Həkim, şair Əfrahim Hüseynli: “İndi cavabları özündən soruş”….
İNDİ CAVABLARI ÖZÜNDƏN SORUŞ
Dağ-daş da bilsə də, barı sən demə;
“Nə qədər sadəlövh birisi vardı.
Göylər ulduzundan ayına qədər…
İlahi, nə gözəl yer üzü vardı…”
Deməli, hər şeyin sonu var imiş,
Bu şaxta-sazaqlı yoldan savayı.
İşə bax, xəbərsiz yuxu olarmış
Bu ömrün-günün də hayı, harayı.
Günlər də, aylar da qıfılbənd oldu
Umu-küsülərin məngənəsində.
Neçə yaz arzu tək əlçatmaz oldu
Bu bəxtin, qismətin qış nəfəsində.
Günahlar üstünə günahlar gəldi,
Yuya da bilmədi sellənən yağış.
Günləri döndərdin sorğu-suala,-
İndi cavabları özündən soruş.
Hələ demirəm ki, xatirələrdə
Nə bir təsəlli var, nə güman yeri.
Səhvi, günahı da adıma yazdım,
Günahkar bilsə də qəlb uman yeri.
Dağ-daş da bilsə də, barı sən demə;
“Nə qədər sadəlövh birisi vardı.
Göylər ulduzundan ayına qədər…
İlahi, nə gözəl yer üzü vardı…”
GÖZÜMDƏN DÜŞÜBDÜ ADAMIN ÇOXU…
Qurudu biçənək, qurudu çəmən,-
Ürəyidaş oldu hər gəlib-gedən…
“Uğrunda ölərəm!” deyənlər, Vətən,
Çəkəndə yükünü birtəhər çəkir.
Yolların kəsəyi, daşı özümüz,
Ağ yollar üstündə naşı özümüz,
İllərin gözünün yaşı özümüz,-
İlahi, bu yükü necə Yer çəkir?
Gün gəlir, ay gəlir yaşımız üstə,
Qurular kül olur yaşımız üstə…
Mələklər dayanıb başımız üstə,
Bizim əlimizdən gör nələr çəkir.
Gümanın sarayı qurulub harda?-
Yol gəzib arayan qalıbdı darda.
Duman yaylığını çəkib bu yurda,
Köçünü nə axşam, nə səhər çəkir.
Doğmanın çoxu da olarmış yuxu,-
Etdiyin yaxşılıq özü də qorxu…
Gözümdən düşübdü adamın çoxu,-
İllərdir bu yükü bir nəfər çəkir…
ÖLƏNDƏ DƏ, ADAM KİMİ ÖLƏSƏN…
Su verirsən, səhra tikan bitirir,
Biri bilir, beşi çörək itirir,
Danışırsan, sonu əzab gətirir, –
Bu günahlar çox çətin ki, pozula.
Doğru, düzsə yazılanlar yerbəyer!
Payın tapar söz yiyəsi, geyirlər…
Heç bilməzdim, bu yazdığım şeirlər
Səhv kimi, günah kimi yozula.
Dərdi sutək udum-udum içənin,
Ömrü, günü qayalarda keçənin,
Yüz-yüz yoldan bircə yolu seçənin
Ömür boyu gözü yoldan asıla. …
…Göz yaşlarım içimdədi, biləsən,
Əlin çatmaz o yaşları siləsən.
Öləndə də, adam kimi öləsən,
Ya savaba, ya günaha yazıla.
Əfrahim Hüseynli -Pressaz.az