“Gözlə məni, Göyçə” – Məlahət İsmayılqızı Əliyeva VİDEO
“Gözlə məni, Göyçə!”…
Göyçəyə açılan pəncərəm idin Anam…
Anasızlığa dərd demirəm, acı deyirəm – zəhər kimi, zəhər acısı… Ağzımın dadı qaçmış, nə dost, nə canı yanan… Yetimlik imiş Anasızlıq!… Kimsəsizlik imiş Anasızlıq… Yiyəsizlik imiş Anasızlıq… Yazıqlıq imiş Anasızlıq. Yalnızlıq imiş Anasızlıq. Boranda, qarda tənha yürümək, soyuqda üşümək,
Yandırıcı istidə qovrulmaq imiş Anasızlıq…
Anasızlıq yuxusuzluq imiş…Anasızlıq hörmətsizlik imiş…
Acılarınla tənha baş- başa qalmaq imiş…
Anasızlıq elə Göyçəsizlik kimi bir işgəncə imiş…!
On üç ildir yol gəlirəm, Anamsız. On ildir yol gəlirəm, atamsız… Altı ildir yol gəlirəm, bacımsız…
Göyçəsiz otuz bir il!…
Atam- Anam, bacım geri dönərmi?…bilmirəm… Ancaq Ulu Göyçəmi görəcəyimə, ona sarılacağıma və nəhayətində ömürlük orada qalacağıma inanıram!
Gözlə məni, Göyçə! Mən gələcəyəm….
…Məni gözlə…
Pressaz.az – Məlahət İsmayılqızı Əliyeva