Elvin Talışınski : “Şəhidlər ölmür, onlar bizimlədir!”…
Şəhid sözünün mənası öz gözləri ilə görən, şahidlik edən deməkdir. Bu söz Qurani-Kərimdə dəfələrlə keçmiş və əhəmiyyəti geniş şəkildə çatdırılmışdır. Şəhid sözünün bir mənası da Allah yolunda canından keçəndir ki, bu haqda Hz.Peyğəmbər (s) belə buyurmuşdur: “Mən onların (şəhidlərin) Allah yolunda canlarından keçdiklərinə şahid və şəfaətçiyəm”. İslam dini hər bir məsələyə yüksək səviyyədə qiymət verən mənəviyyat, mərhəmət, insanlıq, kamillik dinidir. İslam tarixində əqidə, din, insanlıq, bəşəriyyət uğrunda bir çox şəhidlər olmuşdur. Əbədi ölməzlik və kamil şəhidlik zirvəsi isə Hz.Hüseynə (ə) məxsusdur. Hz.Hüseyn (ə) şəhidlik məqamı İslam dininin qorunmasında öz tarixi əhəmiyyətini daşımaqla yanaşı, eyni zamanda, alimlər tərəfindən fədakarlıq və şücaət məktəbi kimi qiymətləndirilir. Ümumilikdə İslam tarixində xüsusi yeri olan Kərbəla hadisəsini həm də dinimizin yenidən oyanışı adlandırmaq olar. Hz.Hüseyn (ə) hər kəs üçün bir örnəkdir.
Ümumiyyətlə, şəhidlik zirvəsinə yüksəlmək hər insana nəsib olmadığı kimi, vətənini, xalqını sevmək, dünyanın əsl mahiyyətini dərk etməyi hər adam bacarmaz. Azərbaycan da mövcudluğu tarixi boyunca ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və əhalisinin mühafizəsi uğrunda savaşaraq canından keçən oğulları ilə qürur duyur.
Əslində şəhidlər ölmür, onlar bizimlədir. Bizim isə torpaqlarımız işğaldan azad olmayanadək, qardaşlarımızın qanını almayanadək rahat olmağa, rahat yaşamağa haqqımız yoxdur.
Elvin Talışınski
Politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru,
“Elin Səsi” milli-mənəvi dəyərlərimizin qorunması
ictimai birliyinin sədri, Bakı İslam Universitetinin kafedra müdiri
Pressaz.az