DİLGUŞƏ GÜLÜMCAN: GƏL ÇƏKMƏ SINAĞA… (Deyişmələr)
DÜNYANIN
KƏRƏM SALAHOĞLU
Bəşər yer üzünə endiyi gündən
Pozulub havası, halı dünyanın.
Qan-qada nəhrinə döndüyü gündən,
Səngimir qovğası, qalı dünyanın.
DİLGUŞƏ GÜLÜMCAN
Şeytanın felinə düşdü insanlıq,
Qan içən oldular,bitdi insanlıq,
Odlara qalandı,susdu insanlıq,
Qeydinə bir qalan yoxdur dünyanın.
KƏRƏM SALAHOĞLU
İnsan nə qəflətdən ayıla bilmir,
Nə alı aydından ayıra bilmir.
Min ildi ac nəfsin doyura bilmir,
Tükənməz dövləti, malı dünyanın.
DİLGUŞƏ GÜLÜMCAN
Kor olub insanlar axirət görmür,
Cəhənnəmdə yanır odu da,sönmür,
Cənnət körpüsünü bilərək hörmür,
Talan edib yeyir malın dünyanın.
KƏRƏM SALAHOĞLU
Kimindən külli var, sərvət qalıbdır
Kimindən yaxşı, pis ibrət qalıbdır.
Saleh yolçulara həsrət qalıbdır,
Sirata uzanan yolu dünyanın.
DİLGUŞƏ GÜLÜMCAN
Qılıncla doğranan Babəkim olub,
Dərisi soyulan Nəsimim olub,
Rəyiyəti qoruyan Koröğlum olub,
Gərdişi bilinmir qoca dünyanın.
KƏRƏM SALAHOĞLU
Ömrün nə safasın, nə dəmin çəkir,
Pul-para toplayır hey cəmin çəkir.
Kərəm, insan nədən bəs qəmin çəkir?
Qoynu sevinclərlə dolu dünyanın.
DİLGUŞƏ GÜLÜMCAN
Fələklə birləşib çapsa da,atın,
İstədiyi şeyi alsada satın,
Allahdı ağası tam yeddi qatın,
Dilguşə düz yolun tut bu dünyanın.
GƏL ÇƏKMƏ SINAĞA…
KƏRƏM SALAHOĞLU
Gəl çəkmə sınağa bu yaşda məni,
Qoyma ürəyimlə savaşda məni.
Üzmə bu əzabda, təlaşda məni
Məni çox əzibdir dərd, qəm, ay Əsli!
DİLGUŞƏ GÜLÜMCAN
Mən səni çəkmirəm heç bir sınağa,
Çəkmə sən də,məni haqsız qınağa,
Mənim həsrət qalıb başım sığala,
Az çək dərdi,qəmi bəsdi, ay Kərəm!
KƏRƏM SALAHOĞLU
Gözündə bir sevda atəşi çaxdı,
Şirin gülüşlərin ruhuma axdı,
Sevgi şeirləri yazmır nə vaxtdı
Əsir əllərimdə qələm, ay Əsli!
DİLGUŞƏ GÜLÜMCAN
Mən sənin eşqinlə alışdım yandım,
Özümü unudub bir səni andım,
Səni mən özümə baş tacı sandım,
Əlini əlimdən çəkmə, ay Kərəm!
KƏRƏM SALAHOĞLU
Güldün şəfa tapdı ağrım, acım da
Əridi başdakı bəyaz tacım da.
Ağ çiçək açsa da illər saçımda
Qəlbən çox təzəyəm, tərəm, ay Əsli!
DİLGUŞƏ GÜLÜMCAN
Gülüşüm səninlə gəldi üzümə,
Günəş işıq saçdı nəmli gözümə,
Eşqin şəkər qatdı mənim sözümə
Mən təzə qəlbinə qurban, ay Kərəm!
KƏRƏM SALAHOĞLU
Virdim seyr etməkdir hüsnün doyunca
Öldür, gül üzünə həsrət qoyunca
Səpəm göz yaşımı yollar boyunca,
Arxanca qürbətə gələm, ay Əsli!
DİLGUŞƏ GÜLÜMCAN
Ruhlar birləşəndə ildırım çaxdı,
Artıq yetişibdir vüsalın vaxtı,
Həsrət dağıtmasın eşqimin taxtdın,
Gəl yandır oduna məni ay Kərəm!
KƏRƏM SALAHOĞLU
Yetmir min illərdi bu yanğın sona,
Eşq odu can verir yandıqca ona.
Özgə istəyi yox sənin qoynuna,
Yanmağa tələsir Kərəm, ay Əslı!
DİLGUŞƏ GÜLÜMCAN
Gəlməsən illərlə yanaram sənsiz,
Kimsə söndürəmməz çaxaram sənsiz,
Mən bütün dünyanı yaxaram sənsiz,
Əslinəm gəl birgə yanaq, ay Kərəm!
A YOLNAN GEDƏN
FƏRİDƏ LƏMAN
Nə yaman havalı gedirsən belə,
Dumanı başında ,a yolnan gedən.
Bu yollar üstündən milyonlar keçib,
Gümanı başında,a yolnan gedən.
DİLGUŞƏ GÜLÜMCAN
Bu yollar ağlımı başımdan alıb,
Ömrümə dərd,qəmi yamanca salıb,
Yazım yayım gedib,soyuq qış qalıb,
Bu buzlu yollarla mən necə gedim?
FƏRİDƏ LƏMAN
Yollara salam ver qoy üzün gülsün,
Ağlasan gözünün yaşını silsin.
Min xatirə desin,nağıllar dinsin,
İnamı başında,a yolnan gedən.
DİLGUŞƏ GÜLÜMCAN
Mən salam vermişəm alan olmayıb,
Gözümün yaşını silən olmayıb,
Yoluma heç gül də,düzən olmayıb,
Gülərək bu yoldan mən necə gedim?
FƏRİDƏ LƏMAN
Sağını,solunu görmürsən belə,
Elə bil düşmüsən leysana,selə.
Əylən əlim çəkim saçına,telə,
İmanı başında,a yolnan gedən.
DİLGUŞƏ GÜLÜMCAN
Sağım da,solum da,qara dumandı,
Yaşamaq mənimcün indi gümandı,
Əlinə dərd keçər,çəkmə amandı,
Sel aparan yoldan de,necə gedim?
FƏRİDƏ LƏMAN
Fikrinin ərşində çözələnirsən,
Sövrulub göylərə toz-ələnirsən.
Eşqin neştərində nizələnirsən,
Amanı başında,a yolnan gedən.
DİLGUŞƏ GÜLÜMCAN
Fikrimin,dərdimin ölçüsü yoxdur,
Ömür yollarımda toz-torpaq çoxdur,
Eşqim də, qəlbimə sancılmış oxdur,
İndi bu yollardan mən necə gedim?
FƏRİDƏ LƏMAN
Fəridə,bu yolla kimlər gəlmədi,
Yolların sirrini kimsə bilmədi.
Hərə bu dünyaya qərib,gəlmədi,
Tufanı başında,a yolnan gedən…
DİLGUŞƏ GÜLÜMCAN
Yollar neçə-neçə insan biçibdir,
Çoxu bu yollarda zəhər içibdir,
Dilguşə tufanda yaman itibdi,
Tufan buraxmır ki,yolumla gedim.
ZAMANIN SAYĞACI SÖZÜMƏ BAXMIR
MİRƏLİ MƏMMƏD
Alır əllərimdən xoş günlərimi,
Zamanın sayğacı sözümə baxmır.
Ömrümdən azalan yaş günlərimi,
Bir-bir azaltdıqca üzümə baxmır.
Zamanın sayğacı sözümə baxmır.
DİLGUŞƏ GÜLÜMCAN
Zamanın sayğacı saydığın sayır
Onu əyləndirmək mümkün olmayır
Sənsə gün görməyə çalış vaxt ayır
Ömür uçub gedir izə də, baxmır
Zamanın sayğacı sözümə baxmır
MİRƏLİ MƏMMƏD
Ayları illərdən qopardıqca hey,
Nə güzar anlayır,nə də ki giley,
Başını sallayıb, dinməzcə key-key,
Elə bil utanır, gözümə baxmır.
Zamanın sayğacı sözümə baxmır.
DİLGUŞƏ GÜLÜMCAN
Aylar da,illər də,tez gəlib keçir,
O,nə qoca seçir,nə cavan seçir.
Baxmadan insanın qanını içir,
Dünya vəfasızdır dözümə baxmır,
Zamanın sayğacı sözümə baxmır.
MİRƏLİ MƏMMƏD
Mirəli Məmmədəm, ötdükcə günlər,
Hesabı çəkilir getdikcə günlər,
Hövsələ tükənir bitdikcə günlər,
Nə səbrə , nə də ki dözümə baxmır.
Zamanın sayğacı sözümə baxmır.
DİLGUŞƏ GÜLÜMCAN
Dilguşə,azalır yaşadığın il
Sən indi günlərin gəl qədrini bil,
Dərdləri ömründən bir dəfəlik sil.
Bu həyat mənimdə üzümə baxmır,
Zamanın sayğacı sözümə baxmır.