaqların yenidən dirçəldilməsi üçün möhtəşəm layihələr həyata keçirməkdədir. İşğaldan azad edilən ərazilərdə layihələr müxtəlif istiqamətlərdə icra olunur. Bura həm şəhər və kəndlərin tikintisi, həm də zəruri infrastrukturun yaradılması daxildir.
Hazırda infrastruktur quruculuğu işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa işlərinin mühüm bir istiqamətini təşkil edir. Yaradılan infrastruktur işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialından bəhrələnməyə və həmin ərazilərə insanların qayıdışını təmin etməyə imkan verəcək.
Ağdam, Şuşa, Zəngilan kimi işğaldan azad olunun ərazilərdə aparılan abadlıq quruculuq işləri Böyük Qayıdışın təntənəsidir. Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə artıq bir qism əhali köçürüldü. Otuz ilə yaxın yurd həsrəti ilə yaşayan ailələr yeni salınmış və ən müasir infrastrukturu olan kənddə onlara verilmiş evlərdə məskunlaşıblar. Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də Laçın rayonuna səfər edib. Səfər çərçivəsində Azərbaycan Prezidenti Laçın şəhərində, şəhərin mərkəzində, mərkəzi küçədə Azərbaycan Bayrağını qaldırıb.
Yaxın onillikdə Qarabağ ərazisi həm yerli və həm də xarici şirkətlərin geniş fəaliyyət meydanına çevriləcəkdir. Azərbaycan Prezident İlham Əliyevin bildirdiyi kimi, ilk növbədə, Qarabağın azad olunması uğrunda 30 il ərzində aparılmış mübarizədə Azərbaycanın haqq işini dəstəkləmiş bütün ölkələrin şirkətləri ərazilərin bərpa layihələrinin icrasında üstünlük hüququndan faydalanacaqlar. İşğaldan azad olunmuş ərazilərin bərpası və dayanıqlı inkişafı istiqamətində Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək tədbirlərin məqsədləri müəyyənləşdirilərkən Birləşmiş Millətlər Təşkilatının və digər beynəlxalq qurumların irəli sürdükləri qlobal inkişaf prioritetləri nəzərə alınmışdır. Türkiyə, Pakistan və İtaliya şirkətlərinin artıq bir sıra layihələr üzrə fəaliyyətə başlaması bunun əyani göstəricisidir.
Əvvəlcə bütün regionda yollar, körpülər, su elektrik stansiyaları, su və qaz təminatı kimi həyati vacib infrastruktur layihələrinin reallaşdırılması nəzərdə tutulmuşdur. Bununla da Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən avtomobil və dəmir yollarının bərpası ölkəmizin infrastruktur bütövlüyünü təmin edəcək və region ölkələri arasında birbaşa əlaqələri xeyli asanlaşdıracaq.
Beləliklə, işğaldan azad edilmiş ərazilərdə görülən genişmiqyaslı quruculuq işlərin, həyata keçirilən tədbirlərin sürətlə aparılması bu qənaətə gəlməyə əsas verir ki, Azərbaycanın Qələbəsi nəticəsində regionda yaranan yeni reallıqlar ölkəmiz və bölgə üçün yaxşı perspektivlər vəd edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi, biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik..

Niyaməddin Əsgərov

Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini.