Dilguşə Gülümcanın söz dünyasından… FOTO

 

  FƏLƏYİN KƏMƏNDİ…

Gözümün yuxusu çəkilib ərşə,
Nə oldu görəsən mənə bu gecə?
Düşüb xatirələr mənimlə tərsə,
Batmışam yenə də qəmə bu gecə.

Xəyalım haykırıb, hıçqırıb ağlar,
Uçub küçə-küçə tək səni gəzidi.
Biləsən nə qədər o aşdı dağlar,
Qalın meşələrdə qanadın əzdi.

Sevgimiz dumanlı, şehdi güllərə,
Göylər həsəd çəkdi sevdalı gözə.
Ha gizli saxladıq, düşdük dillərə,
Çünki od düşmüşdü bizdəki közə.

Qısqandı ulduzlar, Ay da üzüldü,
Qəlbimizin nuru işıq saçırdı.
Eşqin şəfəqləri ruha süzüldü,
Sankı könlümüzdə qönçə açırdı.

Fələyin kəməndi, fitnə-fəsadı,
Boğdu eşqimizi qəm əli ilə.
Ona xoş gəlmirdi sevginin adı,
Verdi külümüzü o qara yelə.

28.11.2022 il

BAŞIMDA FIRLANAN SOYUQ YELLƏRDƏ…

Qəlbimin telləri dinmir, danışmır,
Könül istəyimin qapısı bağlı.
Artıq sevincimlə qəmim yarışmır,
Gecəylə gündüzüm olub bir tağlı.

Arzularım düşdü qara, şaxtaya,
Həyatım sellərə qarışıb getdi.
Yığılıb üst-üstə oldu bir taya,
Çoxları yarımçıq, nə də vaxt yetdi,

Yazın yağışı da, yağmır baxçama,
Çünkü baharım yox, qapıda qışım.
Heç nə yığammıram gizli taxçama,
İnana bilmirəm filandı yaşım.

İllərim qanadlı uçan bir xalça,
Səhradan, ormandan, dağlardan keçdi.
Sonu elə bil ki, susuz bir dolça,
Sankı quraqlığı yurd-yuva seçdi.

İndi bir arzum var qalan illərdə,
Sağlam yaşayaraq, möhtac olmamaq.
Başımda fırlanan soyuq yellərdə,
Büzüşüb, kimsəsiz küncdə qalmamaq.

27.12.2022 il.

HAYINA KİM YETƏCƏK?

Elə bilmə dünyanı,
Kimsə tutub qalacaq.
Zəbt eləyib hər yanı,
İstədiyin alacaq.

Yığıb varı var üstə,
Düşünmə ki, sən şahsan.
Vicdansızsan, həm xəstə,
Qul qəlbində bil ahsan.

Oğurluq mal-dövlətə,
Nə ad-sana güvənmə.
Qolundakı qüvvətə,
Sağlam cana güvənmə.

Yan yörəndə dolaşan,
İnanma can deyənə.
Başı qarlı dağ aşan,
Çətin səni bəyənə.

Etdiyini soracaq,
İnkir-minkir məzarda.
Bilmirsən nə olacaq,
Cavab yox ki, bazarda.

Getdiyin yol bilinmir,
Səni hara çəkəcək.
Mələk yazan silinmir,
Hayına kim yetəcək?

15.12.2020 il

 

Dilguşə Gülümcan – Media.info.az