Eldəniz Kərəmoğlu: ” MƏN ŞƏHİD OLMUŞAM, AĞLAMA BACI”…(Şəhid Mahir Dadaşzadəyə həsr olunub) – FOTO
MƏN ŞƏHİD OLMUŞAM, AĞLAMA BACI!
(Şəhid Mahir qardaşımın dilindən bacısına)
Gəlmə məzarıma, sən boynu bükük,
Mən şəhid olmuşam, ağlama bacı.
Sanma ki, talehdə çox ağır bir yük
Mən şəhid olmuşam, ağlama bacı.
Qıymaram gözünə qəm yaşı dola
Anam fəryad edə, saçını yola.
Qıymaram baxçanda güllərin sola
Mən şəhid olmuşam, ağlama bacı.
Nə möhnət, nə də ki əzab var burda
Qurban getdim mən də, bu ana yurda.
Vətənim qoymadım əzilə darda
Mən şəhid olmuşam, ağlama bacı.
Yanma sən, ağlasan məndə ağlaram.
Qəbirdə gecələr sinə dağlaram
Mən ki, ölməmişəm, adı saxlaram,
Mən şəhid olmuşam, ağlama bacı.
Mahir Dadaşzadə 1993-cü il sentyabrın 1-də Beyləqan rayonunun Allahyarlı kəndində anadan olub.Ailəli idi.
Mahir Dadaşzadə 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərində və 2020-ci ilin 12–16 iyulunda baş verən Tovuz döyüşlərində savaşıb.
Azərbaycan Ordusunun baş leytenantı olan Mahir Dadaşzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovun, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.[1] Mahir Dadaşzadə Vətən müharibəsində 20-dən çox yaralı hərbçini döyüş meydanından çıxarıb.[1] Mahir Dadaşzadə Oktyabrın 26-da Füzuli döyüşləri zamanı şəhid olub. Beyləqan rayonu Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Mahir Dadaşzadə ölümündən sonra “Vətən uğrunda“, “Döyüşdə fərqlənməyə görə“, və “Füzulinin azad olunmasına görə” medallarıyla təltif edilmişdir.