Göyçayda XIII Nar festivalı keçirilib
Göyçayda XIII Nar festivalına start verilib. Festival Mədəniyyət Nazirliyi və Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.
Builki Nar festivalında iştirak edənlər arasında dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, yerli və xarici iş adamları, beynəlxalq təşkilatların əməkdaşları da vardı.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi Həmkarlar İttifaqının 40 nəfərə yaxın üzvü də sözügedən festivalda iştirak edib.
Festival iştirakçıları günboyu nar məhsullarının sərgi-yarmarkasına baxacaq, rayon mədəniyyət evinin musiqi kollektivi, məktəblilərdən ibarət mahnı və rəqs qrupları, kəndirbaz və idmançılar bayram tədbirində çıxış edəcəklər. Tədbir zamanı nar ilə bağlı müxtəlif müsabiqələr, oyunlar keçiriləcək. Qonaqlar əl əməyi ilə yüksək ustalıqla hazırlanacaq nar şirəsinin, nar şərabının, nardançanın, gilələnən narın dadına baxacaq, ən böyük nar nümayiş olunacaq.
Noyabrın 4-də isə Heydər Əliyev parkında nar və nar məhsullarının satış-yarmarkaları, yerli musiqiçilərin iştirakı ilə konsert təşkil olunub, nardan hazırlanan müxtəlif əl işləri nümayiş etdirilib.
Müxtəlif turizm şirkətləri 3-4 noyabr tarixlərində Bakı şəhərindən Göyçaya endirimli qiymətlərlə tur-aksiyalar keçiriblər. Turistlər rahat nəqliyyat vasitələri ilə Göyçaya gələrək rayonun gəzməli-görməli yerləri ilə tanış olub, bayram tədbirinə qatılıb, satış-yarmarkalarında nar məhsullarının dadına baxıb və onları almaq imkanı qazanıblar.