Həkim şair Əfrahim Hüseynlinin söz dünyasından – FOTO

BU ÖMRÜN SİRRİNDƏN XƏBƏRİMİZ YOX

Bu ömrün sirrindən xəbərimiz yox,
Gəlirik, ən şirin sözlə başlayır.
Olanlar adamın ağlına gəlmir,
Doğruyla başlayır, düzlə başlayır.

Hər gün böyüməyi istəyir adam,-
Bu arzunun yükü ağırdan ağır!
Böyüyə-böyüyə başımız üztə
Xəbərsiz, filansız qar- yağış yağır.

Yerüzü behişt tək görünür bizə,
Hələ yada düşmür sorğu-suallar.
Ağlımıza gəlmir günün birində
Böyüyə-böyüyə kiçilmək də var.

Elə bilirik ki, yaz bitən deyil,
Sonra payızı da uzaqda qalır.
Gümana əl yeri axtaran ömrə
Qalan günlər-aylar təsəlli olur.

Göyləri sevirsən, göyün üzündə
Ulduzlar buludla qalır üz-üzə.
Ayılıb görürsən göyüzü boşdu,-
Ayı, ulduzu da görünmür gözə.

Dumanın içində qalan gümana
Sonrasa əlini açmaq da olmur.
İstə, ya istəmə, payızdan çıxıb
Qışın kəməndindən qaçmaq da olmur.

 


YÜKÜN ÖZ YÜKÜN OLSA…

Yollar gümanda qalsa,-
Bir üzü şaxta-qarsa…
Yükün öz yükün olsa,
Daşımağa nə var ki.

“Bir kitablıq”sa ömür,-
Bölündü sətir-sətir.
Ömrü özünə xətir
Yaşamağa nə var ki.

İllər qısadan-qısa,-
Çatdıq payıza-qışa…
Adamlar dağ olmasa,
Dağ aşmağa nə var ki.

Dayana ucada haqq,
Sına önündə nahaq,-
Bu torpağa üzüağ
Qarışmağa nə var ki.

Dönə sular da selə,
Daşı əridə bilə,-
Küsdüyün dünya ilə
Barışmağa nə var ki.

Əfrahim Hüseynli (Hüseynov)