ELMAN İSRAFİLOĞLU: ÇİÇƏKLƏR SEVGİSİZ YAŞAYA BİLMİR

ÇİÇƏKLƏR SEVGİSİZ YAŞAYA BİLMİR

Hər bulud bir çiçək qonub göylərə,
Saxlayır göylərdə baxışlarımı.
Nadanlar əlində solur çiçəklər,
Saxlaya bilmirəm göz yaşlarımı.
Çiçəklər sevgisiz yaşaya bilmir.

Dərib asimandan ağ buludları,
Bir dəstə bağladım sevgi rəngində.
Sevgim uyumadı qolların üstə,
Çiçəklər ağladı, soldu əlində.
Çiçəklər sevgisiz yaşaya bilmir.

Çiçək tək sevgimi sən üzüb, qırma,
Gərəksiz əşya tək onu tullama.
Çiçəklər məhəbbət, sevgi istəyər,
Gəl onu sevgisiz, sən eşqsiz qoyma.
Çiçəklər sevgisiz yaşaya bilmir.

Mənim bu sevgimin yaşına baxsan,
Dünyanın özüylə qoşadır sevgm.
Qonubdu zamanın qanadlarına,
Dünyanın özünü yaşadır sevgim.
Çiçəklər sevgisiz yaşaya bilmir.

Zaman geri dönməz, zaman əylənməz,
Zaman özü tökər ləçəklərimi.
Bu dünya bir həsrət rəsmini çəkər,
Nadanlar üzərsə çiçəklərimi.
Çiçəklər sevgisiz yaşaya bilmir.

 

BƏS NİYƏ DEMİRSƏN, SEVİRƏM SƏNİ

Deyirsən qəlb sığmır düzə, çəmənə,
Deyirsən canımı verərəm sənə.
Çox vədlər verirsən, verirsən yenə,
Bəs niyə demirsən, sevirəm səni?

Ürəyə səssizcə dolurmuş sevgi,
Əriyib, saralıb, solurmuş sevgi,
Bəlkə elə belə olurmuş sevgi?
Bəs niyə demirsən, sevirəm səni?

Sevən qəlbimizi eşq bəzəyərmiş,
Sevgi yolumuza nur çiləyərmiş.
Bu sevgi bir çiçək yuxusu imiş?
Bəs niyə demirsən, sevirəm səni?

Aldın sevgi adlı xəyallarımı,
Aldın ələrimdən ixtiyarımı.
Söylədim mən sənə öz qərarımı,
Bəs niyə demirsən, sevirəm səni?

Döyüş sevgin üçün, səs sal, səslən də,
Öz halal sevginə, bürün, bələn də.
Qorxmaq lazım deyil yeri gələndə,
Gərəkdi, deyəsən, “ sevirəm səni”,
Bəs niyə demirsən, sevirəm səni?

 

Pressaz.az