Dr. Kardioloq Aytən Musayeva:” Miokard infarktının klinik əlamətləri ” – FOTO

Miokard infarktının klinik əlamətləri

80-90% hallarda miokard infarktının anginoz variantı rast gəlinir. Xarakter şikayət döş sümüyü arxasında ağrıdır. Bu ağrı stenokardiya tutmasından fərqlidir, daha güclü, əzabverici olub, sıxıcı, təzyiqedici, yandırıcı, göynədici xarakterlidir, ölüm qorxusu ilə müşayiət olunur. Ağrı qəfil başlayır, maksimal intensivliyə tez çatır, dil altına nitroqliserin qəbulu ilə keçmir, adətən yalnız narkotik analgetiklərin köməyilə aradan qalxır. 

Əksər xəstələrdə ağrı sindromunun pik vəziyyətində kəskin damar çarmamazlığı əlamətləri görünə bilər (çox tərləmə, başhərlənmə, kəskin  halsızlıq, taxikardiya, ətrafların soyuması, arterial təzyiqin enməsi və s.). Həmçinin, təngnəfəslik və ritm pozğunluqları, kəskin dövrdə bədən temperaturunun yüksəlməsi də müşahidə oluna bilər. 

Miokard infarktının diaqnostikası

Diaqnoz xəstənin şikayətlərinə və instrumental-laborator müayinələrin nəticəsinə əsasən qoyulur. Elektrokardioqramma (EKQ) və exokardioqramma (ExoKQ) müayinələrinin aparılması mütləqdir. EKQ infarktın başlama vaxtından asılı olaraq dəyişir, buna görə də infarktlı xəstələrin dinamik EKQ müşahidəsi çox vacibdir. ExoKQ-də sol mədəciyin lokal yığılma pozğunluğu, sistolik və diastolik funksiyası, ölçüləri, qapaqların, iri damarların və perikardın vəziyyəti, trombun olub-olmaması qiymətləndirilir. Həmçinin, xəstəyə döş qəfəsinin rentgenoqrafiyası və koronar angioqrafiya olunmalıdır. 

Miokard infarktlı xəstələrdə diaqnozun qoyulmasında qanın laborator müayinəsi – miokardı nekroz markerlərinin təyini mütləqdir. 

Miokard infarktının müalicəsi

Müalicə ən qısa zamanda damar mənfəzinin açılmasına, sonrakı tromb əmələ gəlmənin qarşısının alınmasına, nekroz ocağının və infarktətrafı zonanın məhdudlaşdırılmasına, infarktın ağırlaşmalarının qarşısının alınmasına və ya aradan qaldırılmasına əsaslanır. Ağrının başlanmasından ən çox 6-12 saat ərzində xəstə stasionara çatdırılmalı və koronar angioqrafiya olunaraq miokardın reperfuziyası (qan təchizatının bərpa olunması) həyata keçirilməlidir.

Dr. Kardioloq Aytən Musayeva

Media.info.az