Dilguşə Gülümcan: ” Qadın”… FOTO

Allahın qiymətsiz bir töhvəsi olan Azərbaycan qadınlarını 8 mart Bayramı münasibəti ilə ürəkdən təbrik edirəm.
Şəhid, qazi və orduda xidmət edib, Vətənimizi qoruyan oğulların anaları qarşısında baş əyirəm.

                  QADIN

Qadındır nur səpib parlayan ulduz,
Göy üzü tutulsa bil, zülmət olar.
Sevdiyi insana şəkər, həm də duz,
Dad bilən olmasa ağza qor dolar.

Hər evin çırağı, yanar ocağı,
Həm arxa-dayaqdır, qayğıkeş ana.
Övlada həyatdır isti qucağı,
Gərək hər kəs onu bir mələk sana.

Şəhid oğul verər, üzdə ağlamaz,
Qürurla “Vətənə qurbandır” deyər.
Gizlədər göz yaşın, ürək dağlamaz,
Belə analara dünya baş əyər.

Hamının dərdini qəlbinə yığar,
Kimsəyə anlatmaz o kədərini.
Bir evə dirəkdir, namus, həm də ar,
Bilər hər əməlin o qədərini.

Qadın çox istəməz, sevgiyə möhtac,
Ona qəlbini ver, ömrünü verər.
Uçuq bir kahadan qurar taxtı-taç,
Ölən bir günədək tək səni sevər.

Qadın cənnət bağın qönçə çiçəyi,
İstər gül açdıqca bülbül oxusun.
Üzsən tez tökülər o tər ləçəyi,
Quruyub itirər bahar qoxusun.

Allahın qiymətsiz töhvəsidir o,
Gəlib ki, ayırsın ağı qaradan.
Bəşərin qurucu qüvvəsidir o,
Nemət göndəribdir, yerə Yaradan.

 

ELƏ BİLİM YUXUM ÇİNDİ, AY ANA!

Canım ağrıyanda ilacım səndin,
Şirinim, şəkərim ağzımda qənddin,
Udduğum havaya həmişə təndin,
Sənsiz boğuluram indi, ay ana!

Bütün insanlığın anadır şahı,
Anadan yetimin bitməyir ahı,
İstər uşaq olsun, istərsə ahı(l),
Anasız dərd, kədər mindi,ay ana!

O gözəl gülüşün Günə bərabər,
Yamyaşıl dağımdın, könül gülüm tər,
Anasız bu dünyam olub dərbədər,
Dilim ağı deyib, dindi ay ana!

Hərdən yuxuma gəl, mənə lay- lay çal,
Sənsiz günüm qara, özüm halbahal,
Sığal çək başıma, bir yadına sal,
Elə bilim yuxum çindi , ay ana!

Dilguşə Gülümcan – Pressaz.az