ELMAN İSRAFİLOĞLU: ƏLƏNİRİK QƏBİR-QƏBİR

 

     

            BAX
Gül tək əllərimdə solan,
Günlərim olubdu talan.
Torpaqdan güc-qüvvət alan,
Taqətsiz dizə bax, dizə…

Göydə ulduz gilə-gilə,
Nurun səpir çiçək-gülə
Qonaq gəl, Muğana-Milə,
Heyran ol,düzə bax, düzə.

Kitab göndərib Yaradan,
“Quran”ı anlamaz nadan.
Göyü yerindən oynadan,
Hikmətli sözə bax, sözə.

Adam var haqqı itirən,
Adam da var gül bitirən.
Sillə, şapalaq götürən,
Adamda üzə bax, üzə.

Vaxt, zaman hər şeyi udur,
İnsan öz-özün unudur.
Hər kəs göylərə üz tutur,
Haqq yolda izə bax , izə.

Zaman xeyir, dərd-qəm əkir,
Hər kəs öz yükünü çəkir.
Pinəçi Göy üzün tikir,
Elman dön, bizə bax, bizə.

 

 

ƏLƏNİRİK QƏBİR-QƏBİR

Yoluma baxtım çıxacaq,
Görən, baxtım gül açacaq?
Dolan bulud sulayacaq?-
Güllərimi…

Nə qəlbdən çıxarmaq olur?
Nə qəlbdən qoparmaq olur?
Nə sapantla atmaq olur?-
Dərdlərimi…

Namərd məni aldadacaq,
Haqq yolumu bağladacaq.
Tanrı, görən kim açacaq?-
Əllərimi…

Zamanın “əlində ” xəlbir,
Ələnirik qəbir-qəbir.
Qayçılayır zaman bir-bir,-
Günlərimi…

 

SƏNİN GÖZ YAŞINA DƏYMƏZ BU DÜNYA

Bir dünya sevgimi qəlbinə əkdim,
Sevgimlə qəlbinə cığır, yol çəkdim.
Damla-damla sınıb gözünə çökdüm,
Sənin göz yaşına dəyməz bu dünya.

İlahi sevgimiz haqq yoldan keçər,
Həyat baxışınla gözümə köçər.
Ağlama, ürəyim göz yaşı içər,
Sənin göz yaşına dəyməz bu dünya.

Gözü dolu görüb udar nəğməni,
Buludlar göylərə aparar səni.
Acı hıçqırtındı, dağların çəni,
Sənin göz yaşına dəyməz bu dünya.

Baxışım asılıb göy qurşağından,
Çıxmışıq zamanın sınaqlarından.
Gəl silim göz yaşın yanaqlarından,
Sənin göz yaşına dəyməz bu dünya.

Kədəri, qüssəni qəlbindən silim,
Əbədi qəlbində qalım sevgilim.
Sənə göz yaşları yaraşmır, gülüm,
Sənin göz yaşına dəyməz bu dünya.

 

Pressaz.az