ELMAN ISRAFILOĞLU: RUHUMU GÖYLƏRDƏN ENDİRMƏ ALLAH
Elman İsrafiloğlu – AYB,AJB-nin üzvü, “Quruluş” qəzetinin təsisçisi və baş redaktoru, “Sözlü sehrli dünya ” ədəbi məclisinin sədri
DANIŞIR
Dünya başdan başa dəyişib, atam,
Nadan “alim” olub, sözdən danışar.
Üzə boya çəkmək yaman dəb olub,
Boyalı boyasız üzdən danışar.
Bu dünya əyilir nadan sözünə,
Nadanın tir batmır niyə gözünə?
Doğru öz abrını çəkir üzünə,
Yalançı qışqırır düzdən danışar.
Adam var getdiyi yolda sürüşər,
Ona çox adamlar baxıb gülüşər.
Haqq, haqsız yanında tez gözdən düşər,
Hamı nəzər dəyən “göz”dən danışar.
Namərd mərd yanında hər cür don geyər,
Yaxşı insanların ömrünü yeyər.
Ağıllı susanda , namərd söz deyər,
Kül közün yerinə, közdən danışar.
El ilə sevinib, deyib-gülməyən,
Olar nadan adam, olar haqq əyən.
Yoxuşu əsayla qalxa bilməyən,
Bir ahıl qoca da dizdən danışar.
İstərəm hər zaman qurub-yaradam,
Yaxşı iş görənə mən qol-qanadam.
Ay Elman, haqq yola nabələd adam,
Cığırdan danışır, izdən danışar.
RUHUMU GÖYLƏRDƏN ENDİRMƏ ALLAH
Göylərə yol gedən iz var sinəmdə,
Qayalar çapmağa söz var sinəmdə.
Dünyanı isidən köz var sinəmdə,
Söndürmə bu közü, söndürmə Allah.
Qoyma bu əllərim harama dəysin,
Yandır, yollarımdan haram ərisin.
Qoyma mərdin yolun nadanlar əysin,
Nadanı üzümə güldürmə Allah.
Zamanla yüklənib yol gedir qatar,
Sözün üzunluğu göylərə çatar.
Bu fani dünyadan canımı apar,
Amma, gəl ruhumu öldürmə Allah.
Gəzib bu dünyada haqqı aradım,
Dərib bu göylərdən bulud qopardım.
Özümlə dünyadan bir söz apardım,
Ruhumu göylərdən endirmə Allah,
Sözümü göylərdən endirmə Allah.
BİR ONU BİLİRƏM
Ulduzlar səmadan asıldığı tək,
Baxışın gözümdən asılı qalıb.
Bir himə bəndir ki, göz yaşım axa,
De,” bir ulduz axdı”, xəyala dalıb.
Gecənin qoynuna qısılsam da mən,
Ayın işığında qalıb gözlərim.
Köksündən sevgimi aparmaq üçün,
Yağır gecələrə, yağır sözlərim.
Yağırsan üstümə qaranlıqlar tək,
Bu gecə ağlayır gözündə kədər.
Tutub gecələrin ətəklərindən,
Baxışım yol gedər sabaha qədər.
Bal dammır hər eşqin pətəklərindən,
Mən tuta bilmirəm , ta əllərindən.
Dönüb göz yaşına sel olacağm,
Axıb düşəcəyəm, ta gözlərindən.
Bir gün itəcəyəm sənin gözündə,
Yazdığın o sevgi məktubları tək.
Bir gün itəcəyəm sənin sözündə,
Gözündən axacaq yaş ətək-ətək.
Sapanda qoyulub atılan daş tək,
Mənim ürəyimdən ta atılıbsan.
Hara düşəcəksən, nəyə dəyəssən?
İndi sən harada lövbər salıbsan?
Bir onu bilirəm mənsiz qalıbsan.
Bakı. 08.07.2018-ci il.
KÜSMÜŞƏM ÖZÜMDƏN
Qısılıb dünyaya tənha qalmışam,
Sənli xəyalları qucaqlamışam.
Özümə sığınıb hey ağlamışam,
Küsmüşəm özümdən,küsmüşəm,gülüm.
Aylar ilə dönür zaman dəyişir
Həsrətin mənlə yox, vaxtla görüşür,
Ötən günlər sınır, ömrümdən düşür,
Küsmüşəm özümdən,küsmüşəm,gülüm.
Yığıb gözlərimə sevgi dağını,
Yaşaram ömrümün sənsiz çağını.
İtirib ömrümün yaraşığını,
Küsmüşəm özümdən,küsmüşəm,gülüm.
İndi gəlin köçüb sevinc gözümdən,
Asılıb həsrətin soyuq sözümdən.
İncimişəm, gülüm, özüm-özümdən,
Küsmüşəm özümdən,küsmüşəm,gülüm.
Daha xoşlamıram gələn səhəri,
Daha səsləmirəm ötən günləri.
Səni gözü yaşlı qoyandan bəri,
Küsmüşəm özümdən,küsmüşəm,gülüm.
Sevdirə bilmədim ünümü sənə,
Öyrətdim həsrəti, dözümü sənə.
Öyrədə bilmədim özümü sənə,
Küsmüşəm özümdən,küsmüşəm,gülüm.
23.04.2019-cu il.
SEVDİRƏ BİLMƏDİM ÖZÜMÜ SƏNƏ
Ömrümdən ələdim sevgimi sənə,
Verdim əbədilik qəlbimi sənə,
Uzatdım dar gündə əlimi sənə,
Sevdirə bilmədim özümü sənə.
Sənə sevgi verdim, mən qucaq-qucaq,
Sevgindən qəlbimdə, qaladı ocaq.
Demə, səndən mənə, dərd-qəm qalacaq,
Sevdirə bilmədim özümü sənə.
Aylarla, illərlə səni səslədim,
Qəlbimdə sevginə hörmət bəslədim.
Sevgi yollarında səni gözlədim,
Sevdirə bilmədim özümü sənə.
Sevgidə sevmirəm mən hiylə, kələk,
Mənim də bir zaman üzüm güləcək,
Baxtımı beləcə yazıbmış fələk,
Sevdirə bilmədim özümü sənə.
Özümü öymədim başqaları tək,
Axdım yanağından göz yaşları tək.
Dərdin qəlbə çəkən “naxışları” tək
Sevdirə bilmədim özümü sənə.
İtirdim səninlə getdiyim yolu,
İtirdim sən deyən o,son “sağ ol”u.
Bir ömür yaşadım xatirə dolu,
Sevdirə bilmədim özümü sənə,
Tanıda bilmədim özümü sənə.
25.04.2018-cu il.
YOL TAPA BİLMİRƏM, QƏLBİNƏ SƏNİN
Düşmüşəm dünyanın burulğanına,
Mən düşə bilmirəm sevgi bağına.
Düşüb gecələrin qaranlığına,
Yol tapa bilmirəm, qəlbinə sənin.
Göylər bağlayıbdı yolu üzümə,
Buludlar baxmayır daha sözümə.
Ayrılıq nəğməsi düşüb izimə.
Yol tapa bilmirəm, qəlbinə sənin.
Rəsmin çəkdiyin söz, mənə oxşayır,
Sevgilər doğulur, yanır, yaşayır.
Ayaq səslərini zaman daşıyır,
Yol tapa bilmirəm, qəlbinə sənin.
Günlər gözlərimdən axır su kimi,
Göylər saxlayammır, ta əllərimi.
Külək qovalayır yola səsimi,
Yol tapa bilmirəm, qəlbinə sənin.
Getdiyim yolların rəngi dəyişib,
Yollar öz rəngini sənlə bölüşüb?
Yağış tək payızın gözündən düşüb,
Yol tapa bilmirəm, qəlbinə sənin.
Əlimi əlindən üzüb gedirəm,
Dərdli-qəmli səni süzüb gedirəm.
Yoluma sənsizlik düzüb gedirəm.
Səndən yox, özümdən, küsüb gedərəm,
Yol tapa bilmirəm, qəlbinə sənin.
29.04.2019-cu il.
GÖZ YAŞININ RƏSMİ
Göz yaşını
çəkmək üçün,
Nə rəssam ,
nə fırça,
nə də ki,
boya lazımdı.
Bir acı söz kifayətdi,
ürəyini ağrıda…
18.02.2018-ci il.
SEVGİ İSTƏYİRDİ,
GÖZ YAŞLARIM…
Sözümü asimandan dərdim,
düzdüm,
qırçın-qırçın
bulud kimi dağılmış
tellərinə…
Əllərim qanayırdı…
Yerdən bir daş götürüb
atdım dənizə-
Hava dənizinə
Dəniz daşı
saxlaya bilmədi
qucağında
Dəniz ağır idi,
yoxsa ki,
atdığım daş?
Atdığım daş
güllərlə dolu
güldanı sındırdı.
Sular selə döndü,
qızıl gül öldü…
Göz yaşlarımda
səni saxlaya bilmədim.
Qızıl gülün tikanları
qanatmışdı əllərimi…
Sevgi istəyirdi,
göz yaşlarım…
Əllərim qanayırdı…
13.07.2018-ci il.
Pressaz.az