Dr. Allerqoloq Vəfa Tarverdiyeva :”Bronxial astma ən geniş yayılmış xəstəliklər sırasında dayanır”.

Son illər bronxial astma ən geniş yayılmış xəstəliklər sırasında dayanır. Bu xəstəlik daha çox uşaqlar arasında artmaqdadır. Ona görə də hazırda bronxial astma təkcə Azərbaycanda deyil, bütün dünyada pediatriyanın ən aktual problemlərindən biri hesab edilir. Buna baxmayaraq, astma xəstəliyindən qorxmaq deyil, onu müalicə etdirmək lazımdır. Çünki bu mümkundür.

 Bronxial astma xəstəliyinin yaranmasında bir çox amillər rol oynayır. İlk növbədə qeyd edim ki, astmaya meyillilik irsi olaraq keçir. Valideynləri sağlam olan uşaqlara nisbətən, ata-anası allergiyadan əziyyət çəkənlərdə astmaya 2-3 dəfə artıq rast gəlinir. Bronxların həssaslıq reaksiyası irsi meyilliliklə bağlıdır, hazırda isə irsiliyə müdaxilə edib onu dəyişmək mümkün deyil. Digər bir səbəb isə iqlim şəraitidir. Çox soyuq, rütubətli iqlim də xəstəliyin yaranmasına səbəb olur. Bundan başqa, ekoloji vəziyyət də mühüm amillərdəndir. Son dövrlər atmosferin zərərli tullantılarla, müxtəlif kimyəvi maddələrlə daha çox çirklənməsi astma xəstəliyinin artmasına gətirib çıxarır. Ancaq qeyd edilən səbəblər yalnız irsən bu xəstəliyə meyilli olan uşaqlara mənfi təsir edir. Deməli, bronxial astma xəstəliyinin yaranması bu xəstəliyə irsi meyilliliyi olan uşaqların doğulduğu, yaşadığı şəraitdən, qidalanmasından çox asılıdır. Uşaqlara süni qidaların erkən verilməsi də xəstələnməyə şərait yaradır. Çünki süni qidalarda olan inək südü uşaqlara allergen kimi təsir edir. Xəstəliyə irsən meyilli olan uşaqlara sitrus meyvələrinin (naringi, portağal, banan və s.) və onların şirələrinin verilməsi də məsləhət deyil. Bu, allergik reaksiyaya səbəb olur.

Bronxial astmanın xarakterik əlamətləri təngnəfəslik, xışıltılı tənəffüs, sinənin sıxıntısı və nəhayət, öskürək, boğulma tutmasıdır. Astma tutması zamanı bronxların borusu daralır, divarları qalınlaşır, ödəm əmələ gəlir, bronxlar daxilində selikli tıxac yaranır. Hava ciyərlərə çox çətinliklə gedir, xəstə öskürür və boğulur, sinəsində ağırlıq və sıxıntı hiss edir, dodaq üçbucağı göyərir.

Xəstəliyin 3 mərhələsi var. Birinci, yəni immunoloji mərhələdə allergenlə orqanizmdə ona qarşı yaranan anticisimlər təkrar təmasda olur və birləşərək immunokompleks əmələ gətirir. Bundan sonra xəstəlik ikinci, yəni patoloji kimyəvi mərhələyə keçir. Bu zaman bioloji aktiv maddələr ifraz olunur. Həmin maddələr toxumada, hüceyrədə müəyyən reaksiya verərək onu zədələyir. Artıq allergik reaksiyanın 3-cü – patofizioloji mərhələsi başlayır. Hər hansı hüceyrədə, toxumada, orqanda allergik iltihab prosesi gedir. Bu isə, yuxarıda qeyd etdiyimiz kimi, boğulma, öskürək, nəfəs çatışmazlığı ilə özünü büruzə verir. Təəssüf ki, xəstəliyi erkən, yəni 1-ci və ya 2-ci mərhələdə müəyyən etmək, ona diaqnoz qoymaq mümkün olmur. Xəstəlik əvvəl gizlin keçir, yalnız 3-cü mərhələdə özünü göstərir. Ancaq bu mərhələdə, patoloji proses başladığı zaman həkimə nə qədər tez müraciət edilsə, o qədər yaxşıdır. Çünki xəstəliyi xroniki formaya keçmədən, bronxlarda, ağciyərdə genişlənmə yaranmadan müalicə etmək nisbətən asandır. Həmçinin qeyd edim ki, xəstəliyin müalicəsi onun hansı mərhələdə olmasından daha çox, insan orqanizminin reaktivliyindən, fərdi xüsusiyyətlərindən asılıdır.

Ümumiyyətlə, astma xəstəliyinin allergik və qeyri-allergik formaları var. Lakin onun allergik növü daha çox yayılıb. Biz əvvəllər bronxial astmaya qeyri-allergen amillərin (soyuq, infeksiya, kəskin qoxular, əsəbi gərginlik, stress, fiziki amillər və s.) səbəb olduğunu bilmirdik. Ancaq elmi araşdırmalar nəticəsində bu faktorların da təsiri müəyyənləşib. Onu da qeyd edim ki, qeyri-allergen amillərin təsirindən yaranan astmaya az təsadüf edilir. Xəstəliyin hər bir forması müxtəlif cür müalicə olunur.

Xəstəliyin allergik formasında bronxial astma tutmalarına təsir edən allergenlər 4 əsas qrupa bölünür: tozcuqlar, məişət, epidermal və qida məhsulları.

Tozcuq allergenlərinə bitkilərin tozcuğu (ot, kol, ağac çiçəkləri və s.), kif və göbələklər aiddir. Havada tozcuqlar çox olduqda belə xəstələrə qapı-pəncərələri bağlamaq və otaqda olmaq lazımdır. Bitkilər çiçək açan dövrlərdə meşəyə, çəmənliyə, bağa getmək olmaz.

Məişət allergenlərinə isə ilk növbədə ev və kitab tozları aiddir. Ev tozlarının başlıca allergiya komponenti ev gənəsidir. Onu gözlə görmək mümkün deyil. Onlar balış tükündə, xalçalarda, yun örtüklərdə, yumşaq mebellərdə, bir sözlə, toz yığan əşyalarda olur. Bunların allergik təsirinə qarşı mübarizə aparmaq üçün döşəməni, divarları hər gün yaş əski ilə silmək, mənzilin havasını dəyişmək, kitab rəflərinə şüşə saldırmaq, mənzildə tozyığan əşyaların az olmasına çalışmaq lazımdır.

 

Dr. Allerqoloq  Vəfa Tarverdiyeva -Pressaz.az