Elman İsrafiloğlu:”ƏFSANƏVİ QƏHRƏMAN” – FOTO

           ƏFSANƏVİ QƏHRƏMAN
Şəhid Bayramov Səddam Ələddin oğlu

Beyləqan rayonunun tarixi çox qədimdir. Beyləqan rayonu tarixən döyüşkən olub. Ta qədimdən bu günə kimi Beyləqan rayonunun övladları doğma torpaqlarımızı qorumaq üçün həmişə silaha sarılmağa hazır olublar. Döyüşkən şəhər kimi Beyləqan Ərəblərə, Monqol Tatarlarlara, Gürcülərə, Slavyanlara qarşı igidliklə döyüşüblər. XIX əsrin əvvəllərində çar Rusiyası Şimali Azərbaycanı, o cümlədən onun şimal-qərb bölgəsini işğal edəndə ulu babalarımız düşmənin top-tüfəngli qoşunlarının qarşısına at belində qılıncla çıxıblar.
1941-1945-ci illərdə də beyləqanlılar döyüşlərdə faşizmə qarşı hünər göstərmişlər.Beyləqan rayonunun igid oğulları Birinci Qarabağ ,İkinci Qarabağ- Vətən müharibəsində də qeyrətlə döyüşüblər. Ata- babalarımızın döyüş yolunu övladlarımız ləyaqətlə davam etdiriblər.


27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsi başlayanda təxminən 99 min əhalisi olan Beyləqan rayonun 137-dək övladı bu müharibədə şəhid olmuşdur. Bu şəhidlərimizdən birinin döyüş yolu , göstərdiyi igidlik ağıla sığmayacaq dərəcədə əfsanəvi xarakter daşıyır.
O, əfsanəvi qəhrəmandır. Əfsanəvi qəhrəmanlar haqqında kinolarda, nağıllarda eşitmişdim. Amma, Vətən müharibəsində Azərbaycan xalqının neçə-neçə əfsanəvi qəhrəmanı olduğunu gördük.
Hələ uşaq vaxtlarında nağıllarda oxudu, kinolarda gördüyü əfsanəvi qəhrəmanlara oxşamaq istəyirdi. İstəyirdi onlar kimi mübarizə aparıb , döyüşüb torpaqlarımızı yağıdan azad edə. Onlar kimi döyüşüb haqqı bərqərar edə…
Vətən müharibəsi başlayanda əfsanəvi qəhrəman olacağını bilmirdi…
Onların igidlikləri, şücaəti dastana döndü.Belə əfsanəvi qəhrəmanlarımızdan biri haqqında söz açacağam:
-İkinci Qarabağ-Vətən müharibəsində igidliyi ilə tanınan, mənfur düşməndən qisas alan qeyrətli oğullardan biri də Beyləqan rayonunun Təzəkənd kəndində doğulub boya-başa çatan Şəhid Səddam Ələddin oğlu Bayramovdu.
Bayramov Səddam Ələddin oğlu 29 yanvar 2002-ci ildə Beyləqan rayonunun Təzəkənd kəndində anadan olub.
2019-cu ildə Əliheydər Məmmədov adına Təzəkənd tam orta məktəbini bitirib.
29 yanvar 2020-ci il tarixdə həqiqi hərbi xidmətə yola düşüb. Həmin gün Səddamın 18 yaşı tamam olurdu.
Səddam həqiqi hərbi xidmətə Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissədə başlayır. Cəsurluğu, qorxmazlığı komandirlərin də diqqətindən yayınmayır. O, ön xəttə, düşmənlə qırx metr məsafədə postda qulluq edib.
27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsi başlayanda da xidmət etdiyi hərbi hissədən döyüşlərə qatılıb…
Şəhidimizin atası Ələddin Bayramov:
Uşaq vaxtı Səddam çox şirin uşaq olub. Hər nə etsə idi biz onu sevinclə qarşılayardıq. Heç kim onun xətrinə dəyməzdi. Onun ömrü qısa olsa da bir igidin həyat yoludur. Uşaq vaxtlarından yaxş at çapmağı var idi . Yıxılsa da , bir yeri ağrısada belə onu deməzdi. Əli təsadüfən kəsilərdisə istəyirdi ki, mən görməyüm onu. Hər hansı bir hadisə olardısa istəməzdi ki , kimsə ağrısın, istəyərdi ki, o ağrını özü çəksin. Vətən müharibəsi başlayanda mənfur düşmən dinc əhalini də artileriya atəşinə tutmuşdu. Azərbaycan Ordusun qarşısında tab gətirə bilməyən düşmən şəhər, rayon, kənd və qəsəbələrimizi, dinc əhalimizi atəşə tuturdu. Həmin vaxtlarda dəfələrlə Beyləqna da raket atəşləri açmışdılar. Növbəti dəfə Beyləqanı raket atəşinə tutan zaman avtovağzalın yanı, 8 saylı Ərazi Vergilər İdarəsinin yanı və Xan qızı kanalının ətrafını raket atəşi ilə vurmuşdular. Həmin atəş zamanı evlər dağılmış dinc sakinlərimizdən ölənlər də oldu. Bu xəbəri Səddam hardansa eşitmişdi. O, bilirdi ki, böyük qardaşı Həmlədə işləyir. Yəni, o raket atılan yerə yaxın yerdə işləyir. Həmən vaxtı mənə zəng etmişdi.
– Salam, ata. Necəsən? Nə var nə yox?
Tez qayıdıb soruşdu ki, Rasim hanı? Çox həyəcanlı bir səslə dedi:
-Ata , qardaşım hardadır?
Dedim :
-Hamamlanır. Evdədir.
O, gözləmədi ki, qardaşı hamamdan çıxa.
Bəlkə nə isə eşitmişdi… Çox narahat idi…
Telefonu qardaşına verdim. Danışdılar. Sonra o rahatçılıq tapdı…
Səddam o qədər ailəcanlı, mehriban idi ki… Nə desən o gülərdi. O güləndə el bilərdim ki, dünya gülür. Seçilmişlərdən idi…
Səddam şəhid olandan sonra bir müddət ondan xəbər tutmadıq. Səddamı axtara-axtara hərbi hissələrdə, qospitallarda, xəstəxanalarda oldum…
Səddamı axtaran zaman camaatı gördüm, əhalini gördüm…Millət ayaq üstə idi…İnandırım ki , düşündüm ki, Ali Baş Komandanımız müzəffər İlham Əliyevin on milyon ordusu var . Hamı öndə idi…Əsgəri qoymurdular ki, odun doğrasın, ya hansısa bir “ veş “ gətirsin. Camaat onu özü edirdi. Həmin vaxtı Tərtərdə idim. Səddamı axtarırdım. Həmin vaxtı Tərtəri mənfur düşmən ardı-arası kəsilmədən raket, toplarla atəşə tutmuşdular. Məni də Allah saxlayırdı. Əsgər yoldaşları mənə danışırdı ki, Səddam həmişə öndə postda olub. Əsgər yoldaşına deyirmiş ki, mən özüm postda dayanacam. Sən ehtiyatda dayan. 12 saat gözünü qırpmadan postda dayanarmış. Yeddi dənə mühüm əhəmiyyətli “navodka” verib, komandiri Toğrul Sadayevə. Toğrul Sadayev də həmin məlumatları bizim artileriyaya ötürürmüş.
Onlar da həmin nöqtələri dəqiq atəşlə vuraraq düşməni məhv ediblər. Səddam postada çox məsuliyyətlə durardı. On dörd gün idi ki, Səddamı axtarırdım. Əsgərlərlə bir yerdə olurdum, onlarla bir çörək yeyirdim. Əsgərlər məni öz valideyinləri kimi qəbul edirdilər…
…Ağdərə istiqamətində düşmən çox güclü sədd qurmuşdu. Görürdük ki, şərəfsizlərin topu çıxır, bizim artileriya düz həmin nöqtəyə atəş açırdı. İyirmi dəqiqədən sonra həmən yerdən top qurğuları bir də çıxırdı. Otuz ilə yaxın onlar istehkamlar qurmuşdular. Ohanyan səddi var. Oranı döyüş cəhənnəmi adlandırırdılar. Amma,şərəfsiz düşmən müzəffər ordumuzun qarşısında dayana bilmədi…Düşmənin bütün səddlərini, texnikalarını, canlı qüvvələrini darma-dağın etdik…
… Onun nəşini döyüş yerindən çıxarmaq çox çətin olub. O, şərəfsizlər özlərinin nəşlərinə yiyə durmurdular. Deyirdilər bizə lazım deyil. Bizim əsgərlərin nəşinin çıxarılmasına da bütün gücləri ilə mane olmağa çalışırdılar. Noyabrın 9-u – 10-na keçən gecə müharibənin qələbəmizlə başa çatma xəbərini eşitdim…
… Təxliyə qrupundan verilən məlumata görə Səddamın nəşi olan yeri , nəşinin ətrafını minalamışdılar. Onu hörmət mənasında etmişdilər. Güclü əsgərə, qəhrəman döyüşçülərə döyüşdə hörmət əlaməti olaraq böyür- başını minalayırlar ki, qurd- quş yaxın gəlməsin. O, minaları Səddamın ətrafına düşmən tərəfindən muzdlu döyüşçülər qoymuşdular. Həmin döyüşdə Səddam xeyli sayda mənfur düşmən əsgərlərini cəhənnəmə göndərmişdi.Düşmən də onun şücaəti qarşısında mat qalmışı. Muzdlu döyüşçülər igid, qəhrəman əsgərə hörmətlə yanaşırlar. Hətta nəşinə də hörmətlə yanaşırlar.
Erməni əsgərləri isə şəhidin üstünə, qoltuğunun altına mina qoyur ki, onun nəşini götürəndə partlasın. Onu götürənlər də şəhid olsunlar.Bu erməni xislətidir.
Gözəlov Cavidin söylədiyinə görə . Səddamın nəşini götürən təxliyə qrupu da maraqlanıb. Maraqlanıblar ki, nə üçün bu əsgərin ətrafını minalayıblar? Belə hadisə ilə onlar Vətən müharibəsi dövründə ilk dəfə rastlaşmışdılar. Çünki, Səddamdan aralıda şəhid olanların heç birinin ətrafı minalanmamışdı.Nəşini müharibə qurtarandan sonra noyabırın 16-da götürüblər. Döyüşçü yoldaşları deyir ki, Səddam harada şəhid olmuşdusa elə orada da qalmışdı. Buna baxmayaraq DNT analizindən sonra bizə 22 noyabr 2020-ci il tarixdə verildi. 22 noyabr 2020-ci il tarixdə Təzəkənd Şəhidlər xiyabanında dəfn etmişik.
Şəhidimizin anası Bayramova Marina :
-Mən şəhid Bayramov Səddamın anasıyam. Səddam uşaq vaxtından çox mehriban, qocaq, düz danışan idi. Səddam öz tay-tuşlarından fərqlənərdi. İncəsənətə, idmana daha çox bağlıydı.
Bir də baxıb görərdik ki, daşları yontalayır. Yonduğu daşdan fiqur çıxardardı, müxtəlif əşyalar hazırlayardı. Onun öz uşaq dünyası varıydı.İllər o qədər sürətlə gəlib keçdi ki…
Böyüdü, orta məktəbi bitirdi, bir də baxdıq ki, əsgərlik vaxrıdır…
Hərbi xidmətə gedəndə hamımız sevindik.Hər birimiz ona sağ-salamat hərbi xidmətə gedib, qayıtmağı arzuladıq. Amma deyirlər :-Sən saydığını say gör fələk nə sayır. Onda heç kim dilmirdi ki, müharibə olacaq.Səddam hərbi xidmətdə olduğu müddətdə müharibə başladı. Müharibə başlayanda onunla telefonla əlaqə saxlayardıq.
Səddamla axırıncı dəfə oktyabrın 9-da danışmışıq. Danışanda özü haqda dedi:
-Hər şey yaxşıdır.
Onda biz bilmirdi ki, o, döyüşür. Elə bilirdik ki, hərbi xidmətdə, əsgərlikdədir. Atasını , qardaşını, qohum-əqraba haqqında ,kəndimizdən şəhid olub-olmamsı ilə maraqlandı.
Övlad itgisi, böyük itgidir…
Nə yaxşı ki, onların qanı yerdə qalmadı…
Şəhidlərimzin qisası alındı. Bütün şəhid analarına Allahdan səbr diləyirəm. Allah şəhidlərimizə rəhmət eləsin.
Şəhidimizin bacısı Hümbətli Şövkət Ələddin qızı:
-Səddamı qardaş kimi hər birimiz çox istəyirdik. O, da bizi çox istəyərdi. Çox vaxtı mənimlə həmsöhbət olardı. Səddam evimizdə yaşca hamımızdan balaca olduğu üçün heç birimiz onun xətirinə dəyməzdik. Əksinə istəyərdik ki, onun hər bir arzusunu yerinə yetirək. Atamın, anamın xətirini daha çox istəyərdi…
Qardaşım elə uşaq vaxtlarından qorxmaz, cəsur olub. Böyüdükcə də o, elimizə-obamıza daha çox bağlı oldu. Elə uşaq vaxtlarından ermənilərə nifrət edirdi. Deyərdi ki, böyüyəndə o murdarları torpaqlarımızdan qovacağam. Torpaqlarımzı azad edəcəm. Böyüdü, əsgərliyə getdi…
Sonra da vətən müharibəsi başladl. Qardaşım vətən müharibəsində qəhrəmanlıqla döyüşdü…
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Şəhidimizin qardaşı Bayramov Rasim Ələddin oğlu:
-Qardaşım Səddam yaşca məndən balaca olsa da həmişə seçilirdi. İstər dostları arasında, istərsə də sinif yoldaşlarında fərqlənərdi. Deyirlər :
-Qardaşın necə adamdır? Deyirsən ki, yoldaşlıq eləmmişəm ki, onun xasiyyətini , davranışını biləm.
O, həmişə səmimi olub, kövrək qəlbi var idi. Kövrək deyəndə kiminsə bir dərdi olub ona deyəndə o , həmin dərdi istər-istəməz özündə çəkən olubdur. Nə isə bir sıxıntısı olanda həmişə gizlədibdi.
İşə getmişik. Ağrıyıb onu məndən gizləyibdi.
Müharibə başlayanda mən hərbi bazada işləyirdim. Beyləqanda təminat bölüyü var . Orada işləyirdim.
27 sentyabr 2020-ci il tarixdə müharibə başlayanda bilirdik ki, müharibə gözlənilir. Amma vaxtını dəqiq bilmirdik. Belə ehtimal edirdik ki, müharibə başlaya bilər. Müharibə başlayanda mən qardaşımla danışdım.Səddam dedi:
-Bizi müharibəyə aparan deyillər. Biz gənc əsgərik. Biz ancaq azad olunun torpaqlarda qalırıq. Bizi ön xəttə aparmırlar. Amma, halbu ki, ön xəttə idi. Hamıdan qabaqda gedən 8 nəfər heyətin içində idi. Həmin 8 nəfər üç yüzdən çox əsgərin-döyüşçünün yolunu açırdı, kəşviyat məlumatını verirdi. Mənim qardaşım pulemyotçu idi. Pulemyotçular da həmişə öndə gedir, yol açır, kordinat verir. Harda düşmən varsa, pusqu qurubsa bu barədə bölüyünə məlumat verirlər. Bölük də necə hərəkət edəcəyini, düşmənə qarşı nə edəcəyini bilirdi.
Ən qabaqda, öndə döyüşən 8 nəfər heyətin içərisində 4 nəfər əsgər , iki nəfər gizir,iki nəfər də zabit olublar. 4 nəfər əsgərin içərisində mənim qardaşım da olub.
Axırıncı dəfə o, iki döyüşə girib. Birinci döyüşündə Madagiz-Suqovuşan istiqamətdə hücumda olub. Orada əsgər yoldaşlarının dediklərinə görə üç hücum olubdu. Birinci hücumda giriblər, qayıdıblar. Amma şəhidlərimiz qazilərimiz olub. İkinci hücumda qardaşım döyüşə girəndə düşmən tülkü dərəsi deyilən bir yerdə olubdu. Orda düşmən pusqu qurubmuş. Qardaşım döyüşərək gedib bunu görüb. Sonuncu sözü bu olub ki, komandir, düşmən, tülkü dərədədir. Deyib, çöküb aşağı. Sonra atışma başlayıb…
Çox yaxın məsafədə döyüş başlayıb, döyüşüblər. Qardaşım birinci dəfə snayperlə vurulub. Güllə kaskasından dəyib, başı yaralanıb. Arxadan komandiri, yoldaşları qışqırıblar ki, Bayramov əyil… Bayramov əyil…
Həmin anda qardaşımın pulemyot əlindən yerə düşüb. Çöküb pulemyotu götürür. Bir də qalxır. Qorxmayıb, çəkinmədən bir də döyüşə atılıb…
Nağıllarda danışırlar ey… Filan qəhrəman belə eylədi. Bu sözləri nağıllarda oxuyuruq.
Amma, qardaşımın döyüş yolu, qəhrəmanlığı, bu döyüş haqqında danışan Səddamın səfərbərliklə gedən əsgər yoldaşları Haqverdiyev Abbas, Əsədov Mirsalam onunla olublar. Müharibə qurtarandan sonra , hərbidən tərxis olunandan sonra onlar bizə gəliblər. Onlar qardaşım haqqında, onun necə bir qəhrəman olmasından danışırlar.
Onları söylədiklərinə görə qardaşım gecə posta çıxardı. Posta qalxanda, yuxarıda müşahidə məntəqəsində balaca bir yer var. Hər axşam ordan mənfur düşmənlər müşahidə olunur. Deyirlər ki, qardaşım düşməni müşahidə etmək üçün çox kiçik bir pəncərəni (fortuşkanı) açıb. Elə həmin anda düşmən tərəfdən snayperlə güllə atıblar. Güllə Səddamın gözündən bir balaca yuxarı, hardasa 5 sm gözündən yuxarı dəyibdir. Heç ruhu da inciməyib. Sanki heç nə olmayıb.Səhəri açılıb. Gülə-gülə orada “Qoca” ləqəbli döyüşçü də var imiş. Ona göstərib. Deyib:
-Qoca, buna bax. Bir balaca aşağı gəlsəydi kəlləmi dağıdardı.
Qorxmadan, ürəklə, gülə-gülə bu sözləri deyib. Yəni buna elə də əhəmiyyət vermədiyini bildirib.
Hər bir insan fikirləşər ki, ən azından haramsa yaralanar, qoluma-qılçama nə isə olar. O, insan onu fikirləşmirdi. Tək fikirləşdiyi Vətən olubdur, qalib gəlmək olubdur. Vətənin, atanın-ananın başını uca eləmək olubdur.
Qardaşım haqqda çox danışmaq olar. Amma insan ürəyində olanları dilinə gətirə bilmir. O cümləni tapıb deyə bilmir. Mən qardaşımla onu əsgərə yola saldığımız günə kimi, bir otaqda yatıb, bir də dururdum . İndi həmin otaqda mən tək yatıb, tək dururam. Adam barışa bilmir. Düzdür, hamı deyir möhkəm ol, başını uca tut. Sən Şəhid qardaşısan. Bir şey də var ki, ürəkdə olan bu dağ var ki, onu heç kəs qaytara bilmir.Ona heç kim məlhəm ola bilməz. O dağı çəkmiyən, qardaş dağı nədir , onu bir o qədər bilmir. Düzdür, şərik olurlar. Sağ olsunlar. Qardaşım haqqında nə qədər danışsam da adam doymur danışmaqdan…
Çox istiyərdim ki, Səfərbərliklə qardaşımla əsgərliyə gedib ,əsgərlikdən gələn qardaşlarıma qurban kəsdiyimiz kimi, öz qardaşıma da qurban kəsəydik. Gələndə ayağının altından öpəm. Şükür edəm Allah ki, arxam-dayağım gəldi…
Ürəyimin dağı gəldi…
Əsgərlikdə olanda mən qardaşımla danışırdım. Mən kəşviyat bölümü tağımında olmuşam. Ancaq postlarda olmuşam. O vaxtlar mən Səddamla danışırdım. Deyirdim ki, düşmənlə belə yaxın olursan, müşahidə aparırsan, izdəyirsən, hər addımını. Səddam da əsgərliyə getməmişdən əvvəl həmişə həvəsdə olub ki, əsgərliyə gedəndə mən gedəcəm posta. Mən aşağıda qalmayacağam. Deyirdim hara düşərsən qalıb orada da xidmətini edərsən. Deyirdi ki, yox.Nə olur olsun mən özümü postda salacağam. Bizim ordunun ən güclü bir hərbi hissəsi var. Ora düşməyi arzulayırdı. Səfərbərlik üzrə Dövlət Xidmətinin Beyləqan şöbəsindən əsgərliyə getmək haqqında çağırış gəldi. Getdik.Allaha yalvarırdı ki, məni həmin hərbi hissəyə salsın. Onun ən çox sevdiyi idman olub. İnandırım ki, işdən gəlirdik yorğun olurdu. Gəlirdi bir stəkan çay içirdi. Bir az dincəlirdi, başlayırdı məşq etməyə. Məşqləri ən azından iki-üç saat edirdi. Elə bil ki, bayaqkı yorğun adam deyil. Yorulmurdu. O, məşqlərinə o qədər məsuliyyətlə, həvəslə yanaşırdı ki… Deyirdi ki, mən məşqlərimi eləyim. Əsgərlik vaxtı çatanda məni həmin hərbi hissəyə seçsinlər. Onun həvəsi ilə yaşayırdı.
Bu döyüşlərdə də özünü göstərdi. Şəhidlik zirvəsinə ucaldı.. . Allah şəhidlərimizə rəhmət eləsin.
Şəhid Bayramov Səddamın xidmət elədiyi taborun komandirinin şəxsi heyətlə iş üzrə müavini kapitan Mirsadiq Zeynalov:
-Mən sizə 44 günlük müharibədə öz canıyla, qanıyla tarix yazan igidlərimizdən biri olan Bayramov Səddam Ələddin oğlunun şücaətindən danışmaq istəyirəm.Bayramov Səddam Ələddin oğlu xidmətə başladığı ilk gündən özünü çox nizam, intizamlı, komandirlərinin tapşırıqlarını vaxtında yerinə yetirən bir hərbi qulluqçu olmuşdur. Eləcə də döyüş başladığı müddətdə verilən tapşırıqları vaxtında, layiqincə yerinə yetirmək üçün tapşırığın icrasına can atan hərbi qulluqçulardan biri idi.
Bayramov Səddam hər döyüş tapışırığı gələndə, hər döyüşə gedəndə, hər hücuma gedəndə gülər üzlə, sevinclə gedirdi. Çünki, hər dəfə döyüşə gedəndə onların gözündə Azərbaycanın işğal altında olan torpaqlarımızı düşməndən azad eləmək sevinci var idi. Və bu sevinclə irəliləyirdilər. Baxmayaraq ki, onların yanında şəhid olan komandirləri olurdu, yaralılar olurdu, şəhid əsgər yoldaşları olurdu. Buna baxmayaraq heç bir halda belə vəziyyətdən qorxmayaraq düşmən üzərinə irəliləyən igidlərimizdən biri də Bayramov Səddam idi.
Bayramov Səddam sonuncu dəfə hücuma gedərkən yenə də öndə, öz komandirinin yanında onunla gülər üzlə, sevinclə yenə düşmənin üzərinə irəliləyir, öz bölməsində onun komandiri olan leytenant Sadayev Toğrulla bir yerdə irəliləyir,düşmənin bir neçə postunu azad edərək tapşırığı yerinə yetirmək üçün irəliləyirdilər. Həmin döyüşdə Bayramov Səddamın əsgər yoldaşlarından, komandirlərindən, hətta tabor komandiri olan mayor Hacıyev Ramiq də şəhid oldu. Mayor Hacıyev Ramiqin şəhid olduğunu eşitdikdən sonra əsgərlərimizdə, bu gənclərdə başlıca olaraq Bayramov Səddam daxil olmağnan daha da hirsli bir şəkildə şəhid komandirlərinin qisasını almaq üçün düşmənin üzərinə sürətlə hərəkət edirdilər.Bayramov Səddam pulemyotçu idi. Öndə gedib öz döyüşçü yoldaşlarına, komandirlərinə yol açıb, düşməni təmizləyib və onun bölməsi də onun arxasınca hərəkət edirdi. Bu vaxt düşmənin bir neçə postunu təmizlədikdən sonra düşmən snayperi Bayramov Səddamı başından vurdu. Və həmin an birmənalı şəkildə bu qəbul olunmalıdır ki, başından snayperlə vurulan insan yerindəcə şəhid olmalıdır. Səddamda olan vətən sevgisi, onda olan ürək, onda olan dözüm necə oldusa həmən anı mən sizə təsəvvür edə bilmirəm. Yəni orda olan əsgər yoldaşlarının, komandirlərinin danışdığın sizə deyirəm. Yəni həmən döyüşdə gördüyümü sizə deyirəm. Bunu təsəvvür edə bilmirəm. Sadəcə olaraq orda onu görmək lazım idi,yaşamaq lazım idi. Həmən anı sözlə ifadə eləmək olmur.Başından vurulan adam əlbəttə ki, birmənalı şəkildə şəhid olmalıdır. Amma, Bayramov Səddam yerə yıxıldı, yenidən silahını götürüb düşmənin üzərinə irəlilədi.Və növbəti snayper gülləsi onun sol tərəfdən sinə nayihəsinə dəydikdən sonra o, geriyə çönərək öz komandirinə, öz əsgər yoldaşlarına “düşmənin tülkü yuvalarında , oyuqlarında” daha doğrusu çaqqalların tülkü oyuqlarında olduqlarını, dedi.
Bayramov Səddam qəhrəmancasına döyüşdü. Bayramov Səddam igidcəsinə döyüşdü. Bayramov Səddam Vətənin, torpağı düşməndən azad etmək üçün bir insanın bacardığından artıq etdi. Döyüşdü, vuruşdu Vətəni uğurunda, milləti uğurunda, torpağı uğurunda, qürurla dalğalanan bayrağı uğurunda canını əsirgəmədən şəhid oldu. Şəhidlərimiz bizim qürurumuzdur. Şəhidlərimiz bizim başımızın tacıdır. Və onu danmaq lazım deyil ki, bu günkü gün Azərbaycan gənci, Azərbaycan xalqı, Azərbaycan dövləti yaşasın deyə həmən gənclərimiz öz canlarını Vətən uğurunda fəda etdilər. Və neçə illik Vətən həsrətinə sona yetirdilər. onlar elədi. O, gənclərimiz elədi.Bayramov Səddam da həmən gənclərin öndə gedənlərindəndir. Öz qanıynan, canıynan tarix yazanlardandır. Bu millət, bu xalq, bu dövlət nə qədər ki, var bizim şəhidlərimiz yaşayacaq. Şəhidlər ölmür. Hər dəfə Bayramov Səddamın valideynlərini görəndə deyirəm:
-Bir oğul itirdiniz,amma, yüzlərlə, minlərlə oğul qazandınız. Bir Səddamı itirdiniz,yüzlərlə, minlərlə Səddam qazandınız. Bizlər onların övladlarıyıq. Şəhid o vaxt ölür ki, o şəhid unudulur. Amma, bizim şəhidlərimiz heç vaxt unudulmayacaq.Və heç vaxt ölməyəcək. Nə qədər ki, bu dövlət, bu millət yaşayır o, şəhidlər də yaşayacaq. Bu gün Bayramov Səddamın xidmət elədiyi bölmədə Bayramov Səddamı nümunə gətirirlər. Əsgərlərə Bayramov Səddamı nümunə gətirirlər ki, baxın, görün döyüşdə necə cəsarətlə, fəal döyüşən hərbi qulluqçularımız olmuşdur. Səddamın valideynlərinə başınız sağ olsun deyirəm. Allah sizə uzun ömür,cansağlığı versin. Çox sağ olun ki, o cür Vətəni sevən, millətini sevən, torpağına bağlı, millətinə bağlı bir övlad yetişdirib Azərbaycan Respublikasının müdafiəsi üçün göndərmisiniz. Bu günkü gündə gənclərimiz həmən gəncləri nümunə götürürlər. Yenə də, yenə də döyüş olsa siz bilin ki, bu günkü gün yenə Səddamı nümunə götürüb yetişən Səddamlarımız bu vətənin, bu millətin, bu torpağın bir qarışının belə düşmən əlində qalmaması üçün, düşmən əlinə keçməməsi üçün öz canlarını,öz qanlarını əsirgəməyəcəklər. Siz buna arxayın ola bilərsiniz.
Baş leytenant Sadayev Toğrul Hayan oğlu:
-Vətən müharibəsi başlayandan bir gün öncə mən öz tağımımla əmr aldıq ki, tağımın dayaq məntəqəsini tutub müdafiə edək. Tağım üç manqadan ibarət olur. Bizim tağımda üç post var idi.
Dayaq məntəqəsini tutub hər posta bir manqa yerləşdirdim. Özüm də düşmənə ən yaxın olan postda oturdum.
Şəhid əsgər Səddam Ələddin oğlu müharibə başlayan gündən şəhid olan günə qədər mənim yanımda oldu. Çox cəsur, mərd, qorxmaz əsgər idi. Mərdliyi ilə bərabər çox qanacaqlı, mərifətli, ailə tərbiyəsi görmüş əsgər idi. Ailəsi ilə telefonda danışanda həmişə atasına deyərdi ki, ata, mən qabaqda deyiləm. Hələlik bizə ehtiyac yoxdur. Ailəsi narahat olmasın deyin yalan deyirdi.
Bizim post uzaq olduğuna görə həm də düşmənlə yaxın olduğuna görə bizim üçün yeməyi qonşu posta qoyurdular. Səddamı bir -iki əsgərin üstünə rəhbər qoyub göndərirdim həmin posta gedib yeməyi götürüb gəlirdilər. Ən güvəndiyim əsgər Səddam idi. O, manqanın pulemyotçusu idi. Silahdan istifadə qaydalarını çox gözəl mənimsəmişdi. Atıcılıqda həmişə beş alardı. Təlimlərdə fərqlənirdi. Adətən pulemyotçular artileriya atəşi açıldıqda komandirlə birlikdə müşahidədə olurlar. Sentyabr ayının 27-dən oktyabr ayının 15-nə kimi biz birlikdə hmin postu müdafiə etdik. Səddam gecə-gündüz müşahidədə mənim yanımda olurdu. Düşmənin artileriya atəşlərinin yerini təyin edib koordinat çıxardıb öz artileriya bölmələrimizə ötürürdük . Onlar da atəş açıb hədəfi məhv edirdilər.
Oktyabr ayının 15-i bizə yeni tapışırıq gəldi.
Səddam çox sevinirdi.Elə bil şəhid olacağını bilirdi. Biz digər bölmələrə postu təhvil verib taborun cəmləşmə rayonuna yığıldıq. Tapşırıq belə idi ki, biz tabor şəkilində maşınlarla hərəkət edib işğaldan azad olunmuş Talış kəndinin Suqovuşana tərəf olan hissəsində maşınlardan enib piyada şəkildə 8 kilometr yol gedərək “N” saylı yüksəkliyi ələ keçirməli idik. Bu belə də oldu. Biz həmin yüksəkliyə çatdıq.Həmin yüksəklik digər xüsusi təyinatlı qüvvələr tərəfindən düşməndən azad edilmişdi. Bizə ancaq düşmənin dərinliyinə irəliləmək, digər əraziləri işğaldan azad etmək qalırdı. Həmin döyüşdə Tabor komandirimiz mayor Hacıyev Ramid, Bölük komandirimiz baş leytenant İbadov Murad və digərləri də şəhid oldu. Mən tağımımla birlikdə və 5-10 nəfər digər bölmənin əsgər zabitləri ilə düşmənin birinci postuna girdik. Orada 9-10 nəfər düşmən var idi. Onları məhv edib, düşmənin ikinci postuna tərəf irəlilədik. İkinci postu tutduqdan sonra üçüncü posta tərəf irəlilədik. Düşmənin üçüncü postunda böyük bir qüvvə ilə döyüşə girdik. Şəhid əsgər Bayramov Səddam və digər pulemyotçular bizim rahat irəliləməyimiz üçün qabaqda mövqe tutub düşmənə ağır itkilər verib baş qaldırmağa qoymurdular. Biz də rahat irəliləyib mövqelənirdik. Üçüncü postu dairəyə alıb ələ keçirmək istədik. Düşmənin artileriya atəşi bizi o qədər vururdu ki, hərəkət etmək mümkün olmurdu. Bizim əsgərlərdə olan vətənpərvərlik hissi o qədər güclü idi ki, sürünə-sürünə atəş altında düşmənin üstünə şığıyırdı.Səddam hər kəsdən qabaqda hərəkət edirdi. Bu vaxt deyəcəm bəziləri inanmayacaq. Səddam yerə yıxıldı. Alnından vurulmuşdu. Bəlkədə güllə sürtüb keçmişdi. Səddam ayağa qalxıb Allah,Allah deyərək düşmənin üstünə yeridi.Səddam yenidən snayper gülləsi ilə sinəsindən vurulanadək düşmənin çox sayda əsgərini öldürdü və yaraladı.
O, yerə yıxılarkən belə son sözləri mənə bu oldu:
-Komandir, çaqqallar tülkü yuvalarında gizləniblər.Bu onun son sözləri oldu. Şəhid oldu. Səddamla bərabər əsgər Məmmədli Şahı Elman oğlu, Həsənov Səfər Elman oğlu, əsgər Əliyev Təbriz Tofiq oğlu, əsgər Məmmədzadə Toğrul Pərviz oğlu əsgər Baxışov Sadiq Bəkir oğlu qəhrəmanlıq göstərərək şəhid oldular.Onu da qeyd edim ki, Səddam ən öndəki Şəhidimiz idi. Çünki, hər kəsin önünü o, açırdı. Allah rəhmət etsin, yerləri behiştdir, inşəallah. Onları böyüdən atanın, ananın əllərindən öpürəm.Səddamın ailəsinə xüsusi ilə deyirəm ki, Səddam kimi bir vətənpərvər oğul yetişdirdiyiniz üçün sizə təşəkkürümü bildirirəm. Səddam bizim qardaşımızdı, biz də sizin övladınız. Səddam haqqında danışmaqla bitmətəcək cümlələr var.
Səddam 19 yaşında dastan yazmış igidlərdəndi…
Şəhidimiz haqqında Gizir Bəxtiyarın dedikləri:
Səddam çox qanacaqlı, öz yerini bilən, ailə tərbiyəsi görmüş əsgər olub.
Döyüşlər yeni başlayan vaxtı bizim yemək təminatımız ancaq gecə saat 3-də gələrdi. Sakitçilik vaxtı mən olduğum post yol kənarında olduğu üçün məndən öndə olan postun yeməyini bizim yanımıza qoyurdu. Çünki bizdən qabaqda olan posta maşın hərəkəti qorxuluydu. Həmin post düşmənə yaxın olduğu üçün Sadayev Toğrul həmin postda otururdu. Həmişə yeməyi aparmağa Səddam, Eldar, Hacınur gəlirdi. Mən də Səddamı həmən vaxtdan tanıyırdım. Baxırdın həmişə gözləri gülür. Elə bil ki, müharibənin başlamasına sevinirdi. Məndən soruşurdu ki, komandir, camaat hamı döyüşür bəs bizi niyə döyüşə aparmırlar? Bizi burada niyə saxlayıblar?
Mən də dedim ki, bizim də tapışırığımız müdafiədə durmaqdı. Əgər düşmən bu istiqamətdə hücum eliyərsə biz onun qarşısını alacıq.
Mən danışdıqca baxırdım ki, utanır. Elə bil xəcalət çəkirdi ki, biz burada rahat otururuq digər bölmələr döyüşür, qan tökür düşmənnən qisas alır.
Dedim:
-Narahat olmayın. İnşəallah, bizdə döyüşə qatılarıq.
Oktyabr ayının 15-i əmr gəldi ki, taborun bütün şəxsi heyəti aşağı düşsün. Həmin vaxt bizim yanımıza könüllülər gəlmişdi. Biz postları onlara təhvil verdik. Bizi mzşınlara mindirib Qaravənddi meşəsi adlanan yerə gətirdilər. Taborun bütün şəxsi heyətini orada bir yerə toplayandan sonra Allah rəhmət eləsin Tabor komandirimiz Ramid Hacıyev sıranın qabağına çıxıb dedi ki, çox şükür ki, bizə də döyüş əmri verildi. Biz bu gecə Suqovuşanda “N” yüksəkliyi deyilən yerdən hücuma keçəcik.
Əsgərlərdə o qədər ruh yüksəkliyi var idi ki…
Hər kəs tələsirdik ki, düşməndən qisas alsın. Hər kəsin sevincindən üzü gülürdü.
Biz oktyabrın 15-i axşam saat 7:00-da maşınlarda Talış-Suqovuşan istiqamətində hərəkətə keçdik. Gecə saat 01:00-da Suqovuşana çatdıq. Biz orda qruplara bölünüb dağlara piyada hərəkətə keçdik. Hardasa 12 kilometr yol getdik. Oktyabrın 16-ı səhərə yaxın saat 06:20-də “N” deyilən həmən hündürlüyə çatdıq. Biz ora çatanda bizim artileriya düşmənin postlarını top atəşinə tutmuşdu. Artileriyamız dayanan kimi biz hücuma keçdik. Rəhmətlik Ramid Hacıyev öz qrupu ilə ən qabaqda gedirdi. Səddam da həmən qrupa könüllü qatılmışdı. Onlardan sonra mənim qrupum hərəkətə keçdi.Düşmənin valına biz çatanda bizim qabaqda olan qrupu düşmən minamyot atəşinə tutmuşdu. Həmən döyüşdə Allah rəhmət eləsin kombatımız Ramid Hacıyev,əsgər Əfqan Axundov, Azər Qasımov şəhid olmuşdu. Kombatın şəhid olmasına baxmayaraq Səddamgil özləri düşmənin postuna hücuma keçmişdilər.12-13 nəfərlə orada haradasa 3 saata yaxın döyüş getdi. Düşmən biz gedəcəyimiz yolu dayanmadan minamyot atəşinə tutduğuna görə Səddamgilin qrupuna dəstək verə bilmirdik. Səddamgil orda xeyli sayda düşmən məhv etmişdilər. Səddamın yanındakı uşaqlar and içirlər ki,düşmən snayperlə Səddamı vurdular. Səddam yenə də düşmənin üzərinə yeriyirdi. Dörd dəfə Səddamın başından, ürək nayihəsindən vurandan sonra o şəhid olub…
Onlar elə bir yerə girmişdilər ki, həmin yerə heç kim girə bilmirdi. Orada həmin ərazidə Səddamın bölük komandiri baş leytenant Murad İbadov,əsgər Mirsüleyman Süleymanov, əsgər Elşən Sultanlı, əsgər Məhəmməd Abdullayev qəhrəmancasına şəhid olmuşdular. Hətta həmən döyüşdə onların sursatı qurtarır. Onlar öldürdükləri ermənilərin silahlarını onların özlərinə qarşı istifadə edirlər. Xeyli sayda düşməni cəhənnəmə göndərdiər. Düşməni öz silahları ilə məhv edirlər. Biz onları həmən yerdən götürəndə, bizim mina axtaranlar şəhidlərin yanlarında mina olub-olmamasını yoxlayırdılar. Həmin yerdə şəhidin 4-ü bir yerdə idi. Bir şəhidimiz 50-60 metr kənarda qoyulmuşdu. Onun yanını minalamışdılar. Ancaq tanınmırdı ki, kimdi. Üstündə heç bir yazılı nişanə yoxuydu.
Erməni dedi ki, o şəhid kimdirsə bizə qan uddurub. Ona Qəhrəman adı düşür…
Səddam haqqında ancaq onun igidliyindən, qorxmazlığından, Vətənə, Torpağa, Bayrağımıza bağlı bir qəhrəman olub deyirəm.
Mən bir Azərbaycan əsgəri kimi onu böyüdüb. Tərbiyə verən Atanın,Ananın əllərindən öpürəm. Qarşınızda baş əyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaxınlarına səbr versin.
Şəhidimiz haqqında əsgər Hacınurun dedikləri:
-Səddamla mən 9 ay bir yerdə olmuşam. Çox əsgər yoldaşım olub. Amma, Səddamın yerini heç kim verməyəcək. Çünki, o bir əsgər yoldaşından əlavə mənə bir qardaş olub. O, necə ki, deyir:
-Qardaşdan dost ola bilməz. Amma, dost həmişə yaxşı qardaşdır. Bu gözəl insan mənə qardaş olub. Çünki, yediyimiz, içdiyimiz bir olub. Yaxşı günümüz, pis günümüz bir keçib. Boş vaxtı olanda hənişə silahını təmizləyərdi. Gör onda nə qədər silah sevgisi varıydısa hər gün silahını təmizləyərdi. Mən də oturardım yanında, söhbət edərdik. İstəyirdi hərbdə qalıb işləsin. Həm Vətən sevgisi, həm də maddi imkan cəhətdən qalmaq istəyirdi. Qardaşı nişanlıydı. Deyirdi atam mənim məzuniyyətə çıxmağımı gözləyir ki, mən də toyda iştirak edim.Ta əsgəri xidməti qurtarmağımı gözləmir ki… Kişiyə nəvə lazımdı.
Hə… bir də deyirdi ki, Atam bilmir amma, qalıb həm xidmət edəcəyəm, həm də evə kömək edəcəyəm.
Bir də o heç yadımdan çıxmayacaq. Filankəsin qızı var. Hər dəfə deyirdi mən gedən kimi onun qızını alacaqlar. Hər dəfə bunu deyib gülürdü.
O, istəyirdi ki, işini qursun, maşın alsın sonra evlənsin….
Döyüş başlamamışdan qabaq elə çox istəyirdi ki, döyüş başlasın. O şərəfsiz murdar ermənilərin köklərini kəsməyə. Elə də oldu.Döyüş başlayanda onun üzündəki sevinci görməliydiniz…
Sevinirdi ki, döyüş başladı. Biz onda leytenant Toğrul Sadayevin postunda idik.
Elə ki, döyüş başlandı bizim müşahidə məntəqəmiz varıydı. Hər gün səhər saat 7:00-dan axşam 7-00 kimi orada olardı. 12 saat dayanmadan müşahidə aparırdı.Bir neçə erməni postunun yerini leytenant Sadayevə dedi. Toğrul Sadayev də koordinatların yerini artileriyaya verdi. Artileriyamız həmin postları vurdular. Sonra düşmənin tanklarının yerini dedi. Onu vurdular. Bir ədəd hərbi maşınlarının yerini aşkarladı. Onu da vurdular. Çox köməkliyi oldu. Düşməni o həddə gətirmişdi ki, biz olduğumuz əraziyə atmırdılar. Çünki hər biz tərəfə atanda bir şeylərini vururduq.
15 oktyabr 2020-ci il. Nəhayət döyüş əmri bizim tabora da gəldi. Biz postları könüllülərə təhvil verib düşdük tabora. Oradan da bizi meşəyə apardılar.Silah sursatımızı yığdıq. Gecə saar 7-də yollandıq Suqovuşanada “N” zirvəsini almağa. Gecə saat 01:00-da ora çatdıq. Orada qruplara bölündük. “N” zirvəsinə piyada qalxdıq. Saat 01:00-dan səhər saat 07:00-a kimi piyada yol getdik. Dərə düşdük, təpə qalxdıq çatdıq ora. Biz çatar-çatmaz bizim artileriya düşmənin postlarını atəşə tutdular. Artileriya dayanan kimi biz hücuma keçdik. Bir qrup varıydı ki, hansı ki, Səddam da o qrupda idi. Onlar ən qabaqda gedirdilər. Mən Eldarla bir gedirdim. Səddamı çox çağırdıq ki, o da bizə qoşulsun. Üçümüz bir yerdə gedək. Amma, o eşitmədi. Qabağa, irəli gedirik.Düşmənin artileriyası da başımıza güllə əvəzi yağırdı.Hamıdan qabaqda Səddamıydı. Düşməni məhv edə-edə gedirdi. Düşmənin postuna addımlar qalmışdı. Çox yaxınlaşmışdıq. Səddam düşmənin postuna dönən valın yanındaydı. Götürdü əlinə RPK-sını çıxdı düşmənin qabağına. Onun ürəyinə qurban olum. Bir neçə düşməni məhv eləyəndən sonra
O şərəfsizlər snayperlə (SVD) alnından vurdular. Son cümləsi bu oldu:
Onlar tülkü yuvalarındadırlar.
Yıxıldı yerə, təzədən qalxdı. Əlini alnına çəkdi. Sonra əlinə yaxılan qana baxdı. Və yenidən atəş açmağa başladı. Bu an Sədddamı yenə sinəsindən vurdular. Dizini yerə dayayaraq qalxmaq istəyəndə yenə şərəfsizlər bir neçə dəfə vurdular. Uzandı yerə. Qalxmağa imkan vermədilər, şərəfsizlər. Sonra uzandığı yerdə sağ əlini qaldırdı,bizə tərəf. Sol əlilə silahdan tutmaq istədi. Amma qəhrəmancasına ŞƏHİD oldu. Bu sözləri yaza-yaza ürəyim parçalanır.Bir Səddam şəhid oldu, 100 Səddam var oldu, sizinüçün. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah sizə səbr versin.
Qazi Eldar Əli oğlu Şıxməmmədov:
-Mən Şəhid Bayramov Səddam Ələddin oğlunun əsgər yoldaşıyam. 2020-ci ilin yanvar ayından hərbi xidmətə yollanmışıq. 051 saylı hərbi korpusun “N” saylı hərbi hissədində xidmətə başlamışıq. 24 iyul 2020-ci ildən Səddamla eyni bölükdə xidmətimizi davam etdirmişik. Eyni tağım, eyni manqada düşmənlə 40 metr məsafəli postda xidmət etmişik. Səddamla tanış olduğumuz ilk gündən onunla xoş münasibətimiz yaranmışdı. Çox mehriban, dostcanlı, gülərüz qardaşımız idi. Həmişə deyib gülərdi, şəxsi həyatından, nə işlə məşğul olduğundan danışardı, mənə. Xidməti bitirdikdən sonra qalıb hərbiçi kimi işləmək istəyirdi.
Deyirdi:
-Həm ailəmə köməklik eliyərəm, həm də Vətənə xidmətimi davam etdirərəm.
Postda olduğumuz müddətdə isə həmişə söhbət edərdi ki, görəsən nə vaxtsa müharibəni görmək , yaşamaq bizə qismət olacaqmı?
O günləri yaşamağı çox ümid edirdik. Ta ki, komandirimizin bizə “Hazır olun !”-əmrini verənə kimi.
Bütün əsgərlərimizin üzündə sevinc hissi var idi ki, o gün gəldi çatdı.
Səddam özü hər an hazırlıqlı olurdu. Həmişə çalışırdı ki, silahı təmiz olsun. Hər gün silahını təmizləyərdi ki, döyüşdə onu yarı yolda qoymasın.
27 sentyabr 2020-ci il tarixdə döyüşlər başlayanda Səddamla yenə eyni postdaydıq.Leytenant Toğrul Sadayev Səddamı pulemyotçu olduğu üçün növbətçi atəşçi seçmişdi. Səddam döyüşə gedərkən 12 saat dayanmadan düşmənin fəaliyyətini izləyirdi. Onun diqqəti sayəsində düşmənin bir neçə tankı, canlı qüvvəsi, hərbi maşınları məhv edilmişdir. Döyüşün hər anını postdan izləyib, dəqiq məlumat verirdi. Onun sayıqlığı sayəsində düşmən məhv edilirdi.
15 oktyabr 2020-ci il tarixdə bizə əmr olundu ki, hücuma gedirsiniz. Suqovuşan istiqamətində hansısa yüksəkliyi almaq tapışırığı verilmişdi. 15 oktyabr gecəsi 7 saat dayanmadan yol getdik. Həmin yüksəkliyə çatanda artıq səhər açılmışdı. 15 dəqiqəlik fasiləmiz oldu. Səddamla yerdə yan-yana uzandıq . Danışdıq ki, bir-birimizdən ayrı getməyək. Hara getsək birlikdə hərəkət edəcəyik…
…Döyüş başlayanda artıq biz ayrı düşdük. Düşmənin ağır atəşi altında o silahını da götürüb ən irəli getmişdi. Əsgərlərimiz çox olduğundan mən onu o səs-küydə tapa bilməmişdim. Nə qədər çağırsam da yaxınımda yox idi. Ən irəlidə, bizim tərəfdən döyüşə ilk girən 5-6 əsgərimizin içində Səddam da varıydı. Onlar düşmənin postuna çatmışdılar. Mən onlara çatanda Səddam tək başına posta girməyə çalışırdı. Pulemyotdan atəş aça-aça irəli qaçırdı.Elə bu vaxt başından snayperlə güllə yarası alıb yerə yıxıldı. Əli ilə alnından axan qanı sildi. Ayağa qalxdı. Pulemyotunu işə saldı. Düşmənə atəş açdı. Yenə düşmən snayperi ilə vuruldu. Bir də yerə yıxıldı. Başından kasqasını açıb çıxartdı. Bizə tərəf qışqırdı:
-Hamısı orda gizləniblər.
O düşmən postunun düz girişində yaralandığı üçün onlar Səddamı rahat görürdülər. O, yerdə olarkən bir də snayperlə onu vurdular. Amma, hələ də yaşayırdı. Əliylə bizə nəsə deməyə çalışırdı. Amma, bir az keçəndən sonra səsi gəlmədi. Hərəkətsiz qalmışdı…
Nə qədər çağırsam da səs vermədi…
Səddam elə orada şəhidlik zirvəsinə ucaldı.Bir qəhrəman kimi , cəsur döyüşçü kimi , öz hünərini, igidliyini göstərdi…
Onun kimi vətənpərvər əsgəri, ürəyi təmiz insanı biz itirdik. Allah sənə rəhmət eləsin qəhrəman qardaşım, igid əsgərim, Bayramov Səddam. Sənin yerin əvəzolunmazdı. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Valideynlərinin başı sağ olsun!Vətən sağ olsun!


Yazıçı-publisist Vidadi Hidayət:
-Şəhidin qiymətin Allah (c.c) verir. “Quran”da yazılır: “Bir bəndə başqa bir bəndəyə qiymət verəndə yanıla bilir. Düzgün qiymət Allaha (c.c) aiddir.” “Quran”bizim görmədiklərimizi, bilmədiklərimizi də bizə çatdırır.
Şəhid Səddam Ələddin oğlu Bayramov ən uca zirvədədir. Allahın salamı olsun şəhidlərimizə. Mən həmişə şəhidlərə rəhmət diliyirəm, həm də salam deyirəm. Deyirəm:
-Allahın salamı olsun. Çünki onlar diridirlər. Salam diriyə deyirlər.
“Quran”da da Allah-Təala Peyğəmbərimizə salam və salamat göndərib. Çünki Peyğəmbərimiz də şəhiddir-diridir. İgidlərimiz də 44 gün ərzində şəhidlik zirvəsinə ucalıblar. Üç cür şəhid var: -Dünya şəhidi, axirət şəhidi bir də həqiqi şəhdlər. 44 gündə şəhid olan övladlarımız həqiqi şəhidlərdi. Həm bu dünyanın insanlarının nəzərində şəhiddir, həm də Allahın (c.c) şəhididirlər. Çünkü onlar dinimizi, torpağımızı, namusumuzu bizə qaytarıblar. Allahın salamı olsun bütün şəhidlərimizə.
Əfsanəvi qəhrəman şəhid Bayramov Səddan Ələddin oğlu döyüşlərdə göstərdiyi igidliyə, qəhrəmanlığa görə ölümündən sonra -iştirak etdiyi döyüş əməliyatlarında və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu yerinə yetirdiyinə görə , Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Vətən uğurunda” medalı ilə təltif edilib.
Səddamın ürəyi sevgi, məhəbbətlə dolub –daşırdı. O, elini-obasını, Vətənini, insanları çox sevirdi. Cəmi 18 il yaşadı. Amma, bu 18 il vətənpərvər bir Azərbaycan oğlunun ömür yolu oldu. Adam var 60-70 il yaşayır, amma elə bil ki, o, bu həyatda heç yaşamayıb. Ona görə də həyatda elə yaşamaq lazımdır ki, öləndən sonra ölməyə.
Şəhidlərimiz isə öz qısa ömürləri ilə Azərbaycanın şanlı tarixinə əbədi adlarını yazıblar. Şanlı tariximizə adını yazan qəhrəmanımız Səddam ölümü ilə əbədiyaşarlıq qazandı. Səddam göstərdiyi qəhrəmanlıq, igidliklə nəinki doğmalarının, bütün el-obamızın, Vətənimizin başını uca etdi. Onun döyüş yolu, qəhrəmanlığı əfsanəyə dönüb el-obamızı dolaşır.Əfsanəvi qəhrəman zirvəsinə ucalan Səddam ürəklərin zirvələrində yaşayacaq.

Döyüşdün qəhrəman tək,
Şanlı tarix yazdın sən.
Səddam, qələbəmizlə,
Fəxr edir ana Vətən.

Haqq yolunda döyüşdün,
Azad etdin elləri.
Sizlə qürur duyuruq,
Yurdumun igidləri.

Dünyaya gələn insan,
Öləndən sonra ölməyə.
Mərd haqsızın önündə,
Heç zaman əyilməyə.

Gülərüzlü igidim,
Seçdi səni bu zaman.
Oldun döyüşlərdə sən,
Əfsanəvi qəhrəman.

Bu yurdun qisasını,
Döyüşərək sən aldın.
Qalxdın uca zirvəyə,
Əbədiyaşar oldun.

Peyğəmbərlərlə birgə,
Tanrı dəqgahındasan.
Cənnətdir sənin yerin,
Ən ali məqamdasan,
Səddam, ən ucadasan!

Şəhidimizin atası Ələddin kişini hər gün Təzəkənd Şəhidlər xiyabanında görmək olar.O, hər gün buraya gələrək Səddamla, kəndin Şəhid igid oğulları ilə salamlaşır. Səddamın nəfəsini qara mərmərdən ona baxan şəkilindən alır.
Təzəkənd Şəhidlər xiyabanında bir abidə də ucaldılıb. Başqa məzarlardan fərqli bir abidədir. Bu Şəhid Bayramov Səddamın adından bütün şəhidlərimizə ucaldılan abidədir.


Baş daşında təsvir olunur ki, Şəhid anası şəhid məzarı önündə diz çökərək göz yaşı içində dua edir.
Ona yaxınlaşan Azərbaycan əsgəri daşa dönmüş məzarların dilindən deyir:
-Biz canımızı bu torpaqlar uğurunda fəda etdik ki, bundan sonra cəmi analar ağlamasın. Ana, qalxın və başınızı uca tutun. Siz ağlayanda biz narahat oluruq.
Qara paltar geyinmiş ana şəhidlərin baş daşı önündə on bir qrənfil düzüb. On bir qərənfilin hər biri Təzəkənd şəhidləridir. Bu şəhidlərin altısı ailəli, beşi subay olub. Bu qərənfillərin beşinin boynu qırılıbdır. Bu kənddən müharibədə döyüşən subay şəhidlərdir. Boynu qırılmayan altı qərənfil isə ailəli şəhidləri bildirir. Vətən müharibəsində Təzəkənd kəndindən bu döyüşlərdə on bir şəhidi olub. .
Baş daşında yazılır:
-Vətən anamız əvəzi,
Hər qarış torpağı, Allah əmanəti.
İllərdi canımızı torpaqlar yolunda fəda etdik.
Cəmi analar ağlamasın.
Bu fikirlər şəhidimizin atası Ələddin kişinin təxəyülüdür.
Orada əsgərin ruhudur anayla danışır..
Ələddin kişi həmin abidədən bir az aralıda başqa bir abidə də düzəldib. Burada möhtəşəm bir zirvə görünür.Bu möhtəşəm zirvə Azərbaycandır. Zirvədə ağ çiçəklərdən ay-ulduz düzəldilib, ən qəlbidə isə Azərbaycanın üç rəngli bayrağı üzərində Dövlət gerbi çəkilib. Bayrağın alt tərəfində qırmızı qərənfillər qoyulub. Bu qırmızı rəngli qərənfillər o zirvəni qoruyaraq qəhrəmancasına həlak olan şəhidlərimizin qanıdır…
Qanları, canları bahasına Torpaqlarımızı azad edən şəhidlərə Allah rəhmət eləsin.
Acı da olsa üç min şəhidimiz oldu, qazilərimiz oldu. Amma bu gün elə bir fəxarət hissi yaşayırıq ki, Azərbaycan tarixində istər sovetlər dövründə, istərsə də müstəqillik illərində qələbə gününü qeyd etməmişik. Həmişə hüzün günlərini, soyqrımı gününü, anım günlərini keçirmişik. 44 günlük müharibə Azərbaycan xalqının qələbəsi ilə başa çatdı. 10 noyabr 2020-ci ilə qədər Qələbə günümüz olmayıb.İndi xalqımız hər il QƏLƏBƏ gününü təntənə ilə qeyd edəcəkdir.

Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Silahlı Qüvvələrin Ali Baş Komandanı müzəffər İlham Əliyevə Allah uzun ömür versin. Şükürlər olsun ki, bizim belə Prezidentimiz var. Prezidentimizin rəhbərliyi ilə, bu cür igid oğulların şücaətilə 44 gün ərzində torpaqlarımızı azad etdik və 10 noyabr 2020-ci il tarixdə torpaqlarımızı azad edərək qəlbə çaldıq. Elə həmin günü Qələbə günü kimi qeyd edəcəyik. 10 dekabr 2020-ci il tarixdə Azərbaycan möhtəşəm Zəfər bayramını qeyd etdi. Zəfər bayramının qazanılmasında Təzəkənd şəhidlərinin, Səddamın da payı var.İndi bu şəhidlərimizin ruhları şaddır, çünki uğrunda döyüşdükləri Vətən torpağı işğaldan azad olunub…


Elman İsrafiloğlu,
AJB,AYB-nın üzvü, “Quruluş” qəzetinin təsisçisi və baş redaktoru, hergun.az saytının rəhbəri.