MƏMMƏDZADƏ HACI QULAMHÜSEYİN & İDRİS BABAYEV – Qıfılbənd səval-cəvab

                    TAYI YOX
         (Qıfılbənd səval-cəvab)

Məmmədzadə Hacı Qulamhüseyn
****************
Arif olan xəbər alım pünhani.
O, nədir ki, quş tək uçur, tayı yox.
Bir gəcavə gecə-gündüz yol gedir,
İçi bom-boş bağlaması, tayı yox.

İdris Yardımlı 
**************
Xəbər aldın, cəvab verim qulaq as,
Quş tək uçan şəbpərədir, tayı yox.
O, zamandır gecə-gündüz yoldadır,
Boş karivan, bağlaması, tayı yox.

Məmmədzadə Hacı Qulamhüseyn
***************
Bir taxtım var, altında dörd ayağı,
Hər ayaqda cəmi üçdür barmağı,
Hər barmaqda, otuz qatdır dırnağı,
Üst-üstədir arasında layı yox.

İdris Yardımlı
***************
O, təxt ildir dörd fəsildən ibarət,
Hər fəsilə üç ay verər şəhadət,
Bir ay otuz gündür saysan nəhayət,
Üst-üstədir, arasında layı yox.

Məmmədzadə Hacı Qulamhüseyn 
***********
Kəmərimin üstündəki rəngi nə,
Karvan gedir, o, çaldığı zəngi nə,
Dörd qardaşın arasında cəngi nə,
Atası bir, anasının sayı yox.

İdris Yardımlı
***************
Göy qurşağı bir kəmərdir, yeddi rəng,
Dörd fəslidir bir-biriylə edər cəng,
Yazı yaşıl, payız sarı, qış ağ rəng,
Diqqət etsən arasında yayı yox.

Məmmədzadə Hacı Qulamhüseyn
************
Bir Soltandır on bir dənə nökəri,
Bu Soltanın söylə nədir şakəri,
Hər nökərin deyin hara səfəri,
Cümlə safdır arasında zayı yox.

İdris Yardımlı
**************
Ramazandır on bir ayın sultanı,
Nazil edib bu ayda həqq quranı,
On bir ayda toplanan günahını,
Təmizləyər arasında zayı yox.

Məmmədzadə Hacı Qulamhüseyn
*************
O, nə evdir yoxdur tiri, dayağı,
Başın üstə durub sayə sayağı,
Həqdən vurulurdur onun boyağı,
Verəcəyi hədiyyəsi, payı yox.

İdris Yardımlı
***************
Asimandur yoxdur tiri, dayağı,
Mavi rəng vurubdur sayə sayağı,
Xudavənda vurub həqdən boyağı,
Onun verəcəyi başqa payı yox.

Məmmədzadə Hacı Qulamhüseyn
*******************
Bir mənzildir dörd tərəfi bağlıdır,
İmarətdir, bisutundur tağlıdır,
Nə libasdır ağ parçayla bağlıdır,
Nə xoş günü, nə köməyi, hayı yox.

İdris Yardımlı
****************
O,məzardur dörd tərəfi bağlıdır,
İmarətdir cəmi bir otaqlıdır,
Cənazədür ağ kəfənlə bağlıdır,
Nə xoş günü, nə köməyi hayı var.

Məmmədzadə Hacı Qulamhüseyn 
************
O, nədir ki, bilinməyir qiyməti,
O, nədir ki, ildırım tək sürəti,
Nukərinin bildin nədir niyyəti,
Bir kimsənin boynunda haqq-sayı yox.

 İdris Yardımlı

*****************
Sağlam candur bilinməyir qiyməti,
Cavanlıqdır ildırım tək sürəti,
Qəflətləri oyatmaqdır niyyəti,
Boynunda İdrisin haqqı -sayı yox.

 

Pressaz.az