Həkim-şair Əfrahim Hüseynlinin söz dünyasından…
TANIYA BİLMƏDİM HEÇ ADAMLARI
Önümdə sel-sular axan olursa,
Qaya-dağ qarşıma çıxan olursa,
Dost-doğma uzaqdan baxan olursa,
Tanıya bilmədim heç adamları.
Kim keçdi yazılan sərhədi, səddi,-
Bilməz sonsuz bildi bu ömrü, nədi?
Hələ imtahana çəkə bilmədi
Hər gün neçə-neçə köç adamları.
Yanmadım nə günə, nə aya, ilə,-
Daşıdım hər yükü mən bilə-bilə.
Bilən-bilməyənə demədim belə
Nə yaman tanıdım gec adamları?!
Susummu, gözümü mən də döyümmü,-
Dağlara, daşlara baş da əyimmi?
Bu nahaqq önündə bəlkə deyimmi
Boyu – buxunuyla ölç adamları?
Heç sərhəd qoymadım doğmaya, yada,-
Günəşli gündüzə bir ömür yadam.
Mənə naşı demə, qəlbidaş adam,
“Mən seçə bilmədim”, seç adamları.
İKİMİZ
(Ömür-gün yoldaşım Yaqut həkimə)
Ömür adlı çəmənimiz saraldı…
Bu çəməndə nə itirdik, nə qaldı?
Dərd çəkirdim anam yaman qocaldı,
Gəlib düşdük bu kəməndə ikimiz.
İllər ötür köhlənini çaparaq…
Gəlməmişdik xatirələr aparaq.
İndi şirin yuxularda taparıq
Özümüzü bu çəməndə ikimiz.
Bir də gördük göyün üzü qarışdı,-
Üzümüzdə göz yaşıdı, yağışdı?
Sarı otlar əlimizə dolaşdı,
Arzulardan əl çəkəndə ikimiz.
Ömür gedir… yaş o yaşmı… əllidi…
Dərd çəkənə çoxu deyir dəlidi…
Yolumuz da, izimiz də bəllidi,
Yol azmadıq duman-çəndə ikimiz.
Heç demədik, gəlib keçir həyat da,
Ömürdəndi keçən gün də, saat da…
Afaq çəkmir gözlərini saatdan
İndi evə gecikəndə ikimiz.
Əfrahim Hüseynli – Pressaz.az