Fazil Əsəd:”YOLLAR”… FOTO

         DÖRD DİVAR …

Min hala düşürəm gündə ,
Kədəri var , sevinci var .
Mən gedirəm üstünə , ya
Üstümə gəlir dörd divar…

Neçə haqlının haqq səsi ,
Neçə fağırın min ahı …
Yapışmışam yaxasından ,
Dörd divarın nə günahı ?..

Dünya ağa qara deyir ,
Qaranın da adı ağdı .
Sevinc , sevgi gözləyirdin ,
Bir də gördün, dərd- qəm yağdı.

Eh, dörd divar arxasında
Aranı dağa daşıdım.
Divarla söhbət edirəm-
Şəhiddi neçə yaşıdım…

Bircə arzum var dünyada ,-
Eşidilsin haqqın səsi .
Yer üzünə işıq salsın
Ədalətin təntənəsi .

…gecələr qol- boyun olur ,
dərdini danışır mənə .
Qəlbimi dinləyir , sanki
min ildi tanışdı mənə .

…neçə haqlının haqq səsi ,
Neçə fağırın min ahı…
Yapışmışam yaxasından ,
Dörd divarın nə günahı ?..

 

            …KİMİYƏM

Ulduzu göydəcə sönmüş ,
Dərd – qəmdən yerdəcə ağlamış…
Bəhəri zəhərə dönmüş ,
Dərd- qəmi sünbül bağlamış ,
Biçilən zəmi kimiyəm .

Bayırda bahar olsa da ,
İçimdə qışdı hökm sürən .
Bəxtin çiçəyi solsa da ,
Məcnuna xoşdu hökm sürən –
Sevgi tilsimi kimiyəm .

Sevincim göyə yüksəlir ,
Xoşbəxt anlarım olur .
Hərdən göylərdən səs gəlir ,
Ürəyim sevgiylə dolur –
Kefin kök dəmi kimiyəm.

Qəmi sevincə qatdıqca
Şimşək oluram, çaxıram .
Suyun altına batdıqca
Eləcə yoxa çıxıram –
“Titanik” – gəmi kimiyəm.

 

                    Yollar

Utana – utana getdiyim yollar ,
Uzana – uzana hardan gəlirsiz ?
Ehey ! .. ayağımdan bitdiyim yollar ,
Beşiyə gedirsiz , gordan gəlirsiz ?..

Yaxanda bitmişəm qızılgül kimi ,
Əyri baxanlara batır tikanım .
Nəzərlər pis sancır – bir məftil kimi ,
Bərk üşüyür ruhum , ağrıyır canım .

Ayağımı Yerdən qoparıb mənim ,
Göydəyəm – ulduzlar üzümə gülür .
İstədiyim yerə aparıb məni ,
Arzular gül açır , duyğular gəlir…

Qışın soyuğunda üşüyər elə ,
Yayın istisində qızınar yollar .
Beşikdən məzara tövşüyər elə ,
Ürəkdən ürəyə uzanar yollar …

Fazil Əsəd – media.info.az