Dr.allerqoloq pulmanoloq Reyhan Paşayeva: ” Bronxial astma tənəffüs yollarının xroniki davamlı iltihab prosesidir” – FOTO
Bronxial astma tənəffüs yollarının xroniki davamlı iltihab prosesidir. Dünyada geniş yayılan bronxial astma Azərbaycanda da insanları narahat edən ağciyər tənəffüs yolu xəstəliklərindəndir. Dünyada astma xəstələrinin sayı ümumi əhalinin 8-10 faizini təşkil edir. Bəzi ölkələrdə hətta bu rəqəm 13-15 faizə bərabərdir. Bronxial astma daha çox Amerikadadır, çünki orda infeksion xəstəliklərə demək olar ki, rast gəlinmir. Aparılan araşdırmalara görə ölkəmizdə 18 yaşdan yuxarı insanlar arasında astmadan əziyyət çəkənlərin sayı 8 faizə bərabərdir. Lakin uşaqlar arasında da bu xəstəliyə tez-tez rast gəlinir.
Bronxial astmada iltihab daha çox allergik xarakter daşıyır. Ona görə də astmaya allergik iltihabi xəstəlik kimi yanaşılmalıdır. Xəstəliyin əlamətləri boğulma tutmaları, paraksizm şəklində baş verən öskürək, döş qəfəsində sıxılma, tənəffüs diskomfortudur. Bu əlamətlər adətən tənəffüs yollarına kənardan birbaşa təsirlər zamanı üzə çıxır. Kənar təsirlərin ən birincisi allergik faktorlardır. Bunlar insanı əhatə edən məişət allergenləri və ətraf mühit amilləri ola bilər. Bəzən isə infeksiyon xəstəliklər, respirator virusları bronxial astma xəstəliyinin yaranmasına səbəb olmasa da, simptomlarını kəskinləşdirə bilirlər. Ətraf mühitin, havanın çirklənməsinin astmalı pasiyentlərə böyük təsiri var. Bakının havası ağciyər xəstələri və astmalı xəstələr üçün qənaətbəxşdir.
Xroniki iltihablı astmaya təsir edib xəstəliyin gedişində dönüş yaratmaq, ona tam nəzarət etmək mümkündür. Buna kontrol konsepsiyası deyilir. Lakin hələ də astmanın tam olaraq müalicəsi dünyada mövcud deyil. Bronxial astmanı genetik və allergik problemlərlə əlaqələndiririk. Dünyada genetik fona təsir edən üsul olmadığına görə, aparılan müalicələrlə yalnız xəstəliyin gedişatı nəzarət altında olur. Burada həkim-xəstə əməkdaşlığı, pasiyentlərin mütəxəssisin tövsiyələrinə riayət etməsi, xəstələrin maarifləndirilməsi əhəmiyyətli rol oynayır. Belə ki, xəstə bronxial astmanın kəskinləşməsi, simptomların yaranması zamanı necə davranmalı olduğunu bilməlidir. Buna görə də xəstənin fəaliyyət planı tərtib edilir. Həmçinin xəstənin öz ağciyərinin funksional qabiliyyətini əvvəlcədən təyin edə bilməsi üçün cihaz da mövcuddur. Xəstədə funksional pisləşmə qeydə alınarsa, cihaz xəbərdarlıq edir. O zaman həkimlə əlaqə saxlanılmalı və lazım gələrsə, mütəxəssis müalicəni dəyişdirilməlidir.
Dr.allerqoloq pulmanoloq Reyhan Paşayeva
KÖNÜL SƏSSİZ – media.info az