Elman İsrafiloğlu: “CƏNNƏTDƏKİ İLK YAŞIN MÜBARƏK, ŞƏHİDİM”…. FOTO
09 mart 2020-ci il tarixdə şəhid Kərəm Əliyev adına Beyləqan rayon Əlinəzərli kənd 2 saylı tam orta məktəbdə Şəhid çavuş İsmayılov Elvin Tələt oğlunun doğum günü ilə əlaqədar “Cənnətdəki ilk yaşın mübarək, ŞƏHİDİM” adlı tədbir keçirilib. Məktəbin direktoru Yeganə Rzayeva Şəhidin keçdiyi döyüş yolundan bəhs etdi. Qeyd etdi ki, bu gün Şəhid çavuş İsmayılov Elvin Tələt oğlunun doğum günüdür.Bununla əlaqədar tədbir keçiririk. Bildiyiniz kimi kəndimizdə həm birinci Qarabağ, həm də ikinci Qarabağ müharibəsi şəhidləri var. Bu şəhidlərin keçdikləri döyüş yolları haqqında mütamadi olaraq məktəbimizdə müxtəlif tədbirlər keçiririk. Bu gün də Şəhid çavuş İsmayılov Elvin Tələt oğlunun doğum günü ilə bağlı tədbir keçiririk. Şəhid Elvin İsmaylovun döyüş yolundan söz açan məktəbin direktoru çıxışının sonunda bütün şəhidlərə Allahdan rəhmət dilədi.
Sonra məktəbin təşkilati işlər üzrə direktor müavini Şükufə Şirinova, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Gülbahar Quliyeva çıxış etdilər.
Şəhid valideynləri, həyat yoldaşı Şəhla Mirzəyeva tədbirin keçirilməsində zəhməti olanlara minnətdarlıqlarını bildirdilər.
Şəhidin həyat yoldaşı Şəhla Mirzəyevanın təşəbbüsü ilə 8-ci sinifə Şəhid Elvin İsmaylovun adı verilib.
Tədbirin sonunda məktəbin foyesində şəhidlərin adına hazirlanmiş foto-stentə baxış keçirildi. Məktəblilər şəhidslərə həsr olunmuş şeirlər söylədilər.
Mart ayının 9-da Şəhid çavuş İsmayılov Elvin Tələt oğlunun doğum günü ilə bağlı Beyləqan rayonu Əlinəzərli kəndində olduq. Şəhidimizin ata ocağında bizi Şəhid atası Tələt kişi qarşıladı.Bizi evə dəvət etdi.Qeyd edim ki, bu evi Şəhidimiz halal zəhməti ilə özü tiksə də, həmin evdə yaşamaq ona nəsib olmadı. Əvvəlcə Şəhid Elvin İsmayılovun danışan foto-şəkilləri ilə danışdıq. Şəhidimizin ruhuna dualar oxundu.
Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Beyləqan rayon şöbəsinin sədri Sabit Vaqif oğlu Mehdiyev Cəmiyyətin adından Şəhidimizin ad gününü təbrik etdi. Sonra Cəmiyyətin sədri Müşviq Əliyevin salamlarını şəhidin valideynlərinə çatdırdı .O,Cəmiyyətin adından şəhidimizin doğum günü münasibətilə hədiyyəni atasına təqdim etdi.
Tanınmış vətənpərvər şairlərdən Elman İsrafiloğlu, Etibar Süleymanlı, Tahir Hüseyn, Hidayət Ağalar Şəhidimizə həsr etdxikləri şerlərini oxudular.
ŞƏHİDİM
(Şəhid İsmayılov Elvin Tələt oğlunun əziz xatirəsinə. Yerin cənnət olsun, ŞƏHİDİM.)
Tanrı verən ömrü verdin Vətənə,
Ellər çiçək düzür məzar önünə.
Vətən boyda yurdu sıxdın köksünə,
Sən yurd oldun, Vətən oldun,Şəhidim,
Bu Vətəni sən qorudun Şəhidim!
İgidliyin dastan oldu dillərdə,
Yaşayırsan el-obada, qəlblərdə.
Qürur duyur sənlə oba, ellər də,
Sən yurd oldun, Vətən oldun,Şəhidim,
Bu Vətəni sən qorudun Şəhidim!
Arzun olub azad etmək Şuşanı,
Bu amalla qurban verdin sən canı.
Şücaətin mat qoyubdu cahanı,
Sən yurd oldun, Vətən oldun,Şəhidim,
Bu Vətəni sən qorudun Şəhidim!
Qisasını aldı şanlı Ordumuz,
Qarabağa açılıbdı yolumuz.
Azad oldu torpağimiz, yurdumuz,
Sən yurd oldun, Vətən oldun,Şəhidim,
Bu Vətəni sən qorudun Şəhidim!
Yumruq kimi birləşdilər oğullar,
Obalarda dalğalandı bayraqlar.
Elvin sənlə, fəxr eyləyir obalar,
Sən yurd oldun, Vətən oldun,Şəhidim,
Bu Vətəni sən qorudun Şəhidim!
Elman İsrafiloğlu – pressaz.az