Həkim – şair Solmaz Qəribel: “Şəhid Anası” – VİDEO
ŞƏHİD ANASI
Gözlərində kədər – qəmi gül açıb,
Bu ananın halına bax, ay Allah!
Göz yaşları yanağında dil açıb,
Bu ananın halına bax, ay Allah!
Qəlbi yanır, gözləriylə gülür o,
Kədərini sevinciylə bölür o.
İçin-için, gülə-gülə ölür o,
Bu ananın halına bax ay Allah.
Dili gəlmir balasını ağlaya,
Əli gəlmir sinəsini dağlaya!
İgidini büküb əlvan Bayrağa,
Bu ananın halına bax, ay Allah!
Məğrur baxır, deyir Vətən sağ olsun!
Uyu balam yerin cənnət, bağ olsun.
Südüm halal , üzün hər an ağ olsun,
Bu ananın halına bax, Ay Allah!
Bu ananın halına bax, ay Allah!…
Şair publisist Ramilə Atəş Solmaz Qəribelin “Şəhid Anası” şeirini səsləndirib.
Pressaz.az həmin videonu təqdim edir: