ELMAN İSRAFİLOĞLU: DÜNYAYA GƏLMİŞİK QONAQ
DÜNYAYA GƏLMİŞİK QONAQ
Üzə vurmaqla şapalaq,
Ağıl götürməyir yamaq.
Dünyaya gəlmişik qonaq,
Elmə olaq çıraq, qardaş.
Zamanı sıxmaq olmayır,
Əyrilib oluruq yumaq.
Səpələnib varaq-varaq,
Könüllərə uçaq, qardaş.
Ədaləti soya-soya,
Ömrü-günü oya-oya,
Haqq yolunu qoya-qoya,
Əyri yol açmayaq, qardaş.
Yüz dəfə boşalıb-dolub,
Bu dünyanın rəngi solub.
Günəşin zərrəsi olub,
Qəlblərə nur saçaq, qardaş.
Gözlərimiz yaş olanda,
Yol keçilməz daş olanda,
Dünyamız çaş-baş olanda,
Duraq ona dayaq, qardaş.
Güc çatmır vaxtı saxlayaq,
Zamanı biz qabaqlayaq.
Biz yuxulu dünya oyaq,
Gözümüzü açaq, qardaş.
Ünvanlı yollar arayaq,
Dost-tanışı soraqlayaq.
Zamanla qumar oynayaq,
Olaq qoçaq, qaçaq, qardaş.
Vaxt yüyürür yalınayaq,
Vaxt saxlamır bizi qonaq.
Uca Tanrıya sığınaq,
Bu dünyanı qucaq, qardaş.
BU SEVGİNİN RƏNGİ NƏDİ
Bir sevginin həsrətindən,
Əriyir hey baxışlarım.
Kipriklərim dar ağacı,
Asılıbdır göz yaşlarım.
Bəlkə sevgimin rəngindən
Yaranıbdı göy qurşağı.
Rənglər göydə qarışıbdı,
Rənglər sevgidən aşağı.
Bu sevginin rəngi nədi?
Çəkəmmirəm rəssam sayaq.
Rənglər çəkir məni göyə,
Nədənsə getməyir ayaq.
Buz kimi əriyir dünya,
Hər tərəfim sel olacaq.
Bu dünya sevgi rəngində,
Mənim gözümə dolacaq.
Gözlərimə gedən yoldan,
Gör nə qədər illər keçib.
Bu vaxt, zaman asılmaqçün,
Dar ağacı məni seçib.