Həkim, şair Əfrahim Hüseynli “Qızıl Qələm” media mükafatına layiq görülüb -FOTO

Pressaz.az-ın məlumatına görə həkim, şair Əfrahim Hüseynliyə “Qızıl Qələm” Media mükafatı təqdim edilib. Bu münasibətlə Əfrahim bəyi təbrik edirik. Uğurlarınız bol olsun!

SAĞOLLAŞAQ
Yolları uçuran qar var, yağış var,-
Bir mələk yanında min qəlbidaş var.
Mənimlə dərd adlı bağrıbadaş var,
Sevinc ver əlini, ver, sağollaşaq.
Umduğum ürəklər daş olub, gedim,
Yol çəkən – o gözlər yaş olub, gedim.
Köçən durnalara qoşulub gedim,
Dumana bürünən Yer, sağollaşaq.
Keçmədik, sulara dayaz dediksə,
Yolları kəsibdi ayaz dediksə,
Uzaqdan uzağa Araz dediksə,
Uzat əllərini, Kür, sağollaşaq!
Ömrü başdan başa qış deməmişdik,
Yolçu ol, qayadan aş deməmişdik.
Yeri yağış yuyar, yaş deməmişdik,
Dünya, bu yaylığı sər, sağollaşaq!
Yollar körpüsü yox, qalıb gözləyir,
Göz yuma bilməyən qürub gözləyir.
Dünya dar ağacı qurub gözləyir,
Ömür, köhlənini sür, sağollaşaq!
(“Məni axtaran varsa” kitabından)
BAŞIMIN ÜSTÜNDƏ HAQQI BİLMİŞƏM
Dastanlar yazmışam bu ömür boyu…
Doğmaya yazmışam, yada yazmışam.
Seçə bilməmişəm ağı qaradan,-
Vermişəm günləri bada, yazmışam.
Zülmət gecədə də yazdığım şeir
Yüz yerə yozulub sətirbəsətir…
Bölünüb bu ömür yüz ömrə xətir,-
Ələnib başıma qar da, yazmışam.
Dosta yad deməyə dilim gəlməyib,-
Silim yazdığımı?.. əlim gəlməyib.
Məndən uzaq qaçıb… ölüm gəlməyib…
Qalıbdı ömür-gün darda, yazmışam
Ucada dayanan haqdı, bilmişəm,
Haqqa söykənən üz ağdı, bilmişəm.
Başımın üstündə haqqı bilmişəm,-
Harda söz demişəm, harda yazmışam
…Bir evi bəzəyib bir körpə səsi,-
Buludsuz görünüb göyün bənizi…
Bahara dönübdü payız nəfəsi,-
Ən gözəl şeirimi orda yazmışam.
Əfrahim Hüseynli – Pressaz.az
