Həkim şair Əfrahim Hüseynlinin söz dünyasından… VİDEO
PAYIZA DÖNDƏRDİM YAZ OLAN ÖMRÜ
Tanrım, yazdığına şükür söylədim,-
Dedim ki, sürərəm yazılan ömrü.
Ağlıma gəlməzdi bir ömür boyu
Yaşayım ümiddən asılan ömrü.
Ya nabələd oldum, ya naşı, sevdim,-
Nələrin xətrinə dağ-daşı sevdim?
Üstümə ələnən yağışı sevdim,-
Payıza döndərdim yaz olan ömrü.
Səni mən pozmuşam, ay alın yazım!-
Yersiz giley-güzar daha nə lazım?..
İndi hansı üzlə adıma yazım
Yuxutək yüz yerə yozulan ömrü?
Əlimi uzatdım uzana ömür,-
Uzanan əllərdən usana ömür.
Bölünə-bölünə uzanan ömür
Kim deyir qısaltdı az olan ömrü?!
Düzdən danışdımsa, düşdü söz yerə,-
Kül olub ələndi ocaq, köz yerə.
Günlər yolu – izi böldü yüz yerə,-
Saldılar dağ-daşa düz olan ömrü.
BİLƏN YOXMU
Biri gözü yaşlı,ürək,
Birisində daşdı ürək.
Bilən yoxmu öldürəcək
Axırda Allah adamı?
Gündüzü günəşdən uzaq,
Gecəsi axtarır çıraq.
Ağı qara, qarası ağ…
Unutdum, Allah, adımı!
Ğözlədilər, gəlmədik heç,
Əridilər, bilmədik heç.
Olsa, bəlkə ölmərik heç
Beş – altı allah adamı.
SONU ÇATIR BİR DASTANIN, NƏ YAZAQ…
Kim deyirdi mənzil uzaq, yol uzaq?
Sonu çatır bir dastanın, nə yazaq?..
Heç bilməzdim ömrü gün-gün uduzaq,
Qayalara yoldaş imiş bir il də.
Çox aradım bir gümanı mən nahaq,
Uzaq düşdü əvəzində məndən haqq?!
Gecəsindən çıxmaq olmur üzüağ,
Günü, ayı dağ-daş imiş bir il də.
Bir mətləbə qaldısa da bir addım…
Bəxtə düşən yazı bilib yaşadım.
Gecəsini, gündüzünü sınadım,
Çovğun-boran, qar-qış imiş bir il də.
Günlərimi bir-bir içib bir yuxu,
Yaddaşıma gün-gün köçüb bir yuxu,
Bu ömürdən gün-gün keçib bir yuxu…
Uzaq düşən bir yuxuymuş bir il də.
Uca Tanrım, boş qalmadı əlim də,
Zeynəb – Zəhram yapışıbdı əlimdən;
Baba, düşsün giley-güzar dilindən!..
Necə deyim qəlbidaşmış bir il də?
Əfrahim Hüseynli (Hüseynov)