Dilguşə Gülümcan yazır:”Mən kiməm!?”…

                            MƏN KİMƏM?

Ömrümüz boyu keçəcəyimiz həyat yolunu özümüz seçirik və bu yolda əzab çəkə-çəkə yeriyirik.
İstəsək də yolumuzu başqa səmtə döndərə bilmirik, çünkü artıq ömür yolumuz çəkilmiş bir xəritə və biz də öz faytonumuzla o yolun sərnişini olmuşuq.
Bəzən düşünürəm nədən bilə-bilə yanlış yolla gedirik?…
Cavab tapmıram…
Mən kiməm?…
Bu suala illərdi cavab tapa bilmirəm…
Bir cavabım olan kimi, başqa sual doğulur…
Yəqin ki, hamıda bu belədir.
Doğrudur özümüzü başqalarının yanında güclü, hər işin öhdəsindən gələ biləcək, ağıllı, tədbirli göstərsək də, içimizdə bəzən çarəsiz bir uşaq olduğumuzu hiss edirik…
Kiməsə möhtac, qolumuzdan tutub bizi qaldıran, alınmayan işimizə köməkçi, gizlin ağlayanda göz yaşımızı silən, başımızı qoymağa bir çiyin, özümüz kimi bizi anlayan və duyan axtarırıq…
Amma bunu heç kimə bildirmədən yaşayırıq…
Sosial vəziyyətindən asılı olmayaraq daxilən bütün insanlarda ortaq bir nöqtə var.
Yanımızda ən çox inandığımız, güvəndiyimiz birinin olmasını istəyirik.
Kimi də bu olur, kimi də yox…
Hamımız yaşlananda eyni sözü deyirik. Kaş ki, yenidən bu həyata bu ağılla gələydim.
Amma düşünmürük ki, bu ağıl həyat təcrübəsi nəticəsində yığılıb…
Ona görə də mən kiməm sualına cavab tapmırıq.
Kim olduğumuzu ətrafımızda olan insanlar bəlkə də bizim özümüzdən daha yaxşı bilirlər…
İnsan da təbiət kimidir.
Baharı, yayı, payızı, qışı var.
Baharımız torpağın oyanışı,güllü-çiçəkli, pöhrələnmiş ağaclar kimidir. Quşların çəh-çəhi kimi gülüşlərimiz, bülbülün nəğməsi kimi sevgimiz, sevincimiz bahar fəslimizdə olur.
Yayımız barlı-bəhərli, payıza və qışa azuqəmimizi yığdığımız kimi gələcəyimizi qururuq. Kimi də uğurlu, kimi də uğursuz alınır. Gələcəyimizi yayımızda yoluna qoyub qurmasaq, payıza saxlasaq, qışımız sərt, şaxtalı və kimsəsiz olacaq.
Bahar, yayımızı doğru yolla gedib düzgün yaşasaq payızımız toylu-büsatlı olacaq.
Yox yanlışlıqla yol getsək yağmurlu, dumanlı, çənli bir payış yaşayacağıq.
Qışı görmək hər kəsə qismət olmur…
Əgər qismət olarsa Allahdan tək bir istəyimiz olur ki, Ya Rəbbim məni kimsəyə möhtac eləmə…
MƏN KİMƏM?
Allahın sınaq üçün yerə göndərdiyi bir bəndə…
Nə yaşayırıq yaşayaq, ən önəmlisi etdiyimiz səhvləri gecikmədən, vaxtında anlayıb doğru yola qayıtmaq və günahlarımızın bağışlanmasını əl açıb Yaradanımızdan istəmək…
Rəhmət qazanmaq…

                     RUHUMA…

Çox uzaq olaraq kədərdən, qəmdən,
Sakit bir guşədə ruhumla həmdəm,,
Olub keçənləri bölüşüb bəmdən,
Deyirəm, xoşbəxtəm qırıq aynamda,
Nə yaxşı varımsan mənim dünyamda.

Dağların çayıtək gah coşub daşsam,
Axan göz yaşıma batıb qarışsam,
Susub dinləyirsən nədən danışsam,
Mənim dərd ortağım, gizli sirdaşım,
Tək sənin yanında olmayır kaşım.

Səninlə xəyalım gəzib hər yanı,
Bir-bir yada salıb qayğısız anı,
Səndən soruşuram, o günlər hanı?
Qışımda yaz kimi çiçək açanım,
Qaranlıq könlümdə nur tək saçanım.

Zülmətdə qoymadın azım yolumu ,
Büdrəyəndə tək sən tutdun qolumu,
Yamyaşıl elədin quru kolumu,
Gizlin ağlayardın, aşkar gülərdin,
Sevgi bələyinə məni bələrdin.

İndi də qışımda qucağın isti,
Ocağın alovlu, bacanda tüsdü,
Günəşdən çətirin başımın üstü,
Üstümə səpilən güllü saçaqsan,
Qaranlıq ömrümə yanar çıraqsan

           OLSUN HƏR KƏSDƏ…

Allah yaxşı görür bu olanları,
Acından qan qusub, kol yolanları,
Butası açmamış tez solanları,
Deyir kölə olma, haqqını istə.

Səni yaradaraq, ruh da vermişəm,
Uzunqulaq, dəvə,atdan, secmişəm,
Quranda qul deyil, insan demişəm,
Qoyma yumryuq olsun başının üstə.

Axtarma günahı gül yoxsa, düzdə,
Başda ağıl olar, güc isə dizdə,
İradə, mətanət bir nəfər, yüzdə,
İndi o bir nəfər boğulur hisdə.

Qulun oyanışı atəş saçacaq,
Sürünən də o vaxt ayaq açacaq,
Ağa-bəy dediyin, qorxub qaçacaq,
Gərək bu cəsarət olsun hər kəsdə.

 

AJB və AYB üzvü şair publisist Dilguşə Gülümcan