Elman İsrafiloğlu: “ÖMRÜMƏ DONU KİM BİÇƏR”

ÖMRÜMƏ DONU KİM BİÇƏR
Qarışdı əlçim, əlçimə,
Heyran oldum bu biçimə.
Çəkdim səsimi içimə,
Səsimi sükutum içər.

Vaxtın gün-gün soydu məni,
Dünya, dərdin oydu məni,
Zaman yolda qoydu məni,
Ömrümə donu kim biçər?

Söz var hələ çeynənməyən,
Yer üzünə bürünməyən.
Bu zamanın görünməyən
Yolu var sinəmdən keçər.

Qəlbin bağlı, yoxsa açar,
Qəlb kilidini söz açar.
Sevgini qoru o, uçar,
Özgə qəlbi yuva seçər.

Ağlın varsa səbrlisən,
Çalış bir qəlb sevindir, sən.
Ağıllıya dəli desən,
Baş götürüb eldən köçər.

Ağıllını səbri saxlar,
Nadan adam sinə dağlar.
Düşmən nadanla əhd bağlar,
Elman yaxşılıq ək-becər.

Elman İsrafiloğlu – Pressaz.az